Müsəlmanlar
“Aşkarlanırsa sizi pis vəziyyətdə qoyacaq şeyləri istəməyin” ayəsini necə anlayaq?

“Aşkarlanırsa sizi pis vəziyyətdə qoyacaq şeyləri istəməyin” ayəsini necə anlayaq?

Sual: Maidə surəsi 101-102-ci ayələrində “Aşkarlanırsa sizi pis vəziyyətdə qoyacaq şeyləri istəməyin”- buyurulmuş və keçmiş ümmətlərə istinad edilmişdir. Mənbələrdə buna dair məlumatlar varmı?

Cavab: Verdiyiniz sualla əlaqədar ayələrin məalı belədir:

“Ey iman edənlər! Aşkarlanırsa sizi pis vəziyyətdə qoyacaq şeyləri istəməyin. Allah sizi onlardan məsul tutmaz. İstəyinizi Quran tamamlandığı sırada bildirin ki, (sizə lazım) olan aşkar olunsun. Sizdən əvvəlki camaat bunları istəmiş, sonra da bu səbəbdən kafir olmuşdu.” (Maidə, 5/101-102.)

Mənbələrdə bir xütbə əsnasında bəzi müsəlmanların Rəsulullaha öz ataları və onların axirətdəki vəziyyətləri ilə əlaqədar sual vermələri (Buxari, Təfsiru Surətil-Maidə, 12; Məvakitus-Salat, 11) bəziləri həccin hər il fərz olub-olmadığını soruşmaları (ibn Macə, Mənasık, 2) və ümumi mənada rəsulullaha lüzumsuz yerə sual vermələri səbəbiylə (Buxari, Fitən, 15.) yuxarıdakı ayələrin nazil olduğu iddia edilir.

Quranı Quranla izah etdiyimiz təqdirdə, keçmiş ümmətlərin yersiz sual, möcüzə və əcaib istəklərinə aşağıdakı ayələr nümunə verilmişdir:

“Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu tanrı qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.” (Nisə, 4/153.)

Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi? O zaman onlar öz Nəbilərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madəm ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdilər. Allah zalımları tanıyır.” (Bəqərə, 2/246.)

Həvarilər, İsa əleyhissəlamdan möcüzə olaraq göydən özlərinə süfrə endirməsini istədilər.[1] Allah, onların bu istəklərinə bərk qəzəblənərək belə demişdi:

“…Mən onu sizə endirəcəyəm. Amma (bundan) sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”. (Maidə, 5/115.)

Ayələrdən görüldüyü kimi, keçmişdə bəzi insanlar özlərinə göndərilən elçiləri çətinə salmaq, aşağılamaq, lağa qoymaq və digər istək və niyyətlərlə bir çox suallar və tələblər irəli sürmüşlər. İstəkləri yerinə yetdikdən sonra da çoxu inkarçılığına davam etmiş və bu hal onların həlak olmalarına səbəbiyyət vermişdir. Rəsulullah dövründə də bu cür istək və suallar verənlər olunca yuxarıdakı Maidə 101-102-ci ayələr nazil olmuş və keçmişdən istinad gətirilərək bundan uzaq qalmaları istənmişdir.

Yeni suallarınızı: muselmanlar.com elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] (Maidə, 5/112.)