Müsəlmanlar

Qəbir əhlindən bir şey istəmək olarmı?

Sual: Qəbir əhlindən bir şey istəmək olarmı?

Cavab: Xüsusilə təriqət mənsublarının dilində dolaşan, –“İşlərinizdə nə edəcəyinizi bilməyib çaş-baş qaldığınız vaxt qəbirlərdəki ölülərdən kömək istəyin!”- sözü, Əcluninin “Kəşful-xəfa” əsərində qeyd edilməkdədir.[1] Əcluni bu əsərində, xalq arasında yayılan sözlərin hədis deyə rivayət edildiyini və bu rəvayətin isə  hədis olmayıb, xalq sözü olduğunu ifadə edir. Eyni zamanda hədis alimləri də bu sözün uydurma və yalan olduğunu ittifaqla qəbul ediblər.

Təəssüf ki, müsəlmanların böyük bir qismi həm şirk məsələsində həm də kitablarını təhrif məsələsində əhli-kitabı çoxdan keçmişdir.[2] Bu sözümü təkcə sizə bu vaxta qədər təqdim etdiyim tarixi mənbələr deyil, praktiki hadisələr də təsdiqləyir. Məsələn, bu yaxında kilsədə vəz verən bir rahibin eynilə belə dediyini eşitdim: “Biz ölülərdən, türbələrdən istəyən müşriklərdən deyilik.”[3]

Müsəlmanların ən mötəbər saydıqları alimlərindən biri kitabında belə yazır: “Şübhəsiz ki biz, Allahın onlara qüdrət verdiyi imamların və peyğəmbərlərin müqəddəs ruhlarından mədəd istəyirik.” Sonra belə davam edir. “Batıl bir əməl olsa belə, daşdan və ya qayadan bir şeylər tələb etmək şirk deyildir.”[4]

“De: “Bir deyin görək, sizin Allahın yerinə başqa dua etdiyiniz şəxslər yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”. “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən şəxslərə yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki (bu şəxslər) onların yalvarışından xəbərsizdirlər. “İnsanlar bir yerə toplanılacaqları zaman (şəxslər) onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.”[5]

Ayədə “مَا تَدْعُونَ  = dua etdiyiniz”  ifadəsi yerinə, hardasa bütün müfəssirlər ərəb dili qaydalarına da məhəl qoymayaraq, ibadət etdiyinizdeyə tərcümə etmiş və eyni zamanda “مَنْ = kim” ədatını “مَا = şey” – deyə yorumlamışlar. Yəni, ayədə, “şəxslərə yalvaran kimsədən daha azmış kim ola bilər?” yerinə,“şeylərə (bütlərə) ibadət edən kimsədən daha azmış kim ola bilər?” – deyə tərcümə etmişlər. Nəticədə, Quranın tənqid etdiyi şəxsiyyətpərəstişliyin qapısını yenidən açanlardan olmuşlar.

Qısacası, bir müsəlman elmini ölmüş qəbir əhlindən deyil, daim diri olan Allahdan almalıdır.

Suala cavab verdi: Aydın Mülayim.[6]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə baxa bilərlər:

http://www.muselmanlar.com/fitvalar/1768.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] İsmail ibn Muhəmməd Əl-Əcluni, Kəşful-Xəfa, Beyrut 1988/1408, 1-ci cild, s. 8.

[2] Quranın kəlimələrinin dəyişdirilməsi mümkün olmasa da  bir çox din xadimləri onu öz məqsədlərinə uyğun yorumlayaraq təhrif etmişlər.

[3] Ancaq onların da İsanı ölümsüzləşdirməklə və ilahlaşdırmaqla şirkə yol açdıqları hamımıza məlumdur.

[4] Xomeyni, “Kəşful-Əsrar”, s. 49.

[5] Əhqaf , 46/4-6.

[6] Müsəlmanlar.com saytının redaktoru.