Müsəlmanlar

Biz Allahı sevməliyik, yoxsa Ondan qorxmalıyıq?

Sual: Mən Allahı sevirəmsə, niyə Ondan qorxmalıyam. Biz Allahı sevməliyik, yoxsa Ondan qorxmalıyıq?

Cavab: Hər insan, Allahın verdiyi fitrəti gərəyi; qorxmaq, ağlamaq, sevinmək, gülmək kimi xüsusiyyətlərə sahibdir. İnsanlarda bu reflekslər fərqli formalarda təzahür edir. Sağlam düşüncəyə və fitrətə sahib olan insanlar bu xüsusiyyətləri ölçülü və yerli-yerində biruzə verir. Verdiyiniz suala əsasən qorxu refleksini ələ alsaq; qorxu, hər normal insanın fitrətində (təbiətində) vardır. Bundan əlavə, sonradan qazanılan və insan üzərində fərqli təzahürləri olan iki tür qorxunu izah etmək və bunlar arasındakı böyük fərqi bildirmək istəyirik. Bu fərqi izah etmək üçün qorxunun bir insanda səbəbi və kimə qarşı olduğu mühüm əhəmiyyət kəsb edir. Qorxunun bir türü, sevgi və hörmətdən, digər türü nifrət və düşmənçilikdən irəli gəlir. Məsələn, bir insanın atasından qorxması ilə canavardan qorxması eyni olmadığı kimi, bir insanın ədaləti yerinə yetirməməkdən qorxması ilə oğurluqda tutulmaqdan qorxması eyni deyildir.

Allah Təala, Qurani-Kərimin yüzlərlə ayəsində insanlara “Məndən qorxun”- deyə müraciət etməkdə və bu qorxunun sevgi və hörmətə əsaslanmasını istəməkdədir. Bu səbəblə Əla surəsinin 10-cu ayəsində belə buyurulmaqdadır:

سَيَذَّكَّرُ مَن يَخْشَى

“Allahdan layiqincə qorxan, öyüd-nəsihət götürür.” (Əla 87/10)

Bir müsəlmanın ən böyük qorxusu, Allahın ona olan sevgisini itirməkdir. Bu sevgini itirməmək və nədən qorxub, nədən qorxmamağımızı öyrənmək üçün Quranı başa düşərək oxumalıyıq. O zaman əslində nədən qorxmalı olduğumuzu biləcəyik.

Bir insanın əsl qorxacağı şəxs elə özüdür. İnsan əsas özündən qorxmalıdır. Çünki hər kəs öz etdiyi əməlləri ucbatından müsibətə uğrayır və cəza görəcəkdir. Əgər düşündüklərimizi və etdiyimizi düzgün, yəni Allahın rizasına uyğun olub-olmadığını mühakimə etmiriksə, onda ancaq öz elədiklərimizdən qorxmalıyıq. Bunu biz ilk insanlardan Adəm və Həvvadan belə görürük və onların da ilk günahları elə öz elədiklərinin ucbatından olduğunu bilirik:

قَالَا رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

“Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.” (Əraf 7/23)

Yer üzündəki bütün insanlar da ancaq öz elədiklərinin qarşılığını axirətdə görəcəklər. Bunu da Allah ən gözəl ifadə ilə yenə Quranda bizə bildirməkdədir:

كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ

“Hər bir kəs qazandığının girovuna çevrilir.” (Müddəssir 74/38)

Nəticədə, biz bir insan olaraq, Allahın dediklərini qəbul edərsək, yəni, fitrətimizə (təbiətimizə) uyğun, faydalı olan şeyləri mənimsəyib, zərərli olanlardan uzaqlaşarsaq, həyatımıza qorxu deyil, sevgi və əminamanlıq hakim olmuş olar. O zaman bir insandan ölüm qorxusu belə qalxır və bu hal sevdiyinə (Rəbbinə) qovuşma nəşəsinə dönüşür.

Suala cavab verdi: Aydın Mülayim[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/3907.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] http://www.muselmanlar.com/ saytının redaktoru, tədqiqatçı.