Müselmanlar
Əhli beyti sevmək imanın şərtidirmi?

Əhli beyti sevmək imanın şərtidirmi?

Sual: Quranda əhli-beyt haqqında nə deyilir? Bilmək istəyirəm ki, əhli-beyti sevmək imanın şərtidirmi?

Cavab: “Əhli beyt”, ərəb dilində olan bu kəlimə “ailə”, “ev xalqı, sakinləri” mənasına gəlir. Dini termində isə bu kəlimədən qəsd edilən “Peyğəmbərimizin ailəsi və ya ev xalqı”dır.

Biz əvvəlcə əhli-beytin kimlər olduğunu düzgün öyrənməliyik. Bunun üçün birtərəfli mənbələrə deyil, Qurana üz tutmalıyıq. Quranda əhli beytlə əlaqədar ayələr bunlardır.

“Onlar (mələklər) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir.” (Hud 11/73)

“Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab 33/33)

“Bundan qabaq Biz ona (öz anasından başqa bütün) süd analarını (onların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı) dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?” (Qəsas 28/12.)

Əhli-beytlə əlaqədar bu üç ayənin birincisindən İbrahim əleyhissəlam və zövcəsi, ikincisindən Muhəmməd əleyhissəlamın ailəsi (xüsusilə zövcələri), üçüncüsündən isə Musa əleyhissəlamın ailəsi (xüsusilə anası) qəsd edilməkdədir.

Bu ayələrdən açıq-aşkar görüldüyü kimi əhli-beyt təkcə peyğəmbərimizdən sonra Hüseyn əleyhissəlamın nəslindən gələnlər deyil, buna peyğəmbərimizin zövcələri və digər nəvələri də daxildir.

Biz nə sünni nə də şiə ayrıcalığına getmədən bir müsəlman olaraq əhli-beyti sevməliyik. Çünki bu Allahın bir tövsiyəsidir. Bu ayədə olduğu kimi:

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır.” (Əhzab 33/6)

Hamımızın da bildiyi kimi, (hakimiyyəti ələ keçirən qüvvələrin) əhli-beyti sevmək yerinə, tarix boyu onlara (xüsusilə Əli əleyhissəlamın nəslinə qarşı) böyük haqsızlaqlar edilmişdir. Hər iki tərəf elədiklərinin mükafatını və ya cəzasını Allahdan görəcəkdir. Biz də bu olanlardan ibrət və dərs almalıyıq. Ancaq biz, bunlara qarşı olan sevgini ya da nefrəti həm siyasi həm də əqidəvi istismardan uzaq tutmalı, yəni nə siyasətin nə də imanın bir şərti yerinə qoymamalıyıq. Belə bir şey (bəzilərinin iddia etdiyi kimi) nə Quranda vardır, nə də sünnədə.

İslam beynəlxalq din olduğu üçün Onun məsələləri də beynəlxalqdır. Bu səbəblə bu dini təkcə əhli-beytə və onun davasına endirməyə çalışmaq həm İslamı olduğu kimi qavramamaq həm də müsəlmanlar arasında fitnə, kin yaratmağa qapı açmaqdır.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər məlumat almaq istəyənlər aşağıdakı video dərsimizə müraciət etsinlər:

https://www.youtube.com/watch?v=r5I4bC9vrZ0

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin