Müsəlmanlar
Bəşər və insan sözlərinin məna fərqi var?

Bəşər və insan sözlərinin məna fərqi var?

Sual: Bəşər və insan sözlərinin nə kimi bir məna fərqi var? Quranda bəzi ayələrdə bəşər, bəzi ayələrdə də insan sözü işlədilir. Quranda bir çox ayədə peyğəmbərimizə buyurulur ki, belə desin: “Mən də sizin kimi bir bəşərəm.” Bu sözlər bizim dilimizdə də istifadə olunur: Bəşər(iyyət) və insan(iyyət) kimi. Görəsən, bəşər halı insan halından daha aşağı səviyyədədir? Bu məsələyə bir aydınlıq gətirməyinizi xahiş edirəm.

Cavab: Bəşər də deyilir, insan da. Bunlar müxtəlif formalardakı isimlərdir.

Adəm əleyhissəlam Allah tərəfindən yaradılan ilk bəşərdir. Bəziləri deyirlər ki, Adəmdən qabaq da bəşər var idi. Onlar bunu sübut etməlidirlər. Təəssüf ki, bəzi insanlar əvvəlcə öz zehnlərində bir ssenari yaradırlar, sonra da Quran ayələrini həmin ssenariyə uyğunlaşdırmağa çalışırlar. Bu, qəbuledilməz bir tutumdur.

Gəlin, bu məsələ ilə əlaqədar Quran ayələrindən bir qisminə (Hicr, 15/26, 28) nəzər salaq:

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ

“Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.”

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ

“Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!”

Diqqət yetirin, 26-cı ayənin orijinalında insan sözü işlədilib. 28-ci ayədə isə bəşər sözündən istifadə olunur.

Bu misaldan da məlum olduğu kimi, Quranda insan haqqında bəzən bəşər, bəzən də insan sözü işlədilmişdir. Burada yaradılan varlıq, yəni, insan baxımından bir fərq yoxdur. Sözlərin ifadə etdiyi məna eyni varlığa – insana aiddir.

Suala cavab verdilər: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.)) və Yahya Şenol ((İslam hüququ üzrə doktor, tədqiqatçı-alim.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.