Müsəlmanlar

Uşaqlara Yağmur, Torpaq və İrmaq kimi adlar qoymaq olar?

Sual: Uşaqlara Yağmur, Torpaq və İrmaq kimi adlar qoymağın eybi var?

Cavab: Məşhur İslam tarixçisi Muhəmməd Həmidullah “İslam peyğəmbəri” adlı kitabında əshabələrin adları haqqında belə bir məlumatı qeyd etmişdir:

“Ərəblərin İslam dinini qəbul etdikdən sonrakı adları İslamdan əvvəlki adları ilə eyni idi. Müstəsna bir hal olmaqla, bütpərəstliklə əlaqədar adlar qəti surətdə tərk olunmuşdur və onlar insanı narahat edən – ədəbsizlik və əxlaqsızlıq bildirən adlardan da uzaq durublar.

O dövrdə geniş yayılan adların arasında daş, bitki, heyvan, rəng, meyvə və ya hər hansı bir keyfiyyətlə əlaqədar adlara da təsadüf edilirdi: Həcər (daş) bunların arasında ən geniş yayılanı idi. İbn Düreyd adlı şəxs Ərəb dilində işlədilən kəlmələrin mənşəyini şərh etmək üçün “Kitabu-l-İştiqaq” adlı müstəqil bir əsər (kitab) yazıb. Rəsulullahın (s. a. v.) əshabələrinin arasında Əlqəmə, Övsəcə, Talha, Səmurə, SümaməHarmələ kimi müxtəlif bitki adları daşıyanlarla yanaşı, Əsəd, Leys, Bəkr, Sələbə, SibaƏrqam kimi əksəriyyətlə yırtıcı-vəhşi heyvan adlarını işlədənlər də var idi.

Yada salaq ki, bir keyfiyyət bildirən adların başında isə Muhəmməd “mədh olunan, yüksəldilən və müjdələnən”, Ömər “insanları bir yerə yığıb o yeri canlandıran”, Əli “yüksək-ali”, Aişə “yaşayan, həyatla dolu”, Fatimə “süd əmizdirməyi kəsən”, Ruqiyyə “kiçik olduğu halda yuxarı çıxmağa, yüksəlməyə çalışan” mənasını bildirirdi.” ((MƏNBƏ: Muhəmməd Həmidullah, “İslam peyğəmbəri”, 1830-181-ci paraqraflar.))

Bu məlumatlardan belə çıxır ki, uşaqlara Yağmur, Torpaq, İrmaq və oxşar adları qoymaqda dini cəhətdən bir eyib yodur. Lakin nəzərə almaq lazımdır ki, bu adlar ölkəmizdə yayılmış adlardan deyil. Odur ki, uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız.

Yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, yəni, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.