Müsəlmanlar

Uğurlu-uğursuz canlılar və əşyalar ola bilərmi?

Sual: Mənim 22 yaşım var. Universitetin şərqşünaslıq fakültəsinə daxil olmaq istəyirəm. Bir neçə ildir ki, qəbul imtahanına girirəm. Ancaq lazımi balı yığmadığım üçün buna müvəffəq ola bilmirəm. Anam deyir ki, imtahana gedəndə sənə bir neçə il bundan əvvəl aldığımız ağ koftanı geyin. Guya o kofta mənə uğur gətirə bilər. Sizcə bu söz nə dərəcədə düzdür? İslama əsasən hansısa bir geyim elementi uğurlu, ya da uğursuz sayıla bilər?

Cavab: İslam dininə əsasən bundan heç söhbət də gedə bilməz. Çünki hansısa bir əşya və ya geyim uğurlu-uğursuz ola bilməz. Ona görə də filan şey haqqında: “Bu, mənə düşür/Bu, mənə heç düşmür; keçən dəfə də bunu geyinməyimə baxmayaraq uğursuzluğa düçar oldum”, – deyib nikbin və ya bədbin proqnoz və təhlillər bildirməyin heç bir mənası yoxdur.

Bir imtahana o imtahanın tələblərinə əsasən hazırlaşmaq lazımdır. Müvəffəqiyyət qazanmaq üçün düzgün formada və çox çalışmaq, dərin məlumatlara yiyələnmək və əzmli olmaq lazımdır. Əzmlə çalışdıqdan sonra Allaha təvəkkül etmək lazımdır. Yeri gəlmişkən, təvəkkül barədə məlumatla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2045.html

Bir sözlə, heç bir şeydə uğursuzluq yoxdur. Bu cür inanclar tamamilə camaatın güman və lazımsız yerə xoflanmağından ibarətdir. Bayquşun ulamağı, itin hürməsi, qara pişiyin kiminsə qabağından keçməyi, nərdivanın altından və sabunlu suyun üstündən adlamaq (keçmək), Çərşənbə axşamı (həftənin 2-ci) günü işə başlamaq, yaxud yola çıxmaq, gecə vaxtı güzgüyə baxmaq və ya dırnaq tutmaq (kəsmək) və bunlara oxşayan bir çox şeydə uğursuzluq olduğuna inanmaq batil bir inancdır; başqa sözlə, bu, əsassız və səhvdir. “Kəbinləri kəsilən ər-arvadın axşam vaxtı bayıra çıxması uğursuzluğa səbəb olur” sözü də bunlardan biridir.

Peyğəmbərimiz Muhəmməd (s. a. v.) uğursuzluq haqqında belə buyurub:

“Uğursuzluq yoxdur; ən gözəl şey (bir hadisəni) yaxşı yerə yozmaqdır”. ((Buxari, Tibb, 44.))

http://www.muselmanlar.com/fitvalar/xurafat-movhumat

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.