Müsəlmanlar

Qəsdən oruc tutmamaq Allaha üsyan hesab olunur?

Sual: Quranda yazılıb ki, zina və faiz kimi böyük günahlar üçün Cəhənnəm əzabı qaçılmaz olacaq. Bunu başa düşürəm. Lakin bilə-bilə oruc tutmayanlar barədə heç bir ayədə belə sözlər yazılmayıb. Elə isə siz oruc tutmamağın Allaha üsyan olduğunu haradan çıxarırsınız? Əlbəttə ki, oruc tutmalıyıq. Ancaq siz elə danışırsınız ki, sanki oruc tutmayan insan böyük bir günah edir. Allaha üsyan etmək böyük bir günahdır. Bu məsələni anlamaq üçün mənə köməklik göstərməyinizi xahiş edirəm.

Cavab: Siz təkcə böyük günahlardan bəhs edən ayələrə baxmısınız. Allahın yerinə yetirilməsini qəti surətdə əmr etdiyi fərzləri (vacib əməlləri) tərk etmək/onlara əməl etməmək kiçik günah ola bilərmi? Belə bir hökm ola bilər? Allahın qəti olaraq əmr etdiyi bir şeyi yerinə yetirməmək məgər Allaha üsyan deyil? Əgər üsyan deyilsə, nədir? Üsyanın mənası sözə qulaq asmamaq, əmri yerinə yetirməmək deməkdir. Elə isə Allahın: “Bunu etməyin!”, – dediklərini edənlər böyük günah törətdikləri kimi, “Bunlara əməl edin!”, – dediklərini yerinə yetirməyənlər də böyük günaha batırlar.

Əgər siz namaz, oruc, zəkat, Həcc və oxşar ibadətlərlə əlaqədar hökmləri əhatəli bir baxışla oxusanız, fərzləri üzrsüz səbəbdən tərk edənlərin əslində Allaha üsyan etdiklərini asanlıqla başa düşə bilərsiniz.

Əlavə olaraq, Quranda orucla əlaqədar hökmlərin təfsilatla izah edildiyi ayələrin axırıncısında Allah: “Bunlar Allahın qoyduğu sərhədlərdir (hududullah). Onlara yaxınlaşmayın” (Bəqərə, 2/187), – demişdir. Heç bir üzrlü səbəbi olmadığı halda oruc tutmayanlar həmin sərhədlərə nəinki yaxınlaşır, eyni zamanda onları pozurlar da.

Allah Öz sərhədlərinə/qadağalarına riayət edən və etməyənlərlə əlaqədar olaraq belə buyurur:

“Bunlar Allahın sərhədləridir (hududullah). Kim Allah və peyğəmbərinə itaət etsə, onu içindən çaylar axan cənnətlərə daxil edəcəkdir. Orada əbədi qalacaqlar. Böyük xilas budur!

Kim də Allah və peyğəmbərinə üsyan edib sərhədləri pozarsa, onu əbədi qalacağı Cəhənnəmə daxil edər. Ona alçaldıcı əzab var.” (Nisa, 4/13-14)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.