Dinimizdə toy və yas mərasimlərinə münasibət
Müsəlmanlar > Cənazə-meyyit > Düşüncə sahəsi > Fitvalar > Toy Tarix: 26 Mayıs 2013 Tövsiyə et Çap et

Dinimizdə toy və yas mərasimləri

Son günlər gündəmimizdə toy və yas mərasimlərindəki ifrat dərəcədə olan israfdan hər kəs danışır. Əslində hər kəs bu israfı görür, qınayır, etiraz edir, lakin bununla yanaşı, heç nəyi dəyişmirlər. İstər toya gedən olsun, istər yas mərasiminə gedən, hər kəs getdiyi yerdən mütləq narazı gəlir:

“Musiqinin səsi başıma düşdü”, “Toyda o qədər adam vardı ki, aləm bir-birinə dəymişdi”, “Flankəsin toyu daha yaxşı idi, bu toyda yeməyə, – baxmayaraq ki, bütün şadlıq evlərinin menyusunda 30 dan çox yemək çeşidi var, – heç nə tapmadım”, “Bu yas deyildi, flankəs sanki anasına nişan keçirirdi. Gördün stolun üstündəki şəkərbura-paxlavanı?!”, “Lap ağını çıxarıblar, yas məclisində də banan, kivi, ananas olar?”, “Bunlar heç sağlığında onun qədrini bilməmişdi, öldükdən sonra da ancaq belə yas verərlər” kimi sözləri hər gün eşidirik. Hər kəs narazıdır. Hər kəs sadəcə özünü haqlı sayır. Bəs əslində necə olmalıdır? Bizim toy və yas mərasimlərimiz hansı qaydalarla keçirilməlidir? Bu suallar yəqin ki, çox az insanı maraqlandırır. Maraqlanan çox olsaydı, hər halda bu israfa da artıq son qoyulardı…

Dinin nədir? sualına “İslam” deyənlərin böyük əksəriyyəti təəssüf ki, dinini Allahdan və onun Rəsulundan öyrənmir. Öyrənsəydi, şad gününü də, hüzünlü gününü də Allahın buyurduğu, Rəsulun yaşadığı kimi yaşayar və israfdan qaçardı.

Rəsulullah bizə örnək deyilmi? Sevimli qızı Fatimənin cehizi və toyu haqqında nələri bilirik? Yas məclisini Rəsulullah və səhabələri necə keçirib? Bunları bilirikmi? Bilmiriksə, demək ki, biz onları tanımırıq. Biliriksə, nə üçün onların varisi olan bizlər bu qədər israfa göz yumuruq?

Həzrəti Əlinin verdiyi 400 dirhəm mehrin bir qismi ilə Həzrəti Fatimə üçün 18 əşya cehiz almışdı aləmlərə Rəhmət olan Rəsulullah. İslam Dövlətinin yaradıcısı qızına sadəcə bu qədər cehiz vermiş və toya gələn qonaqlarına qatıq çörək və xurma paylamışdır…

Rəsulullah Həzrəti Əlinin mehir üçün verdiyi 400 dirhəmdən cəmi 63 dirhəmini Əbu Bəkrə verərək onu bazara yollamış və Fatiməsi üçün cehiz aldırmışdı. Cehizləri daşımaq üçün Həzrəti Salman və Həzrəti Bilal da Həzrəti Əbu Bəkrlə bazara getmişdilər. Nələr alınmışdı?
3 ədəd döşək, 1 ədədə səccadə, 1 ədəd xurma lifi ilə doldurulmuş yastıq, 2 ədəd əl dəyirmanı, 1 ədəd su tuluğu, 1 ədəd su teşti, 1 ədəd su bardağı, 1 ədəd ələk, 1 ədəd dəsmal, 1 ədəd klim, 1 ədəd sədr (divan), 2 ədəd paltar, 1 ədəd yorğan, 1 ədəd qoç dərisi.

Həzrəti Əbu Bəkr bunları gətirincə aləmlərə Rəhmət olaraq göndərilən Rəsul yaşlı gözlərlərə belə dua etmişdir:

“Ya Rəbbim! Sənin sevmədiyin israfdan çəkinənlərə bu əşyaları xeyirli et!”

Biz hər qızın cehizi belə olmalı, hər toy Həzrəti Fatimənin toyuna bənzəməlidir demirik. Demək istədiyimiz odur ki, ehtiyacı olandan artığını cehiz vermək, borc-xərc toy etmək, israfa qapı açmaq, sabah hesab verəcəyimiz bir günü unutmaqdır. Cehiz sadəcə evlənənlərə ilk günlərdə yardım etmək, yüklərini yüngülləşdirmək, ehtiyaclarını ödəmək üçün verilir. Şan-şöhrət üçün verilən cehizlər evli cütlərə səadət gətirmir, əksinə, bəzən onların ailələrinə yük olduğu üçün evlənənlərin də başına qaxınc olur:

“Sənin üçün borca girdim”, “Camaat nə deyər deyə, borc-xərc toy elədim, cehiz verdim”, “Siz bizim qədrimizi bilmirsiniz”… Hələ evli cütlərdən birinin toyu zəif, cehizi digərinə nisbətən az olarsa, bu artıq ilk gündən narazılıqlara qapı aralayır:

“Biz bu qədər qır-qızıl gətirdik, gəlinin anasının verdiyi cehizə bax”, “Mən qızıma o qədər cehiz vermişəm, oğlan evi düz əməlli qır-qızıl, əyin-baş da almayıb”… Və bu narazılıqlar da gənc ailəni sarsıdır. Hələ evliliyə alışmamış, pis gün, yaxşı gün görməmiş, yaşamamış narazılıqlar artıq baş alıb gedir. Bütün bunlar ona görə olur ki, biz ən əziz günümüzdə “şeytanı özümüzə dost tuturuq”.

“Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.” (İsra, 27)

“Şübhəsiz ki, Allah israf edənləri sevmir” (Ənam, 141; Əraf, 31)

Toylarda israf edirik və “ən əziz günümdə ürəyim istədiyi kimi şənlənməyəcəm, nə zaman şənlənəcəm?” deyirik. Bununla özümüzə haqq qazandırırq. Bunu şənlik sanırıq. Bir gün “ürəyimiz istədiyi kimi, sındıra-sındıra oynamaq üçün bütün bir gələcəyimizi “sındırırıq”. Toyda israf etmək üçün bəhanə tapdıq, bəs yas məclislərində necə? Orda da ürəyimiz istədiyi kimi əylənirik? Bol süfrədə, hər çeşid nemətin olduğu məclisdə bizi “əyləndirən”, “ürəyimizcə olan” nədir? İslami qanunlara görə yas mərasimi necə olmalıdır?

Dinimizin qanunlarına görə yas məclisində təziyə məqsədilə, yəni, başsağlığı vermək üçün gedənlərin (qonşu, tanış-biliş, qohum-əqrəba) orada çörək yeməyi deyil, özləri ilə yemək aparmaqları məsləhət görülür. Əzizini itirən birinin başsağlığı üçün gələnlərə yemək bişirməyə nə halı olur, nə də ki, imkanı. Onun hüznünü paylaşan qonum-qonşu, qohum-əqraba isə gələrkən ev sahiblərinin yeməsi üçün bir şey gətirirlər. Beləliklə də, onun ən çətin günündə yanında olur, onun üzülməməsi üçün təsəlli verirlər. Bu, Rəsulullahın tövsiyə etdiyi davranışdır.

Muhəmməd Peyğəmbərdən (s.a.v.) Abdulla ibn Cəfər vasitəsilə belə bir hədis nəql olunur:

“Cəfərin ailə üzvlərinə xörək hazırlayın. Çünki başlarına onları məşğul edən bir iş gəlib”.1

Bu hədisə əsasən ölü sahibinin başsağılığı vermək üçün gələn qonaqlara xörək hazırlamağı məkruh hesab olunur. Hətta bu barədə diqqəti cəlb edən bir rəvayət də var. Cərir ibn Abdulla Əl-Bəcəli (r. a.) demişdir:

“Biz ölünün ailəsinin xörək hazırlamağını onun üstündə fəryad edib, ağlamağa bərabər (bir günah) hesab edirdik”.2

Nəzərə alsaq ki, bir çox hallarda uzaq yerlərdən başsağlığı məqsədi ilə gələnlər də olur. Onlar ev sahibinə əziyyət verməli deyil, onun yükünü və kədərini paylaşmalıdırlar. Ev sahibi onlar üçün deyil, onlar ev sahibi üçün evdə yemək hazırlayarlarsa, bu daha doğru olar. Onsuz da ev sahibinin kədəri böyükdür. Əzizini son mənzilə yola salmanın iztirabını yaşadığı halda qonaqların rahatlığını və yeməyini düşünmək onun üçün ikinci ağır bir yükdür. Bir müsəlman ölümün itki deyil, Rəbbinə qovuşmaq olduğu həqiqətini təbii ki, anlayır. Onun üzülməsi yaxınının ölümü deyil, əzizinin əməllərinin bitiş nöqtəsidir. O adam üçün artıq geriyə yol yoxdur və hər şey artıq bitmişdir. Və haqq hesab günü Rəbbinin hüzuruna çıxıb hesab verməkdən başqa bir işi qalmayıb… Bizlər əzizlərimiz üçün sadəcə rəhmət göz yaşları tökürük. Onların ölümünə üsyan etmir, onlar üçün Rəbbinin məğfirətini diləyirik. Çünki Rəsulumuz da oğlu İbrahim üçün ağlamış, qəbristanlığa gedərkən qəbir əhlinə dualar etmişdir.

Yas məclisinin necə keçirilməsindən çox qısa məlumat verdikdən sonra bir əsas məsələni də danışmağı vacib hesab edirik. Məclislərdə oxunan “Quran” və meyyitin basdırıldığı zaman mollanın “təlqin” deyərək hər kəs getdikdən sonra qəbrin başında dayanaraq ölənə təlqin etməsidir. İslamla heç bir əlaqəsi olmayan bi işi “ibadət” adı ilə icra edilməsindən də danışmaqda fayda olduğunu hesab edirik.

Quran ölü üçün göndərilmiş bir kitab deyil. Fatir surəsinin 22 -ci ayəsində “Sən ölülərə eşitdirə bilməzsən” deyilir. Quran belə deyir, biz isə əksini edirik. Qurani Kərim bizə, “ölüncəyədək” deyir, biz Onu həyatımıza öləndən sonra daxil edirik.

“Aşımıza qarışmasın, evliliyimizə qarışmasın, işimizə qarışmasın, bir tək leşimizə qarışsın!” deyib Quranı həyatımızdan uzaqlaşdırırıq.

Quran dirilərin eşitməsi, eşidib anlaması, anlayıb həyatlarına tətbiq etmələri üçündür. Biz isə onu ya eşitmirik, ya anlamırıq, ya da eşidib anlasaq da, yaşamaq istəmirik. Çünki yaşasaq, o, bizim həyatımıza “müdaxilə” edəcək. Yeməyimizə, geyinməyimizə, baxışımıza, səs tonumuza, evliliyimzə, işimizə qarışacaq. Qarışdığı anda isə onların hamısını Allahın təyin etdiyi bir nizama salacaq. Bu isə biz insanların nizamına, nizamnaməsinə zidd olacaq. Allahı razı edim deyincə, yoldaşımızı, dostumuzu “narazı” edəcəyik…

Təlqin də eləcə. İnsan Rəbbinin Allah olduğunu, kitabının Quran olduğunu, dininin İslam olduğunu, Peyğəmbərinin Muhəmməd olduğunu öldükdən sonra “öyrənirsə”, bu, ona nə qədər faydalı olacaq ki? Əhliyyəti olmayıb maşını ilə divara çarpılıb ölən birinin üstündə bir polis əməkdaşının “Yol təhlükəsizliyi qaydaları”nı oxuduğunu düşünək:

“Qırmızı işıqda dayanacaqsan, yaşıl işıqda hərəkət edəcəksən, dönərkən sağ və ya sol işqları yandıracaqsan. Sürəti artırmayacaqsan, diqqətli davranacaqsan…” Bunun qəza edən və qəzada ölən birinə nə qədər faydası var?!

Təlqin də Quran oxumaq kimi can bədəndən çıxıncayadək olan bir əməldir.

Əbu Səid Əl-Xudridən (r. a.) nəql olunduğuna görə Muhəmməd Peyğəmbər (s.a.v.) belə demişdir:

“Can üstündə (ölüm ayağında) olanlara: “La ilahə illəllah”, – deməyi təlqin edin”.3

P.S. Bütün bunlar bildiyimiz və unutduğumuz əməllərdirmi, ya bilməyi heç istəmədiyimiz əməllər?

Hazırladı: Rüzgar Kəskin

Mənbə: azerislam.com (25/05/2013)

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxmaq olar:

http://www.muselmanlar.com/fitvalar/2114.html

http://www.muselmanlar.com/fitvalar/3215.html

http://www.muselmanlar.com/fitvalar/4539.html

http://www.muselmanlar.com/fitvalar/4826.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əbu Davud, Cənaiz, 25-26; Tirmizi, Cənaiz, 21; İbn Macə, Cənaiz, 59; Əhməd ibn Hənbəl, 6/380. []
  2. İbn Macə, Cənaiz, 60. []
  3. Müslim, Cənaiz, 1, 2. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.011 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 3.011 dəfə oxundu
2 Bir qadın yad kişilərin qabağında oynasa, kəbini batil olur? 04.03.10 4.173 dəfə oxundu
3 İslamda toy etmək və toyda çalğı çalmağa necə baxılır? 06.07.09 8.376 dəfə oxundu
4 İslama uyğun toyu necə keçirmək lazımdır? 11.03.10 4.025 dəfə oxundu
5 Toyda verilən mehir və dəyərli əşyalar gəlinin əlindən alına bilərmi? 16.09.15 1.020 dəfə oxundu
6 Çalğılı, oyunlu, qadın-kişi toya getmək düzdür? 27.09.12 3.944 dəfə oxundu
7 Günahkar müsəlmanların toyunda iştirak etmək düzdür? 14.04.13 1.649 dəfə oxundu
8 Qəndil gecələrində toy və nişan mərasimi keçirmək olar? 28.04.13 1.539 dəfə oxundu