İnsan peyğəmbər
Müsəlmanlar > Fitvalar > Peyğəmbərlər > Tədqiqatlar Tarix: 06 iyul 2009 Tövsiyə et Çap et

FƏSÜBHƏNALLAH! MƏN MƏGƏR BƏŞƏR PEYĞƏMBƏR DEYİLƏMMİ?1

İnanmayanlar Allahın öz dinini təbliğ etmək üçün göndərdiyi peyğəmbərlərin bir bəşər, başqa sözlə, insan olduğunu heç cür qəbul etmək istəməyiblər. Bu, Nuh peyğəmbərin (ə. s.) vaxtında başlayıb axırıncı peyğəmbər olan Mühəmmədə (ə. s.) qədər belə davam edib. Nuh peyğəmbər (ə. s.) öz qövmünə elçi olaraq göndərildiyi vaxt ona qövmü tərəfindən belə etiraz edilmişdi:
(Nuhun) qövmündən tanınmış kafirlər dedilər: “Biz səni ancaq bizim kimi bir bəşər (insan) olaraq görürük (Hud, 11/27)”.
Bu cür etirazlar təkcə Nuh peyğəmbərin (ə. s.) qövmü ilə məhdud deyildi; Hud peyğəmbərin (ə. s.) qövmü olan Ad, eləcə də Saleh peyğəmbərin (ə. s.) qövmü Səmud və onlardan sonra gələn peyğəmbərlərə də öz qövmləri həmişə etiraz edir və belə deyirdilər: “Sizin bizdən fərqiniz nədir? Siz də bizim kimi bir insansınız”.

Allah belə buyurur:

Sizdən əvvəlkilərin, Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonra gələnlərin xəbərləri sizə çatmadımı? Onları Allahdan başqası bilməz. Peyğəmbərləri onlara möcüzələr gətirdi. Onlar əllərini peyğəmbərlərinin ağızlarına tutub dedilər: “Biz sizə göndəriləni inkar etdik və bizi çağırdığınız şeyə qarşı dərin bir şübhə içərisindəyik”.

Peyğəmbərləri onlara: “Göyləri və yeri yaradan Allah haqqında şübhə var? Halbuki O, sizin günahlarınızın bir hissəsini bağışlamaq və sizi müəyyən bir vaxta qədər yaşatmaq üçün (haqq dinə) çağırır”, – dedi. Onlar: “Siz də bizim kimi bir insandan başqa bir şey deyilsiniz. Siz bizi əcdadımızın sitayiş etdiyi şeylərdən döndərmək istəyirsiniz. Elə isə bizə aşıq-aşkar bir dəlil-sübut gətirin”, – dedilər (İbrahim, 14/9-10).

Məkkəlilər də eyni sözləri peyğəmbərimiz (ə. s.) haqqında demişdilər:

“Bu elçinin xüsusiyyəti nədir ki? O da yemək yeyir, o da küçələrdə gəzir! Ona bir mələk endirilsə və birlikdə xəbərdarlıq etsələr, olmazmı (Furqan, 25/7)?”.

Rəblərindən onlara nə vaxt təzə bir xəbərdarlıq gəlsə, onlar bunu elə hey lağa qoyub qəlbləri oyun və əyləncəyə dalaraq dinləmişdilər. O zalımlar belə pıçıldaşdılar: “ Bu (Mühəmməd) sizin kimi bir insan olmaqdan başqa nədir ki? İndi siz gözünüz görə-görə sehrə uyursunuz (Ənbiya, 21/2-3)?”.

Allahın peyğəmbərləri haqqında deyilən bu etiraz cümlələri inanmayanların ən böyük maneəsi olub:

İnsanlara doğru yolu göstərən bir elçi gəldiyi vaxt inanmaqlarına mane olan yeganə şey onların bu sözləri olmuşdur: “Allah elçi olaraq bir bəşərimi göndərir (İsra, 17/94)?”.

Bu etirazları inanmayanların nəzər nöqtəsindən baxıldıqda az da olsa başa düşmək mümkündür. Belə ki, onlar inanmadıqlarına görə axtardıqları ən böyük bəhanəni bu cümlələrdə tapırdılar. Bu cür bir düşüncəyə əsasən Allah insanlara onların öz aralarından bir peyğəmbər göndərməz; göndərsə də, bunu mütləq tanınmışlar2 dəstəsindən seçərdi.3 Əgər bu da olmasaydı, onların fikrincə yerdə başqa bir variant qalırdı: Mələk peyğəmbər! Nuhun (ə. s.) qövmünün tanınmış kafirləri belə demişdilər:

“Bu, sadəcə olaraq sizin kimi bir bəşərdir. O, sizə üstünlük etmək və hakim olmaq istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi, şübhəsiz ki, mələklər göndərərdi. Biz keçmişdəki atalarımızdan belə bir şey eşitməmişik (Muminun, 23/24)”.

Lakin peyğəmbərlərin mələklərdən olmağını istəyənlərin yaddan çıxartdıqları başqa bir həqiqət də var idi:

De: “Yer üzündə gəzib dolaşanlar mələk olsaydı və oraya yerləşsəydilər, biz də onlara göydən elçi olaraq bir mələk endirərdik (İsra, 17/95)”.

Bu etirazlar inanmayanlar tərəfindən edilirdi. Bəs inananlar tərəfindən peyğəmbərlərin bəşər/insan olduqları məsələsinə necə baxılıb?

Peyğəmbərlərin “insanlığı” ilə necə deyərlər, oynayanların ən bariz nümunəsi xristianlardır. Onlar peyğəmbərləri barəsində ifrata varıb onu tanrılaşdırıblar. Yeni Papa 16-cı Benediktin rəhbərliyi ilə təsis edilən bir heyət tərəfindən hazırlanan Katolik Kilsəsi Din və Əxlaq Prinsipləri adlı kitabda belə deyilir:

“İsa olmasaydı, kainat yaradılmazdı. Göylərdə və yer üzündə görünən və görünməyən şeylər, taxtlar, hegemonluqlar, idarələr və hökmranlıqlar… Hər şey onun vasitəsilə və onun üçün yaradılmışdır”.4

Bu yanlış inanc müsəlmanların əqidəsinə də qarışıb.5 Xalq arasında olduqca geniş yayılan və bir çox alim tərəfindən açıq-aydın şəkildə uydurma (qondarma)6 olduğu bildirilən “Sən olmasaydın, mən kainatı yaratmazdım (Ləv lakə ləma xalaqtul-əflak)” sözü də bu iddianı haqlı çıxardır. Bəzi müsəlmanlar bu əsilsiz və heç bir əsası olmayan iddiaya istinad edib ilk yaradılan şeyin həqiqəti-mühəmmədiyyə olduğunu, eləcə də yaradılan hər şeyin ondan və onun adına yaradıldığını irəli sürüblər. Mühyiddin ibn Ərəbi başqa olmaqla bir sıra təsəvvüfçü tərəfindən irəli sürülən və get-gedə “inkişaf etdirilən” bu iddianı qısa formada aşağıdakı kimi vermək olar:

Həzrəti peyğəmbərin 63 illik vaxtla məhdud olan cismani (fiziki) həyatından ayrı bir varlığı da mövcuddur. Allahdan başqa heç bir şey yox ikən ilk dəfə həqiqəti-mühəmmədiyyə var olmuş, bütün varlıqlar ondan və onun üçün yaradılmışdır. Aləmin var olmağının səbəbi, maddəsi və qayəsi bu həqiqətdir. Rəsuli-əkrəmin7 ruhu və nuru bütün insanlardan, peyğəmbərlərdən, hətta mələklərdən də əvvəl var olduğuna görə peyğəmbər insanlığın mənəvi atasıdır. Mühyiddin ibn Ərəbinin fikrincə həqiqəti-mühəmmədiyyə nur olması baxımından aləmi yaratmaq prinsipi və onun əslidir. Varlıq formasında zahir olan (üzə çıxan) ilahi təcəllinin ilk mərtəbəsidir.8

Mənşəyinin Neoplatonizmdəki loqos, yaxud da İsgəndəriyyəli Əziz Klemensin (Saint Clemens) peyğəmbərlik məsələsinə dair fikirlərinə əsaslandığı irəli sürülən9 bu anlayış ən yüngül ifadə ilə desək, Quranın yaratdığı peyğəmbər təsəvvürünü alt-üst edir! Çünki başda hədis alimləri və Hənbəlilər olmaqla bir çox alim həzrəti peyğəmbərin bu cür başa düşülməsini onun ilahlaşdırılması kimi qiymətləndirərək bu inancı küfr şirk hesab ediblər. Onlar əvvəlki ümmətlərin də peyğəmbərləri barədə ifratçılıq etdiklərinə görə haqq yoldan çıxdıqlarını qeyd ediblər.10 Peyğəmbərimiz (ə. s.) də bu sözü ilə öz əshabəsinə belə xəbərdarlıq edib:

Xristianlar Məryəm oğlu İsanı hədsiz dərəcədə mədh etdikləri kimi siz də məni mədh edərkən ifrata varmayın. Şübhəsiz ki, mən sadəcə olaraq bir bəndəyəm. Ona görə də mənə (ancaq) Allahın qulu (bəndəsi) və rəsulu (elçisi) deyin.11

Ənəs ibn Malikin nəql etdiyi bir hədisdə deyilir ki, bir nəfər peyğəmbərimizə (ə. s.): “Ya seyyidi/ey ağam, mənim ağamın oğlu! Ey bizim ən xeyirlimiz (yaxşımız), ən xeyirlimizin oğlu”, – deyə müraciət etmişdi. Peyğəmbərimiz (ə. s.) buna cavab olaraq belə demişdi:

“Ey insanlar! Allah qarşısındakı məsuliyyətinizi layiqincə dərk edin ki, şeytan sizi aldatmasın. Mən Abdullanın oğlu Mühəmmədəm. Allahın qulu və rəsuluyam. Allaha and içirəm ki, məni Allahın mənə verdiyi məqamın (mövqenin) üstünə çıxartmağınız xoşuma gəlmir”.12

Peyğəmbərimizin (ə. s.) həmişə və hər cür şəraitdə insan olduğu, Allahın ancaq və ancaq bir bəndəsi olub ancaq ona ibadət etdiyi açıq və qəti olduğu halda, İslama mənsub bəzi qruplar onun haqqında ifrata varıb ona bəndəliyə uyğun gəlməyən bir çox sifətlər yaraşdırırlar. Allah onun haqqında və başqaları üçün: “Şübhəsiz ki, sən də öləcəksən, onlar da” (Zümər, 39/30), – buyurduğu halda, bəzi insanlar peyğəmbəri başqa insanlardan ayıraraq belə deyirlər: “O, bədəni və ruhu ilə yaşayır. İnsanlar arasında gəzir. Onların yuxularına girir. Yığıncaqlarında iştirak edib onlarla danışır. Onunla fikir mübadiləsi aparılır və hədislərin mötəbər olub olmadığı onun özündən öyrənilir. Qəbrində diri olduğuna görə ona edilən çağırış və duaları eşidir”. Peyğəmbər haqqında bu cür şeylər səsləndirilir və insanlar buna inanırlar.13

Həqiqəti-mühəmmədiyyə inancında hədd-hüdud tanımayan Həsən Səzai Gülşəni kimi bəzi təsəvvüfçülər: “Mühəmməddir cəmali-Həqqə mirat (güzgü), Mühəmməddən göründü özü bizzat”, – deyərək Allahın Mühəmməd peyğəmbərin (ə. s.) bədənindən bizə göründüyünü irəli sürmüş və ifrata varmışlar.14 Qeyd edək ki, bununla kifayətlənməyərək daha çox ifratçılıq edənlər də olub:

Əhməddə gizlənən Hu-dur. Sufilər bunu ifadə etmək məqsədilə pərdeyi-mim (mim pərdəsi) sözünə tez-tez müraciət edir və: “Əhməddəki mim pərdəsini qaldır və bir bax, gör, arxasında kim var”, – deyirlər. Ərəb dilində Əhməd sözünün yazılışındakı mim (m) hərfi götürüldüyü vaxt Əhəd sözü qalır.15

İlk baxışda peyğəmbərimizin (ə. s.) Allahla eyni səviyyədə tutulması təəssüratı yaradan bu ifadələrə daha diqqətli baxıldıqda başa düşmək olar ki, vəziyyət güman ediləndən də pisdir. Çünki Əhəd (أحد) Əhməd (أحمد) sözləri arasında fərqli bir hərf var ki, bu hərf mim (م) hərfidir. Həmin fərq bu sözlərin yazılışında olub Əhmədin lehinədir. Çünki onların fikirlərinə əsasən guya bütün aləm o mim hərfinin içərisindədir!16 Yəni, mahiyyət baxımından Əhməd (peyğəmbərimiz) (Əstağfirullah, tövbələr olsun! ) Əhəddən (Allahdan) bir addım qabaqdadır!!!

Bu cür sözlərin Allahın bəndəsi və elçisi olan bəşər peyğəmbər təsəvvürü ilə heç cür əlaqəsi olmadığını başa düşmək üçün: “Ağıl işlədib fikirləşmək lazımdır”, – deməli olduğumuz halda, qarşımıza bu inancı daşıyanlar tərəfindən böyük bir maneə qoyulur: “Bunun belə olduğunu idrak etmək həqiqətən də, çətindir. Çünki bu meydanda ağıllar işləməz olur”.17

Halbuki, Allah digər tərəfdən belə buyurur:

Allah ağlını işlətməyənlərin üstünə murdarlıq yığar (Yunus, 10/100).

Bir tərəfdə ağıl işlətməyə maksimum dərəcədə təşviq edən və ağıl işlətməyənləri murdarlığa bulaşacaqları istiqamətində qorxudan Allahın ayələri, digər tərəfdə: “bu meydanda ağıllar işləməz”-, deyərək ağlı sıradan “çıxardan” mentalitet…

İslam təlimlərinə zidd bir iş, yaxud da hər hansı bir hal baş verdiyi vaxt: “Biz həzrəti Mühəmmədin qabağına necə çıxarıq, onun üzünə necə baxarıq, ona necə hesab verərik”, – deyən müsəlmanlara da rast gəlmək mümkündür. Bu insanlara belə demək lazımdır:

Həzrəti Mühəmməd (ə. s.) peyğəmbərlik vəzifəsini yerinə yetirmiş və həzrəti Əbu Bəkrin: “Kim Mühəmmədə sitayiş edibsə, (bilsin ki) Mühəmməd ölüb”, - dediyi kimi vəfat etmişdir. İnsanlar onun hüzurunda deyil, Allahın hüzuruna çıxardılacaq və əməllərinin haqq-hesabını ona deyil, Allaha verəcəklər. Cəza və ya mükafatları o deyil, Allah verəcək. Hazırkı xristianlıqda demək olar ki, hər şey həzrəti İsadan istəndiyi və onun hər şeyi etməsi gözləndiyi kimi həzrəti Mühəmməd insanları mühakimə etməyəcək. Onları yaxşı və pis deyib qruplaşdırmayacaq. Bu və digər şeylərdən və yaxud yerlərdən xilas etməyəcək.18

Allahın bizə öyrətdiyi qüvvətli və hər növ ifratçılıqdan uzaq olan bəşər peyğəmbər təsəvvürünə nəzər salmaq üçün məhz Onun sözlərinə – Qurani-Kərimə müraciət etmək lazımdır. Belə ki, Allah Quranda buyurur:

Mühəmməd sadəcə olaraq bir rəsuldur (elçidir). Ondan əvvəl də neçə-neçə elçilər gəlib keçmişdir (Ali-İmran, 3/144).

De: “Fəsübhənallah! Mən məgər bəşər peyğəmbərdən başqa bir şeyəm (İsra, 17/93)?”.

De: “Mən də eynilə sizin kimi bir bəşərəm. Mənə sizin ilahınızın vahid bir ilah olduğu bildirilir. Artıq kim Rəbbinə qovuşmağı umursa, dərhal yaxşı bir iş görsün və Rəbbinə ibadətdə heç kimi şərik qoşmasın (Kəhf, 18/110)”.

Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik (Ənbiya, 21/107).

Biz səni şahid, müjdəçi, qorxuducu (xəbərdarlıq edən), Allahın izni ilə Ona dəvət edən, nurlandıran bir işıq olaraq göndərdik (Əhzab, 33/45-46).

De: “Mən ilk peyğəmbər deyiləm; mənim özümün və sizin başınıza nə gələcəyini bilmirəm. Mən ancaq mənə vəhy edilənə tabe oluram. Mən sadəcə olaraq açıq-aşkar bir qorxuducuyam (xəbərdar edən) (Əhqaf, 46/9)”.

De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, – demirəm. Mən qeybi də bilmərəm. Mən sizə bir mələk olduğumu da demirəm. Mən sadəcə olaraq mənə vəhy edilənə tabe oluram”. De: “Kor ilə görən heç bir olarmı? Siz heç düşünmürsünüz (Ənam, 6/50)?”.

Göründüyü kimi ayələr açıq-aydındır. Biz üzünün hörmətinə bütün kainatın yaradıldığı və onda Allahın təcəlli etdiyinə inanılan fövqəlbəşər bir peyğəmbərə deyil, eynilə bizim kimi bir insan olan və buna görə də bizə nümunə göstərilən, mələk olmayan, qeybi bilməyən, hətta yeri gələndə Rəbbi tərəfindən tənbeh edilən,19 lakin risaləti baxımından aləmlərə rəhmət olaraq göndərilən bəşər peyğəmbərə inanmalıyıq.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Bu yazı İslam hüququ mütəxəssisi, dinşünas Yahya Şenol tərəfindən qələmə alınmış və 2007-ci ildə İstanbul şəhərində nəşr edilmişdir. Yazının orijinaldakı adı belədir: “Bəşər Peyğəmbər”. []
  2. Quranın ifadəsi ilə: Mələ’. []
  3. Geniş məlumat üçün baxın: Seyyid Qütub, Fi zilalil-Quran, 12-ci nəşr, Daruş-şüruq, 1986, IV cild, s. 1872 (Hud surəsinin 28-ci ayəsinin təfsiri). []
  4. Katolik Kilsəsi Din və Əxlaq Prinsipləri, tərcümə edən: Dominik Pamir, İstanbul, 2000, s. 95, 331-ci abzas. []
  5. Abdulaziz Bayındır, Kur’an Işığında Aracılık Ve Şirk, Süleymaniye Vakfı Yayınları, İstanbul, 2005, s. 82. []
  6. Mühəmməd ibn Əli ibn Mühəmməd Əş-Şövkani, Əl-fəvaidul-məcmuə’ fil-əhadisil-mövzu’a, təhqiq edən Abdurrahman Əl-Müəllimi, Əl-Məktəbətul-islamiyyə, 2-ci nəşr, Beyrut, hicri 1392-ci il, s. 326. []
  7. Mühəmməd peyğəmbər (ə. s.) nəzərdə tutulur. []
  8. Mehmet Demirci, Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyası, Həqiqəti-Məhəmmədiyyə bəndi, İstanbul, 1997, XV cild, s.179-180. []
  9. Yenə orada. []
  10. Yenə orada. []
  11. Buxari, Ənbiya, 48. []
  12. Əhməd ibn Hənbəl, 3/153, 241, 4/25, 40. Buna oxşar bir hədis üçün baxın: Əbu Davud, Ədəb, 9. []
  13. İbrahim Sarmış, Hz. Muhammed’i Doğru Anlamak, Ekin Yayınları, 3-cü nəşr, İstanbul, 2007, I cild, s. 95. []
  14. Cihat Arınç, Hakk’ın En Parlak Aynası: Ahmed-i Muhammed, Anlayış jurnalı, Aprel, 2006, nömrə 35, s. 77. []
  15. Yenə orada. []
  16. Abdulaziz Bayındır, eyni əsər, s. 83. []
  17. Cihat Arınç, yenə orada. []
  18. İbrahim Sarmış, eyni əsər, s. 96. []
  19. Bu məsələ ilə əlaqədar ayələr üçün baxın: Ənfal, 8/67–68; Tövbə, 9/43; Əhzab, 33/37; Təhrim, 66/1; Əbəsə, 80/1–16. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.050 dəfə oxundu
2 Etikaf 23.06.09 1.195 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.633 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.204 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.212 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.094 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 918 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.584 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 912 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 690 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 702 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 740 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 802 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.839 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 468 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.451 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 771 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 580 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 731 dəfə oxundu
20 Təsbeh 06.07.09 878 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 344 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 663 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.731 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.871 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 338 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 772 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.068 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 594 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 663 dəfə oxundu
32 Faiz 29.03.10 707 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.165 dəfə oxundu
34 Vərdişlər 10.04.10 536 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 509 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 665 dəfə oxundu
37 Qəndil 30.06.09 2.072 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 657 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 762 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 718 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.032 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.041 dəfə oxundu
47 Şəfaət 08.04.10 530 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.143 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 896 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 780 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.463 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 581 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 378 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 186 dəfə oxundu