Müselmanlar
Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar?

Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar?

Həzrəti Hüseynin ölümünə sevinənlər

Taff döyüşü (hicri 61-ci il)

İmam Hüseyn (r) Ubeydullah ibn Ziyada əsir düşmək istəmədiyi üçün Cümə gününün səhəri iki tərəf arasında döyüş başlayır. Əlbəttə ki, İmam Hüseynin (r) ordusunun sayı zalım dəstənin ordusunun sayı yanında müqayisə olunacaq qədər deyildi. Ona görə də çox az və sadiq olan bu dəstənin hədəfi yalnız İmam Hüseynin (r) qarşısında ölmək idi. Nəhayət ölümdən qorxmayaraq İmam Hüseynin (r) qarşısında sinələrini qabağa atan bu igidlər bir-birinin ardınca dünyalarını dəyişirlər.

Beləliklə yalnız İmam Hüseyn (r) qalır. Oğlu Əli (r) (Zeynəl-Abidin) xəstə olduğu üçün döyüşə qoşulmayaraq çadırda qalmışdı. İmam Hüseynə (r) uzun müddət heç bir kəs yaxınlaşaraq hücuma keçmir və hücum edən də onu öldürərək özünü bəlaya atmaq istəmədiyi üçün geri çəkilir.

Döyüş bu minvalda davam edərkən Şimr ibn zil-Covşən gələrək insanları səsləyir və deyir:

“Vay olsun sizə! Analarınız itirsin sizi! Onu mühasirəyə alın və öldürün!”

Onlar da İmam Hüseyni (r) əhatəyə alırlar. Şəhidlikdən qorxmayan İmam Hüseyn (r) çox igidcəsinə qılıncı ilə onların aralarına girərək bir neçəsini öldürür. Lakin buna baxmayaraq çoxluq şücaətə qələbə çalır. Yenə də Şimr “vay olsun sizə! Nə gözləyirsiz?! İrəliləyin!” deyir və onlar İmam Hüseyni (r) şəhid edirlər. İmam Hüseynin (r) o mübarək başını kəsən Sinən ibn Ənəs ən-Nəxai, yaxud da elə Şimr ibn zil-Covşənin özü olduğu deyilib.

Cox qəribədir ki, əvvəllər Şimr İmam Əlinin (r) dəstəsində olaraq imamın şiəsi iddiasında idi, bu gün isə onun oğlu olan Hüseynin (r) başını kəsir. Allah onların üzünü qara etsin… Necə də Peyğəmbər (s) nəvəsini, Əli (r) və Fatimə (r) balasını və Cənnət cavanlarının ağasını öldürməyə əlləri gəldi?! İmam Hüseyn (r) şəhid edildikdən sonra mübarək və məsum başı Kufədə olan və İmam Hüseynin (r) qətlinə qol çəkərək müsəlmanlar tərəfindən qarğış və lənətlər qazanan Ubeydullah ibn Ziyadın yanına aparılır. O, lağ ilə əlindəki çubuğu Hüseynin (r) ağzına toxundurur. Bu zaman çox yaşlı səhabələrdən və Peyğəmbərin (s) xidmətçilərindən olan Ənəs ibn Malik (r) qocalığına baxmayaraq ayağa durur və deyir:

“And olsun Allaha, səni pis hala salacam! Mən Peyğəmbəri (s) sənin çubuğu ağzına qoyduğun yerdən öpdüyünü görmüşəm”.

İmam Hüseynlə (r) bərabər Əhli-Beytdən öldürülənlər

İmam Əli (r) özündən əvvəlki xəlifələri sevdiyinə görə onlara beyət etmiş, onların həmişə sadiq məsləhətçisi olmuş, doğmaca Fatimədən (r) olan qızı ilə evləndirmiş və bunlarla kifayətlənməyərək hətta öz övladlarına belə onların adlarını qoymuşdur. Həmin xəlifələrin adlarını daşıyan Əhli-Beyt övladları da İmam Hüseynlə (r) birgə Kərbəlada igidcəsinə döyüşərək qətlə yetirilmişdirlər. Lakin çox qəribədir ki, bir çoxları minbərlərdə Kərbəla hadisəsini danışarkən bəzi batil səbəblərə görə o mübarək adları qeyd etməyərək hətta gizlətməyə belə çalışırlar. Mənə elə gəlir ki, həmin adları mənbələri ilə qeyd etmək oxucular üçün də maraqlı olardı.

Hicri təqvimi ilə 5-ci əsrin böyük imami alimlərindən olan Şeyx Mufid “Hüseyn bin Əli (ə) ilə Kərbəlada Əhli-Beytindən öldürülənlərin adları” adlı fəsil açaraq bunları qeyd edib:

“Onlar on yeddi nəfərdir. Hüseyn bin Əli (ə) isə onların on səkkizincisidir. Abbas, Abdullah, Cəfər, və Osman. Bunlar Əmirəlmumuninin (Əlinin) (ə) övladlarıdırlar. Anaları isə Ummul-Bənindir. Abdullah və Əbu Bəkr də əmirəlmumininin (ə) övladlarıdır. Anaları isə Leyla bint Məsud əs-Səqafiyyədir. Əli və Abdullah da Hüseyn ibn Əlinin (ə) övladlarıdır. Qasim, Əbu Bəkr və Abdullah Həsən ibn Əlinin (ə) övladlarıdır. Muhəmməd və Ovn isə Abdullah ibn Cəfər ibn Əbi Talibin (ə) övladlarıdır. Abdullah, Cəfər və Abdur-Rahmən isə Aqil ibn Əbi Talibin övladlarıdır. (On yeddinci isə) Muhəmməd ibn Əbi Səid ibn Aqil ibn Əbi Talibdir (r).” ((Mufid, “əl-İrşad” səh. 125.))

Oxuduğumuz kimi, Şeyx Mufidin təsdiqi ilə İmam Əli (r) müxtəlif qadınlarından olan iki oğluna Əbu Bəkr, bir oğluna isə Osman adını qoyub. Həmçinin İmam Həsən (r) də bir oğlunun adını Əbu Bəkr qoyub. Hətta digər alimlər İmam Əlinin (r) Kərbəlada öldürülmüş övladlarından birinin də Ömər olduğunu deyirlər. Bunu İbn Şəhr Aşub (ö. h. 588), “Mənəqibu Əli Əbi Talib” 3/255 İbn Əbil-Fəth əl-İrbilli (ö.h. 693), “Kəşful-Äžummə” 2/271, Seyyid Əli Xan əl-Mədəni (ö.h. 1120), “əd-Dərəcətur-Rafia” səh. 561 və digərləri öz kitablarında təsdiqləyiblər.

Digər imamlar da öz övladlarına Əbu Bəkr, Ömər və Osman adlarını qoyublar. ((Bu haqda geniş məlumat üçün “Dəvət” jurnalının 2-ci sayına müraciət etmək kifayətdir – red.)) Lakin mən burada yalnız Kərbəlada qətl edilənləri qeyd etdim. Əlbəttə ki, hər bir insan övladlarına yalnız sevdiklərinin adını və ləqəbini seçir. Diqqətlə nəzər salsaq görərik ki, bütün imamlar da övladlarını Əhli-Beytdən və digərlərindən yalnız sevdikləri və məşhur olan şəxslərin isimlərini seçərək adlandırmışdırlar. Belə olan təqdirdə o dövrdə ədalət simvolları sayılan xüsusən də birinci və ikinci xəlifədən başqa Əbu Bəkr və Ömər adları ilə tanınan hansı məşhurlar var idi? Əlbəttə ki, yalnız bunlar idi. Hətta o vaxtı Əbu Bəkr kunyəsi heç məşhur deyildi. Yalnız Xəlifə Əbu Bəkrdən (r) sonra məşhurlaşaraq sevilməyə başlanmışdır.

İmam Hüseynin (r) ölümünə sevinənlər?

Böyük İslam alimlərndən olan Əhməd ibn Teymiyyə (r) (ö.h. 728) İmam Hüseyni (r) öldürən lənətə gəlmişlər barəsində deyib:

“Hüseyni (r.a) öldürənə, öldürülməsinə kömək edənə və öldürülməsinə razı olana Allahın mələklərin və bütün insanların lənəti olsun…” ((İbn Teymiyyə, “Məcmuul-Fətəva” 4/488.))

Digər bir kitabında bunları qeyd edib:

“Şübhə yoxdur ki, Hüseyni (r.a) öldürmək günahların ən böyüklərindəndir. Onu öldürən, ölümünə razı olan və kömək edən Allahın cəzasına layiqdir.” ((İbn Teymiyyə, “Minhəcus-Sunnətin-Nəbəviyyə” 4/337.)) , “Allah Hüseyndən razı olsun, onu öldürənə isə lənət etsin. O, məzlum və şəhid olaraq (Yəzidin) xilafətində öldürülüb.” ((İbn Teymiyyə, “Minhəcus-Sunnətin-Nəbəviyyə” 8/95.))

Daha sonra bu məsələ ilə bağlı bunları qeyd edib:

“Artıq Allah-Təala Hüseynə (r) şəhidlik nəsib etmiş, onu öldürəni, öldürməyə kömək edəni və öldürülməsinə razı olanı isə alçaltmışdır. Hüseyn (r) üçün özündən əvvəl olan şəhidlərdə gözəl nümunə vardır. Həqiqətən o və qardaşı (Həsən (r)) Cənnət cavanlarının ağasıdırlar. Onların ikisi də İslamın ən güclü vaxtlarında yaşadıqları üçün Əhli-Beytin nail olduğu kimi nə hicrətə, nə cihada, və nə də Allah yolunda əziyyətə səbr etməyə nail olmadıqlarına görə Allah-Təala da onlara olan nemətini tamamlaması və dərəcələrini qaldırması üçün şəhidliyi ikram etmişdir. Həqiqətən də, onun öldürülməsi böyük müsibətdir. Allah-Təala müsibət anında bizim üçün bu sözü ilə istircanı öyrədərək buyurur:

“Səbir edənlərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona da qayıdacağıq deyərlər”. Onlara Rəbbi tərəfindən bağışlanmaq və rəhmət vardır. Onlar doğru yolda olanlardır.” (“Bəqərə” surəsi, 156-157). ((İbn Teymiyyə, “Məcmuul-Fətəva” 4/511.))

Məşhur təfsir alimi İbn Kəsir (r) (ö.h. 774) bunları bildirib:

“İmam Hüseynin (r) ölümü hər bir müsəlmanı kədərləndirməlidir. O, müsəlmanların ağalarından, səhabələrin alimlərindən və Rəsulullahın (s) qızlarının ən üstünü olan Fatimənin (r.a) oğlu idi. Çox ibadət edən, şücaətli və əliaçıq olub. Lakin bəzi insanların etdiyi (ağlaşma, zəncir vurma və.s kimi) əməllər bəyənilən deyildir. Ola bilsin ki, o əməllərin çoxu özünü göstərmək və riyakarlıqdan da irəli gəlir… Belə müsibətləri xatırlayan zaman deyiləsi ən gözəl söz Əli ibn Hüseynin (r) (Zeynəl-Abidin) babası Rəsulullahdan (s) rəvayət etdiyi hədisdir. O, (s) buyurub:

“Müsəlmanın başına bir müsibət gələrsə və üstündən çox keçsə belə, o müsibətini xatırlayar və “innə lilləhi va innə ileyhi raciun – biz Allahınıq və Ona da qayıdacağıq” deyərsə, Allah-Təala ona başına gələn müsibət anında verdiyi savabın mislini mütləq verər.” ((Əhməd 1751, İbn Macə 1598)” (İbn Kəsir, “əl-Bidəyə” 8/221.))

Bəli, əlbəttə ki, böyük şəxsiyyət olan İmam Hüseynin (r) öldürülməsi hər bir müsəlmana hər bir insanlıq hissi duyana ağır bir müsibətdir. Necə də müsibət olmasın ki, Peyğəmbər (s) kimi babanın, Əli (r) kimi atanın və Fatimə (r) kimi ananın nəvazişində böyümüş Hüseyn (r) biz müsəlmanlara da doğma və sevimlidir. Kərbəla hadisəsini xatırlayanda gözümüzdən öncə qəlbimiz ağlayır. Əhli-Beytin başına gətirilən bu faciəli müsibəti eşidəndə, yaxud danışanda göz yaşları insandan icazə almadan tökülməyə başlayır.

Bir haşiyə

Yadımda olanına görə ömrümdə bu hadisəni cəmi üç dəfə bilməyənlər üçün burada yazılanlardan da daha ətraflı və geniş şəkildə danışmışam. Lakin üçündə də özümdən asılı olmadan göz yaşlarım tökülmüş və hönkürtü ilə ağlamağa başlamışam. Bir dəfə yenə də bu faciəni danışmağımı istəmişdilər. Qeyd etdiyim səbəblərə görə danışmaq istəməsəm də, israrlı olanları gördüm və danışmağa razılaşdım. İmam Hüseynin (r) başına gələnləri, mübarək Əhli-Beyt qadınlarının o Kərbəla çölündə atasız, ərsiz, oğulsuz və qardaşsız qaldıqlarını gözümün önündən keçirib mövzuya başlamaq istəyərkən yenə də ürəyimin kövrələrək gözlərimin ağlamağa hazırlaşdığını bildim və qarşımdakılara hiss etdirmədən mövzudan yayındım. Hətta bir dəfə Peyğəmbərimizin (s) və Əhli-Beytin məskəni olan Mədinə şəhərində yatarkən yuxumda Kərbəla hadisəsini gördüm. Gördüm ki, mən də İmam Hüseyn (r) və Əhli-Beyt ordusu ilə birgə zalım və xəyanətkarlara qarşı döyüşürəm. Döyüş əsnasında uzaqdan ordunun başçısının İmam Hüseyni (r) tutaraq qılıncla başını kəsərək ikiyə böldüyünü gördüm. Mən də tez ağlaya-ağlaya öldürən fasiqə tərəf qaçaraq ürəyimdə: “Peyğəmbər (s) nəvəsinə necə də hörmət etmədilər?!” kəlimələrini fikirləşə-fikirləşə onu öldürərəmsə özümün də öldürüləcəyimi bildiyim halda əlimdəki nizəni İmam Hüseynin (r) başını kəsib əlində tutanın belinə var gücümlə elə vurdum ki, nizənin yarısı qarnından çıxdı və sol tərəfə yıxılaraq həlak oldu… Yuxudan ürək döyüntüləri və həm kədər, həm də sevinc içində oyandım.

Əlbəttə ki, o kədər İmam Hüseynin (r) məzlumcasına öldürülməsi və o sevinc isə mənim də İmam Hüseynin (r) müdafiəsində duraraq onu qətlə yetirəni “uf” da demədən öldürməyim idi.

Son söz əvəzi

Hər bir kəs zaman və məkan fərqi olmadan bu hadisəni və digərlərini xatırlayarkən özündən asılı olmadan ağlaya bilər. Lakin hər ilin eyni gününü matəm edib çox vaxt da riyakarlıq üstündə qurulan ağlaşma, zəncir vurma, baş yarma və qan tökmə məclisləri qurub mərsiyələr deyərək yalan-gerçək ağlaşmaları isə nə Peyğəmbərimiz (s) nə də ki, onun mübarək Əhli-Beyti edib. Əksinə, jurnalımızın ötən saylarında qeyd etdiyimiz kimi belə çirkin əməllərdən çəkindirib.

Hazırladı: S. Məmmədov

MƏNBƏ: din.az (14/05/2013)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin