Müsəlmanlar
Sədəqə məsələsində əsas meyar nədir? Bunda bir hədd var?

Sədəqə məsələsində əsas meyar nədir? Bunda bir hədd var?

Sual: Quranda sədəqə verməklə əlaqədar ayələrdə və Muhəmməd peyğəmbərin hədislərində sədəqə məsələsində əsas meyar nədir? Sədəqənin bir həddi var?

Cavab: Hər şeydən əvvəl qeyd edim ki, bu, çox gözəl və aktual bir sualdır. Əlbəttə ki, bunun Quranda bir cavabı var. Belə ki, İsra surəsində deyilir:

Qohum-əqrəbaya da, yoxsula (əlacsıza) da, müsafirə (yolda qalana) də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə.

Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.

Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.

Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.

Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini də )azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır və görür.” (İsra, 17/26-30)

Bu ayələrdən məlum olur ki, sədəqə məsələsində də israfçılığa yol vermək olmaz. İnsanlar adətən sədəqəni nümayiş üçün verirlər. Bu da yolverilməz bir hərəkətdir. Verilən sədəqə sizin öz imkanlarınız daxilində – gücünüz nisbətində olmalıdır. Yəni, insan bu məsələdə elə hərəkət etməlidir ki, nəticədə özü möhtac vəziyyətə düşməsin.

Quranın başqa bir ayəsində də belə deyilir:

“Onlar (mallarını) xərclədikləri vaxt nə israfçılıq edərlər, nə də xəsislik. Bu ikisinin arasında orta bir yolla gedərlər.” (Furqan, 25/67)

Nəticə olaraq, sədəqə vermək məsələsində bu meyarlara riayət etmək lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.