Müsəlmanlar

Ticarət malından zəkat verilməyinin dəlili nədir?

Sual: Deyirlər ki, ticarət mallarının da zəkatı verilməlidir. Bunun dində hansısa bir dəlil-sübutu var?

Cavab: Allah Quranda belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ

“Ey iman gətirənlər! Qazandıqlarınızın yaxşılarından və sizin üçün yerdən çıxartdıqlarımızdan xeyir işlərə sərf edin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, nə edirsə, gözəlini edir!” (Bəqərə, 2/267)

Ayədəki “qazandıqlarınız” ifadəsi ticarət mallarını da əhatə edir. Bu, açıq-aydın şəkildə başa düşülür. Peyğəmbərimizdən (s. a. v.) nəql olunan bir hədis isə belədir:

عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ قَالَ أَمَّا بَعْدُ فَإِنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- كَانَ يَأْمُرُنَا أَنْ نُخْرِجَ الصَّدَقَةَ مِنَ الَّذِى نُعِدُّ لِلْبَيْعِ

Səmurə b. Cündübdən (r. a.) rəvayət olunur:

“Şübhəsiz ki, rəsulullah (s. a. v.) bizə satış üçün hazırladığımız şeylərin zəkatını verməyimizi əmr edirdi.” (Əbu Davud, Zəkat, 3)

Müvafiq və hədisləri birlikdə təhlil etdikdə məlum olur ki, ticarət mallarının da zəkatı verilməlidir.

Yeri gəlmişkən, zəkat hesablandıqda ticarət mallarının o vaxtkı satış qiyməti deyil, satıcıya başa gələn qiyməti götürülür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.