And içmişəm ki, qardaşımla əlaqəni kəsim. Bu andımı poza bilərəm?
Müsəlmanlar > And içmək > Fitvalar Tarix: 28 Ocak 2013 Tövsiyə et Çap et
Sual: Mən ailə münaqişəsi zəminində qardaşımla dalaşdım. Sonra da and içdim ki, səninlə heç vaxt danışmayacağam. Evinə də gəlməyəcəyəm. İndi isə peşmanlıq hissi keçirirəm. Andımı pozmaq istəyirəm. Bu iş dini cəhətdən necə qiymətləndirilir?

Cavab: Allahın bir buyuruğunu tərk etmək, yaxud da hansısa bir günaha batmaq üçün and içən şəxs həmin anda sadiq qalmamalı, onu pozmalı və bu səbəbdən kəffarə ödəməlidir. Qohum-əqrəbaya baş çəkmək, onları ziyarət etmək vacibdir. Siz isə bu vacib əməli yerinə yetirməmək üçün and içmisiniz. Bu andınızı pozmalısınız.

Quranda and məsələsi ilə əlaqədar ayələrdə belə deyilir:

قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ وَاللَّهُ مَوْلَاكُمْ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ

“Allah (lazım olduqda) andlarınızı pozmağın qayda-qanunu qoyub. Sizin köməkçiniz Allahdır. O, biləndir, düzgün qərar verir.” (Təhrim, 66/2)

وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

Bir də öz andlarınızı bəhanə edib yaxşılıq etməyiniz, pis əməllərdən çəkinməyiniz və insanların arasında sülh yaratmağınız məsələsində Allahı (Allahın adını) arada sədd etməyin. Allah eşidəndir, biləndir.” (Bəqərə, 2/224).

Bəzi hallarda andın pozulması və haram olan işləri görməyə and içilməməsi barədə bir hədis var:

“Günaha and içənin andı and deyil! Qohum-əqrəba ilə əlaqəni kəsməyə and içənin andı da and deyil!”1

Bu hədis alimlərin əksəriyyəti tərəfindən: “Əgər bir məsələdə and içsən, sonra da başqa bir işi daha xeyirli görsən, andını poz. Kəffarəni ver və xeyirli gördüyünə üz tut.”2 hədisinə əsasən aşağıdakı kimi başa düşülmüşdür:

“Kim qohumlarla əlaqəni kəsmək üçün and içsə, o andı yerinə yetirməsin. Əksinə, o andın tərsinə hərəkət etsin. Ancaq andını pozduğu üçün də kəffarəsini versin.”

Yeri gəlmişkən, and kəffarəsi barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/5104.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əbu Davud, Təlaq, 7. []
  2. Buxari, Buxari, Əyman, 1; Müslim, Əyman, 11 (1650.). []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.020 dəfə oxundu