Müsəlmanlar

Qurban kəsib kəsməməkdə maddi imkanın meyarı nədir?

Sual: Qurban kəsib kəsməmək məsələsində maddi imkanın meyarı nədir? Müsəlman bir şəxs öz maddi vəziyyətinin yaxşı olub olmadığını özü müəyyən edir və qurbanı da buna əsasən kəsir?

 Cavab: Bu məsələ ilə əlaqədar olaraq peyğəmbərimizdən (s. a. v.) bir hədis rəvayət olunur:

“Kim imkanı olduğu halda qurban kəsməsə, bizim namazgahımıza yaxınlaşmasın.”

Mənbələrdə bu hədisin səhih (mötəbər) olmadığı deyilir.

Qurban kəsmək fərzi kifayə olan bir əməldir. Yəni, bir bölgədə bir nəfərin kəsməsiylə digər insanlar üzərindən bu məsuliyyət qalxar. Qurban kəsən insan bu əməlinə görə çox savab qazanır. Bununla əlaqədar ayələr də var. Ayələrdəki “buraya gəlib qurbanlarını kəssinlər” ifadəsi də qurbanın kəsilməli olduğunu bildirir. Beləliklə, qurban elə bir ibadətdir ki, kəssəniz, fərzdir; kəsməsəniz, günahı yoxdur.

Hənəfi məzhəbi bu məsələ ilə əlaqədar olaraq nisab miqdarını şərt qoyur: Yəni, onların fikrincə bir insanın 20 misqal qızıl və ya 220 dirhəm gümüş dəyərində artıq bir malı olsa, zəkata tabe olub olmamasından asılı olmayaraq qurban kəsməyi vacibdir. Qeyd edim ki, 20 misqal 85 qrama, bəzi hesablamalar görə isə 96 qrama bərabərdir. Adətən 87,5 qram qızıl kimi hesablanır. Çünki 20 misqal Bizans qızılıdır. Bu qızıl o vaxtlar indiki İstanbul şəhərində hazırlanıb. Hazırda eyni şəhərdə – Topqapı muzeyində saxlanılan nümunələri var. Əgər təzə tökülübsə, 87,5 qram kimi, işlədilibsə, 85 qram olaraq qəbul edilir. Bir sözlə, Hənəfilər deyirlər ki, bir insanın o qədər qızıl dəyərində mal-mülkü, məsələn, 2-ci bir evi olsa, qurban kəsmək ona vacibdir. Ancaq onların bu sözünün bir əsası yoxdur.

Odur ki, imkan tapan insanlar qurban kəsməlidirlər. Kəsdikləri vaxt da bilməlidirlər ki, fərz olan bir öhdəliyi yerinə yetirirlər.

İmkanı olmayanlar isə təbii ki, qurban kəsməyə bilərlər. Çünki peyğəmbərimiz (s. a. v.) də elə vaxt olub ki, 1 qurban kəsib, elə vaxt da olub ki, birini özü və ailəsi adından, digərini də ümmətinin qurban kəsə bilməyənlərinin adından olmaqla 2 qurban kəsib. Elə vaxtlar da olub ki, müsəlmanların böyük bir əksəriyyəti qurban kəsib.

Nəticə olaraq, peyğəmbərimizdən (s. a. v.): “Filan meyarlara müvafiq olanların qurban kəsməyi vacibdir”, – deyə, səhih bir rəvayət gəlib çatmayıb. Hənəfilərə gəldikdə, onlar qurban kəsməyi bayaq qeyd etdiyim (1-ci hədisi) hədisi əsas tutaraq vacib hesab ediblər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.