Müsəlmanlar

Təhəccüd namazı

Sual: Təhəccüd namazının qılınmaq qaydası nə cürdür? Əgər 4 rükət qılınırsa, 1-ci qədədə təkcə təhiyyat oxunur, yoxsa salli-barik duaları da buna əlavə olunur?

Cavab: Təhəccüd namazı xüftən namazı ilə fəcri-sadiq vaxtının arasında bir qədər yatıb oyanandan sonra qılınan müstəhəb gecə namazıdır.

Quranın İsra surəsinin 79-cu ayəsinə əsasən təhəccüd namazı təkcə peyğəmbərə vacibdir. Digər möminlər üçün sünnəti-müəkkədədir. ((Müəkkədə sözü  təkid edilmiş, güclü deməkdir. Sünnəti-müəkkədə dini ədəbiyyatda peyğəmbərimizin əksər hallarda yerinə yetirdiyi, nadir hallarda tərk etdiyi əməllər haqqında deyilən bir sözdür.)) Bütün möminlərə vacib olan namaza gəldikdə, bu, gündəlik namazlardır (5 vaxt). Bu da Quran ayələri ilə sabitdir.

Muhəmməd peyğəmbər (s. a. v.): “Vacib namazdan sonra ən fəzilətli namaz gecə namazıdır” ((Müslim, Siyam, 202 (1163), 203.)), – deyib bu məsələyə işarə vurmuşdur.

Fəziləti xeyli çox olan təhəccüd namazı bizdən qabaqkı əməlisaleh bəndələrin qıldığı, Allaha yaxınlıq səbəbi olan, günahların üstünü örtən və onların qarşısını alan bir ibadətdir. ((Tirmizi, Dəavat, 115.))

Muhəmməd peyğəmbər (s. a. v.) təhəccüd namazının ən fəzilətli vaxtı barədə belə demişdir:

“Fərz namazdan sonra ən fəzilətli namaz gecə namazıdır. Əgər gecəni 2 yerə ayırsan, axırıncı hissəsi namaz qılmaq üçün ən fəzilətlli vaxtdır. Əgər 3 yerə bölsən, ortancıl hissəsi ən fəzilətli vaxtdır.” ((Təcridi-sərih tərcümə və şərhi, 4-cü cild, s. 16. Bu hədisi Əbu Hüreyrə rəvayət edib.))

Təhəccüd namazı da o biri müstəhəb namazlar kimi qılınır. Bununla belə, bu namazı qılan şəxs qiraət məsələsində azaddır. Tək qılmağına baxmayaraq istər ucadan oxuyar, istərsə asta səslə.

Əgər bu namazı 2 rükətdən artıq qılırsa, 2-cidə bir salam verməyi məsləhətdir. Əgər bir salamla 4 rükət qılınacaqsa, 1-ci qədədə təkcə təhiyyat oxunur. Salli-barik duaları oxunmur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.