Müsəlmanlar
Peyğəmbərin nəslindən olan bir nəfər əlavə imtiyaz qazanır?

Peyğəmbərin nəslindən olan bir nəfər əlavə imtiyaz qazanır?

Sual: Görəsən, ölkəmizdə həqiqətən də, peyğəmbərin nəslindən olanlar, yəni, seyyidlər var? Varsa, onlar hardadırlar?

Cavab: İslam tarixində seyyid sözü həzrəti Muhəmmədin (s. a. v.) nəvəsi həzrəti Hüseynin nəslindən gələnlər üçün işlədilir. Peyğəmbərimizin digər nəvəsi olan həzrəti Həsənin nəslindən gələnlərə isə şərif deyirlər. Hər ikisinin nəslindən gələnlərə də seyyid-şərif adı verilir.

Həzrəti Muhəmmədin (s. a. v.) nəsli özündən təqribən 6 ay sonra rəhmətə gedən kiçik qızı Fatimeyi-Zəhradan dünyaya gələn nəvələri ilə davam edib. Bu barədə aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/820.html

Qeyd edək ki, indiki dövrdə də onların varlığını davam etdirənlər var. Təbii ki, onlar təkcə bir ərazidə deyillər. Dünyanın müxtəlif yerlərinə dağılışıblar. Deməli, bizim ölkəmizdə də ola bilərlər.

Qeyd etmək lazımdır ki, kiminsə peyğəmbər nəslindən olmağı ona bir alilik vermir. İnsanı qiymətli edən onun öz əqidə və əməlidir. Əgər əqidə və əməldə çatışmazlıq olsa, peyğəmbər övladı olmaq belə, həmin şəxsi xilas edə bilməz! Necə ki, Nuh peyğəmbərin oğlu öz atası və onun dininə etiqad etmədiyinə görə kafir kimi ölüb. Əlavə olaraq, aşağıdakı ayə də bu baxımdan xüsusi əhəmmiyyət kəsb edir:

“Rəbbi İbrahimi bir neçə sözlə imtahan etdi. O da tamamilə müvəffəq oldu. Rəbbi ona: “Mən səni insanlara başçı təyin edəcəyəm!”, – dedi. İbrahim: “Mənim nəslimdən də olsun”, – dedi. Rəbbi: “Səhv edənlər üçün söz vermərəm!”, – deyə buyurdu.” (Bəqərə, 2/124)

Yuxarıda altından xətt çəkilmiş hissədən də məlum olur ki, İbrahim peyğəmbərin nəslindən gəldiyi halda səhv hərəkətlərə yol verənlərə Allah tərəfindən heç bir təminat verilmir. Bu, Muhəmməd peyğəmbərin nəslindən gələnlər üçün də qüvvədədir.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazılarla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/4535.html

http://www.muselmanlar.com/fitvalar/3985.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.