Müsəlmanlar
“Zöhrün ilk 4 müstəhəbini qılmayan şəfaətimə nail olmaz” hədisi mötəbərdir?

“Zöhrün ilk 4 müstəhəbini qılmayan şəfaətimə nail olmaz” hədisi mötəbərdir?

Sual: Fiqh kitablarında belə bir hədis qeyd olunur: “Zöhr namazının vacibindən qabaq 4 rükət müstəhəbi tərk edən şəxs mənim şəfaətimə nail ola bilməz” (İbn Abidin, 2/14). Bu hədis mötəbər bir hədisdir, yoxsa yox?

Cavab: Sizin də sualınızda qeyd etdiyiniz kimi, hədis mənbələrində deyil, daha çox fiqhlə əlaqədar kitablarda qeyd edilən və peyğəmbərimizin (s. a. v.) adına çıxılan rəvayət aşağıdakı kimidir:

مَنْ تَرَكَ الْأَرْبَعَ قَبْلَ الظُّهْرِ، لَمْ تَنَلْهُ شَفَاعَتِي

“Kim zöhr namazından qabaqkı 4 rükəti tərk etsə, ona mənim şəfaətim çatmaz.” ((İbrahim əl-Mərğinani, əl-Hidayə, Kahraman nəşriyyatı, İstanbul, 1986-cı il, 1-ci cild, s. 72.))

Məlumdur ki, əl-Hidayə adlı bu əsər Hənəfi fiqhinin əsas mənbələrindən biri kimi götürülür. İslam alimi imam Zeylai bu əsərin hədislərini tədqiq etdiyi Nasbu-r-rayə adlı əsərində bu rəvayəti qeyd edib. Lakin onu “qaribun ciddən” ifadəsi ilə səciyyələndirib. Eyni zamanda həmin rəvayətin heç bir ravisinin adını çəkməyib. ((Baxın: Zeylai, adı çəkilən əsər, 2-ci cild, s. 162.))

İbn Həcər əl-Əsqəlani də əl-Hidayə əsərindəki hədisləri tədqiq edib. Onun əsərinin adı əd-Dirayədir. Əl-Əsqəlani haqqında danışdığımız hədis barədə: “Onun mənbəyini tapa bilmədim”, – deyib. ((İbn Həcər əl-Əsqəlani, əd-Dirayə, 1-ci cild, s. 205.))

Əlavə olaraq, qeyd edilir ki, İmam Nəvəvi də: “Bu hədisin əsli yoxdur”, – deyib. ((Fəttəni, Təzkiratu-l-məvduat, 1-ci cild, s. 48.))

Nəticə olaraq, bu rəvayət hədis elminə əsasən dəlil kimi götürülə bilməz.

İnsanın namaz məsələsindəki dini öhdəliyi vacib (fərz) namazlarını qılmaqdan ibarətdir. Sünnə (müstəhəb) namazlarını qılan savab qazanır. Amma qılmayan buna görə günaha batmır.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa cavaba da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/4517.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.