Müsəlmanlar

İnsanın sağında və solunda “Kiramən-katibin” mələkləri varmı?

Sual: Kiramən-katibin nə deməkdir?

Cavab: Kiramən-katibin insanların danışıq və hərəkətlərini qeyd edən mələklərə deyilir.

Bu ifadə Ərəb dilində yazan, qeyd edən mənası verən katib sözü ilə yaxşı, kəramətli, dürüstqiymətli mənasını daşıyan kərim sözündən yaranıb. Kiramən-katibin birləşməsinin mənası qiymətli (şərəfli) yazıçılar (yazanlar) deməkdir.

Bu ifadə Qurani-Kərimdə insanların yanlarında olan və onların gördükləri işləri əməl dəftərlərinə yazan mələklər haqqında işlədilir. Buna əsasən insanın hərəkət və danışığını qeyd etmək üçün biri sağında, digəri də solunda olmaqla iki mələyə tapşırıq verilib. Sağdakı mələk insanın yaxşı söz və hərəkətlərini, soldakı isə pis əməl və sözlərini yazıb qeyd edir. Bununla əlaqədar bəzi Quran ayələri aşağıdakı kimidir:

“İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 50/16-18)

“Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –

(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər (kiramən katibin: كِرَامًا كَاتِبِينَ) vardır.

Onlar sizin nə etdiklərinizi bilirlər.” (İnfitar, 82/10-12)

“Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında (əməllərini) yazan elçilərimiz vardır.” (Zuxruf, 43/80)

Bu məsələyə dair hədislər və ətraflı məlumat üçün Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına ((26-cı cild, Ankara, 2002, s. 59-60. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.)) müraciət edə bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.