Müsəlmanlar

Qurana əsasən insan öldüyü vaxt güclü ağrı hiss edir?

Sual: İnsan öldüyü vaxt (can üstündə olduqda) əzab-əziyyət çəkir? Quran bu barədə nə deyir?

Cavab: Quran ayələrində deyilir ki, bəzi insanlar ölüm vaxtı çox əzab-əziyyət çəkəcəklər. Həmin ayələr bunlardır:

“Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” (dediklərini) bircə görəydin.

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır.” (Ənam, 6/93-94)

“Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər:) “Dadın yandırıcı odun əzabını!

Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir.” (Ənfal, 8/50-51)

İslam dininin düzgünlüyünü yaxşı-yaxşı başa düşdükdən sonra dindən üz döndərənlər haqqında da belə deyilir:

“Hidayət yolunu tanıdıqdan sonra (haqdan dönüb) geriyə üz tutanlara şeytan (günah işləri) gözəl göstərdi və onlara uzun ömür vəd etdi.

Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sirlərini bilir.

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda (halları) necə olacaq?

Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də (Allah) onların əməllərini boşa çıxartdı.” (Muhəmməd, 47/25-28)

Düzgün işlər görən, namuslu yaşayan möminlərə isə ölüm vaxtı yaxşı rəftar olunacaq. Bununla əlaqədar ayələr aşağıdakılardır:

“Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kə­­dərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır.

Bağışlayan və Rəhmli (Allah tərəfindən) (verilən) ziyafət kimi.” (Fussilət, 41/30-32)

“O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl, 16/32)

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2931.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.