Müsəlmanlar
Ölümdən sonrakı dövr üçün xeyirxahlıq

Ölümdən sonrakı dövr üçün xeyirxahlıq

Sual: Mən öz evimi Quran tədris mərkəzinə bağışlamaq istəyirəm. Yəni, elə bir müqaviləyə qol çəkmək istəyirəm ki, mən və ərim öldükdən sonra evimiz həmin mərkəzin olsun. Belə bir şey mümkündür? İslamda bu haqda nə deyilir?

Cavab: Bir mal və ya mülkü ölümdən asılı olaraq bir yerə bağışlamaq varis(lər)dən mal qaçırtmaq, yəni, onları həmin maldan məhrum etmək deməkdir. Bunun savabı deyil, əksinə, günahı olur. Çünki insan öldükdən sonra mal-mülkü onun varislərinə keçir. Ona görə də sizin bu cür hərəkət etməyiniz düz deyil. Əgər bağışlayacaqsınızsa, sağlığınızda bağışlayın.

Allah Təala belə buyurur:

“Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.

Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.” (Münafiqun, 63/10-11)

Bir dəfə əshabələrdən biri Muhəmməd peyğəmbərin (s. a. v.) yanına gəlib belə soruşdu:

– Hansı sədəqə daha yaxşıdır?

Peyğəmbər bu suala cavab olaraq belə dedi:

“Bu, sənin sağlam, olduqca xəsis olduğun, kasıblıqdan qorxan və varlı olmağı arzuladığın bir vaxtda verdiyin sədəqədir. (Odur ki) Bu işi can boğaza yetişib: “Filankəsə bu qədər, filan adama da bu qədər”, – deyənə qədər gecikdirmə. Diqqət yetir, o mal onsuz da o filankəsin olubdur.” ((Buxari, Vəsaya, 7. Baxın: Buxari, Zəkat, 10; Müslim,  Zəkat, 92 (1032).))

Öldükdən sonrakı dövr üçün edilən vəsiyyət isə artıq o malın varisə keçdiyi vaxtda qüvvəyə minsin deyə, edilir. Vəsiyyət edənin o malla bütün əlaqəsi kəsilir. Çünki o insan artıq ölür. Bu səbəbdən də belə bir vəsiyyətdən savab gözləmək əbəsdir.

Əgər siz sağ olduğunuz bir vaxtda Allah yolunda xeyirxahlıq etsəniz, siz öldükdən sonra da o əməlinizə görə savab gələcəkdir; çünki bu, sədəqeyi-cariyədir. Başqa sözlə desək, öləndən sonra xeyir və ehsanı davam edənlər ölməmişdən qabaq arxada nəsə qoyub gedənlərdir. Allah belə insanlarla əlaqədar olaraq belə buyurur:

“Ölüləri Biz dirildəcəyik. Gördükləri işləri də, qoyub getdiklərini də yazırıq”. (Yasin, 36/12)

Peyğəmbərimizin belə bir hədisi də var:

“İnsan öldüyü vaxt onun əməli kəsilir. Ancaq 3 şey istisnadır:

1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri;

2) Fayda əldə edilən elm;

3) Onun özünə xeyir-dua edən yaxşı övlad.” ((Müslim, Vəsiyyət, 14 (1631). Əlavə olaraq baxın: Əbu Davud, Vəsaya, 14; Tirmizi, Əhkam, 36; Nəsai, Vəsaya, 8.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.