Müsəlmanlar

Dini məsələlərdə vəsvəsədən nə cür xilas olmaq olar?

Sual: Mən ibadətlərimdə vəsvəsələrdən heç cür xilas ola bilmirəm. Xahiş edirəm, mənə bir məsləhət verəsiniz.

Cavab: Hər şeydən əvvəl bilməlisiniz ki, bu kimi hallara şeytan səbəb olur. Quranda bununla əlaqədar olaraq belə deyilir:

(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”

(Allah) dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”.

(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.

(Allah) dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”.

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam.

Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf, 7/12-17)

Şeytan ancaq düzgün yolda olanlara vəsvəsə verir. Bu da onu göstərir ki, onların gördükləri işlər dinə müvafiqdir. Bu kimi hallarda nə etmək lazım olduğuna dair məlumatı aşağıdakı ayələrdən öyrənirik:

“Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər.” (Əraf, 7/200-201)

Yuxarıdakı ayələrdən belə məlum olur ki, şeytan insana vəsvəsə verir. Amma siz özünüzü bu kimi şeylərə təslim etməyin. Özünü vəsvəsələrə təslim edən insan ibadətlərində səhvə yol verir və ibadət etməkdən həzz ala bilmir. Vəsvəsə elə bir şeydir ki, insanı batil yollara salır. Hətta bu, insanın psixologiyasını da poza bilər.

Elə isə narahat olmayın, özünüzə zərər verməyin. Bundan xilas olmaq üçün tez-tez əuzu-bəsmələ çəkin, İxlas, Fələq və Nas surələrini mənaları ilə birlikdə oxuyun.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3556.html

http://www.muselmanlar.com/fitvalar/2928.html

http://www.muselmanlar.com/fitvalar/588.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.