Müsəlmanlar

Xeyir və şərin Allahdan olmağı barədə məlumat

Sual: Məni bir məsələ yaman düşündürür. Bu həyatda başımıza gələn şeylər bir imtahandır, bundan şübhə etmirəm. Amma bəzi məsələləri də başa düşə bilmirəm. Mənim öhdəsindən gələ bilmədiyim bu imtahan hansısa bir günahımın əvəzidir? Bəlkə, biz: “Başımıza gələn hər şey öz ucbatımızdan gəlir”, - deyib, toxtaqlıq tapmalıyıq? Deyirlər ki, xeyir də, şər də Allahdandır. Elə isə bütün bu hadisələri, xəstəlik və müsibətləri necə qəbul etmək lazımdır?

Cavab: Xeyir və şər iki cürdür. Biri ilə imtahana görə üzləşirik, digərini də imtahanın nəticəsində əldə edirik. Allah Təala Quranda belə buyurur:

“Biz sizi sınamaq üçün şər və xeyirlə ağır imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!”. (Ənbiya, 21/35)

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can [oğul-uşaq, övlad] və məhsul qıtlığı ilə imtahana çəkərik. Səbr edənlərə müjdə ver!

O şəxslər ki, onlara bir müsibət üz verdiyi zaman: “Biz Allaha aidik və şübhəsiz ki, Ona dönəcəyik!”, – deyirlər.

Onların üzərində Allahın verdiyi kamilliklər və bərəkət [rəhmət] vardır. Doğru yolda olanlar məhz onlardır!”. (Bəqərə, 2/155-157)

Xeyir və şərin bu növü hamının başına gəlir. Bir də imtahanla əldə olunan xeyir və şər var. Allah onları layiq olana verir. Əgər başımıza gələnlər imtahana görədirsə, səbr etmək və imtahanda müvəffəq olmaq lazımdır. Yol verdiyimiz səhvləri isə, bunlar bizim qazandığımız və əleyhimizə olan şərlərdir ki, bir daha təkrar etməməli və onlara görə tövbə etməliyik.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.