Müsəlmanlar

Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır?

Sual: İslamda E 120 maddəsi və həmin maddə ilə istehsal olunan qida məhsullarına necə baxılır?

Cavab: Öz məlumatlarımız çərçivəsində deyə bilərik ki, E 120 maddəsi koşineal, karminik turşu və ya həqiqi karmin adları ilə yazılır. Karmin maddəsi Meksika, Boliviya, Çili və Peru kimi ölkələrdə yetişən bir növ tikanlı kaktus bitkisinin üstündə yaşayan dactylopius coccus adlı böcəyin yumurtaları və qurumuş qabıqlarının suda qaynadılması ilə əldə olunur. Belə ki, bu məhlul bir sıra kimyəvi əməliyyatlardan sonra qurudulur. Sonra üyüdülür və nəticədə E 120 maddəsi alınır. 140 min böcəkdən 1 kq boya (rəng) götürülür.

Cochineal (dactylopius coccus) adlandırlan böcəyin haram edildiyinə dair heç bir Quran ayəsi və peyğəmbər hədisi yoxdur. Bu kimi kiçik həşəratlar Maliki məzhəbinə əsasən halal, Hənəfi, Şafei və Hənbəlilərin fikrincə isə haramdır. Onların dəlili insanların bu kimi şeyləri xoşlamamaqlarıdır. Təbii ki, xoşlamamaq məsələsi nisbidir; insandan insana və cəmiyyətdən cəmiyyətə dəyişilir. Dini cəhətdən təmiz hesab olunan kaktus bitkisinin üstündə yaşamağı onun təmiz hesab edilməli olduğunu göstərir.

Muhəmməd peyğəmbərdən (s. a. v.) belə bir hədis rəvayət edilir:

Allahın rəsulu ilə dostluq etdim. Söhbətlərində iştirak etdim. Həşəratın haram olunduğunu eşitmədim.” ((Əbu Davud, Ətimə, 30. Milqab ibn Təlbib tərəfindən nəql olunub.))

Bu hədisi şərh edən Əbu Süleyman əl-Xəttabi bunları qeyd edir:

“Biz bu hədisdən belə başa düşürük ki, həşəratın yeyilməsi, yəni, onun mübah hesab edilməsi peyğəmbərimizin dövrünün adətlərindən biri idi. O da bu adətdən xəbərdar idi. Ona görə də insanların həşərat yeməklərinə mane olmadı.” ((Mənbə: əl-Xəttabi, Məalimu-s-Sünən, Əbu Davudun “Ətimə” kitabının 30-cu babındakı hədisin şərhi.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.