Müsəlmanlar

Qusmaq orucu pozur?

Sual: Qusmaq orucu pozur? Bu barədə müxtəlif fikirlər var. Ağız dolusu da olsa, qusmaq orucu batil etmir?

Cavab: Qusmaq orucu pozmur. Çünki orucu pozan amillər bir şey yemək, içmək, cinsi əlaqə və bu kateqoriyaya daxil olan şeylərdir.

Buxari qeyd edir ki, Abdulla ibn Abbas və İkrimə (r. a.): “Oruc bədəndən içəri girən şeylərə qarşı özünü qorumaq deməkdir. Bədəndən çıxan şeylərə yox”,­ – deyib qusmağın orucu pozmadığını bildiriblər (Buxari, Savm, 32).

Risalələrdə, eləcə də fiqhlə (İslam hüququ) əlaqədar digər kitablarda deyilir ki, qəsdən qusmaq orucu pozur. Öz istəyindən asılı olmadan qusmaq isə pozmur. Bu fikri dəstəkləmək üçün aşağıdakı hədisi dəlil gətirirlər:

Peyğəmbər (s. a. v.) buyurdu:

“Oruclu olduğu halda istəmədən qusan şəxsə qəza lazım deyil. Amma özü bilə-bilə qussa, orucunu qıza etsin”. (Əbu Davud, Siyam, 33; Tirmizi, Savm, 25; İbn Macə, Siyam, 15)

Tirmizi bu hədisi belə izah etmişdir:

“Əbu Hüreyrənin rəvayət etdiyi bu hədis həsən qəribdir və etibar edilməz. Biz bu hədisin Hişam ibn Sirindən, Əbu Hüreyrədən rəvayətini təkcə İsa ibn Yunusun rəvayəti ilə bilirik”.

Muhəmməd (Buxari) deyir ki, bu hədis Əbu Hüreyrədən müxtəlif cür rəvayət olunub və sənədi o qədər də düzgün deyil. Əbu Dərda, Səvban, Fədalə b. Ubeyddən də nəql olunub ki, peyğəmbər (s. a. v.) qusaraq orucunu pozub. Bunun mənası belədir:

Peyğəmbər müstəhəb oruc tutmuşdu. Elə oldu ki, qusdu və zəif düşdü. Ona görə də orucunu davam etdirmədi. Bununla əlaqədar bəzi hədislər bu cür şərh olunub”.

Nəticə olaraq deyək ki, orucla əlaqədar ayələrə əsasən ağız dolusu olsa da, qusmaq orucu pozmur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.