Müsəlmanlar

Allah haradadır?

Sual: Allah haradadır? Bir çox Quran ayəsi və peyğəmbər hədisi Allahın səmada olduğunu göstərir. Məzhəblər də bunu qəbul edirlər. Bunu sübut etmək üçün bu ayələri göstərirlər: Mülk, 67/16; Nəhl, 16/50; Nisa, 4/158. Bu məsələ ilə əlaqədar bəzi hədislər də var: Muhəmməd peyğəmbər bir kənizdən: “Allah haradadır? Bəs mən kiməm?”, - deyə, suallar soruşmuş, o da cavab olaraq: “Allah səmadadır. Sən Allahın elçisisən”, - demişdir. Bu dəm peyğəmbər kənizin ağasına deyib ki, onu azad et. Çünki o, mömindir (Müslim, Əbu Davud və Nəsai rəvayətləri). Peyğəmbərimiz belə deyib: “Mən səmada olan Allahın əmini olduğum halda mənə etibar etmirsiniz?” (Buxari və Müslim rəvayətləri). Deməli, (bütün bu ayə və hədislərə əsasən) Allah səmadadır. Siz bu məsələ ilə əlaqədar olaraq nə deyərdiniz?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, səma deyildikdə insanın ağlına göy gəlir. Göy kürə formasında olan yer üzünün hər tərəfini əhatə edir. Başqa cür desək, bizim qabağımız, arxa tərəfimiz, üst və altımız səma ilə əhatə olunub. Səmanın mənası ucalıq, yüksəklik deməkdir. Ərəblər tavana, atın belinə, hətta yerdən çıxıb yüksələn ota belə, səma deyirlər. ((Mənbə: Məqayisu-l-lüğə.))

Yuxarıdakı şəkil dünyanın fotoşəklidir. ((Bu şəkil 10.08.2011-ci ildə http://www.resimler.tv/resim4845.htm adresindən götürülmüşdür.)) Onun üstü, eləcə də, altı, qabağı və arxası səmadır.

Allahı oxşada biləcəyimiz heç bir şey yoxdur (Şura, 42/11).

“Göydəki ilah Odur. Yerdəki ilah da O. Bütün qərarları düzgün olan və hər şeyi bilən Odur”. (Zuxruf, 43/84)

“Göyləri və yeri altı gündə yaradan Odur. Sonra da Ərşi hakimiyyətinə daxil etmişdir.  O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Harada olursunuzsa, olsun, O, sizinlə bərabərdir. Allah etdiyiniz hər şeyi görür. Göylərdə və yerdə hakim olan ancaq Odur. Bütün işlər Ona qaytarılacaqdır”. (Hədid, 57/4-5)

“İnsanı Biz yaratdıq. Ona şah damarından da yaxın olduğumuz üçün nəfsinin ona nə vəsvəsə etdiyini də bilirik”. (Qaf, 50/16)

Allah qüdrət və elmi ilə hər yerdə olduğu kimi, zatı ilə də hər yerdədir. O zatı ilə bizə şah damarımızdan da yaxındır. Buna görə də öz nəfsimizin bizə nəyin vəsvəsəsini verdiyini bilir. Üstümüzdəki mələklər də bizə yaxındır. Amma onların yaxınlığı bizim daxilimizdəkiləri biləcək qədər deyil. Onlar sadəcə olaraq bizim ağzımızdan çıxan sözü və gördüyümüz işləri bilə bilərlər. Allah Təala belə buyurur:

“Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır). Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın”. (Qaf, 50/17-18)

“Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –

çox möhtərəm, (əməllərinizi) yazanlar.

Onlar sizin nə etdiklərinizi bilirlər”. (İnfitar, 82/10-12)

Elə isə “Allah səmadadır” sözü Ona bir yer təyin etmək üçün deyil, Allahın ucalıq və ululuğunu ifadə etmək üçün deyilir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.