Müsəlmanlar
Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır?

Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır?

Sual: Siz keçdiyiniz dərslərin birində qeyd etdiniz ki, Cənnət sözünün mənası bağ deməkdir. Bəs o biri xüsusi ifadə və məfhumların mənasını, daha doğrusu, Azərbaycanca ekvivalentini haradan tapmaq olar? Misal üçün, cin sözü kimi sözləri. Mən bunların mənasını lüğətlərdə tapa bilmirəm. Ətraflı izah olunmayıb. Cənnət və Cəhənnəm sözləri də elə olduğu kimi verilib. Sizin bu məsələ ilə əlaqədar olaraq məsləhətiniz nədir?

Cavab: Bəli, hər bir sözün mənasını Ərəbcə-Azərbaycanca və Ərəbcə-Rusca lüğətlərdə tapmaq olmur. Daha dəqiq desək, bəzi söz və ifadələr lüğətlərdə geniş formada izah edilmir. Əlavə olaraq, Ərəb dili üçün qabaqcıl əsərlər kimi qəbul olunan əhəmiyyətli lüğət və kitablar (Azərbaycanda şərqşünaslığın Ərəb filologiyası sahəsinin bu qədər inkişaf etməyinə baxmayaraq) hələ Azərbaycan dilinə tərcümə olunmayıb.

Sualınızda qeyd etdiyiniz məsələlərə dair tədqiqat aparmaq o qədər də asan deyil. Çünki bunun üçün uzun müddət və müntəzəm olaraq işləmək tələb olunur. Həm də bu işi görərkən düzgün metodlardan istifadə olunmalıdır.

Odur ki, vəziyyətdən asılı olaraq müxtəlif təfsir kitablarına müraciət etmək lazımdır. Sizə oxu tövsiyələri qəbilindən Osmanlıca-Türkcə yazılmış (sonradan sadələşdirilib və müasir Türk dilinə uyğunlaşdırılıb) Elmalılı Muhammed Hamdi Yazır adlı alimin təfsir kitabını – “Haqq dini, Quran dili”ni məsləhət görə bilərik. Çünki həmin əsərdə müəllif ayrı-ayrı sözlərin mənşəyi üzərində durur və bununla bağlı ətraflı məlumat verir.

Əlavə olaraq, Rağib əl-İsfahaninin məşhur “Müfrədatu əlfazi-l-Quran” (qısa adı: “Müfrədat”) adlı əsərindən istifadə edə bilərsiniz. Yeri gəlmişkən, bu əsər Yusuf Türker tərəfindən “Müfredat: Kur’an Kavramları Sözlüğü” adı ilə Türk dilinə də tərcümə olunmuşdur (1648 səhifə).

Bütün bunlarla yanaşı, mənasını axtardığınız sözlərlə əlaqədar olaraq Türkiyə Diyanet Vakfı tərəfindən nəşr olunan İslam Ansiklopedisi (ensiklopediya) adlı mənbəyə də müraciət edə bilərsiniz. Bu əsər AMEA-nın mərkəzi kitabxanasının şərq zalında, eləcə də, BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında mövcuddur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.