Müsəlmanlar

Transplantasiya

Sual: İslamda orqan köçürmək, orqan bağışlamaq və orqan satmaq barədə nə deyilir?

Cavab: Məlum olduğu kimi orqan köçürülməsi məsələsi son dövrlərdə meydana çıxmış məsələlərdən biridir. Bu məsələ ilə əlaqədar olaraq İslam Konfransı Təşkilatının nəzdindəki İslam Fiqh Akademiyasının 6-11 Fevral 1988-ci il tarixdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində qəbul etdiyi bir qərar var. ((İslam Fiqh Akademiyası IV Rüb Yığıncağı, 1 nömrəli qərar, Ciddə şəhəri, 6-11 Fevral 1988-ci il.)) Bu qərardakı hökmlər mahiyyət etibarilə hazırkı İslam alimlərinin ümumi qənaətini əks etdirir. Bu qərarı onu doğuran amillərə yer ayırmadan yazaq:

Eyni bədən daxilində köçürmə

Bir şəxsin bir orqanı öz bədəninin başqa bir yerinə köçürülə bilər. Əsas odur ki, bu köçürmə nəticəsində hasil olacaq faydanın meydana gəlməsi ehtimal edilən zərərdən çox olacağına dair qəti bir qənaət olsun. Bu əməliyyat olmayan bir orqanı formalaşdırmaq, yaxud da bir orqanın normal formasını alması və ya ondan gözlənən funksiyanı yerinə yetirməsini təmin etmək məqsədilə aparıla bilər. Belə bir əməliyyatın bədəndəki bir qüsuru və ya insanı psixi cəhətdən narahat edən bir çatışmazlığı aradan qaldırmaq üçün aparılması da mümkündür.

Qan və dəri köçürülməsi

Qan və dəri kimi orqanizmin təzələyə bildiyi şeylər bir insandan digər bir insana köçürülə bilər. Belə bir köçürməni həyata keçirmək üçün qan və ya dəri verən şəxs doğru ilə səhvi bir-birindən seçə bilmək qabiliyyətinə malik olmalıdır. Əlavə olaraq köçürməyə əsas təşkil edən haqlı səbəblər də olmalıdır.

Yaşayan bir insandan orqan köçürmək

Bir şəxsdən xəstə olduğuna görə götürülmüş bir orqanın öz funksiyasını yerinə yetirə bilən hissələri başqa bir insana köçürülə bilər. Məsələn, xəstə olduğuna görə çıxardılan bir gözün mərcəyini digər bir insana nəql etmək caizdir; başqa sözlə, buna icazə verilir.

İnsanın həyatı onlardan asılı olan ürək kimi orqanlar diri bir insandan başqa bir insana köçürülə bilməz.

İnsan bəzi orqanları olmadan da yaşaya bilər. Lakin onların tamamilə olmamağı bədənin bəzi əsas funksiyalarını yerinə yetirə bilməməyinə gətirib çıxardır. Hər iki göz mərcəyinin köçürülməsini buna misal vermək olar. Canlı bir şəxsdən bu cür bir köçürmə aparmaq haramdır.

Ölüdən orqan götürüb başqasına nəql etmək

Bir şəxsin yaşaması və ya bədəninin bəzi əsas funksiyalarını yerinə yetirməsi onlardan asılı olan orqanlar ölmüş bir şəxsdən götürülüb nəql edilə bilər. Bunun üçün ya ölünün məhz özünün vəsiyyəti, ya da varislərinin icazəsi olmalıdır.

Orqan satmaq

Həmrəyliklə qəbul edilmişdir ki, heç bir halda orqan satışına icazə vermək olmaz. Çünki səbəbi nə olursa olsun, bir insanın orqanını satmaqdan söhbət belə gedə bilməz.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.