Müselmanlar
Qadın tək başına 90 kilometrdən uzağa gedə bilər?

Qadın tək başına 90 kilometrdən uzağa gedə bilər?

Sual: Deyirlər ki, qadınlar 90 kilometrdən uzaq yola çıxa bilməzlər. Bunun səbəbi nədir? Ümumiyyətlə qadının səfəri məsələsi necə qiymətləndirilir?

Cavab: Buradakı 90 km məsələsini peyğəmbərimizin (s. a. v.) hədislərindəki bir bəridlik məsafə, bir və ya 3 fərsəxlik yol və 3 günlük yol kimi ifadələrə əsaslandırırlar. Hədislərdə deyilir ki, qadınlar bu məsafələrə məhrəmsiz gedə bilməzlər. Bir sözlə, peyğəmbər (s. a. v.) bəzən çox qısa məsafələri, bəzi hallarda da uzun məsafələri qadağan edib. Mötəbər (səhih) bir hədisə əsasən peyğəmbər əleyhissəlamla əshabələrdən biri olan Ədiy ibn Hatimin arasında belə bir söhbət olub:

Ədiyy bin Hatim (r. a.) belə nəql edir: Mən peyğəmbərin yanında idim. Bu dəm bir adam gəlib ona kasıblıqdan şikayət etdi. Sonra başqa bir nəfər gəlib peyğəmbərə yol kəsilməsindən giley-güzar etdi. Peyğəmbər (s. a. v.) soruşdu:

“Ədiyy! Sən Hirə şəhərini görmüsənmi?”.

Mən: “Xeyr, görməmişəm, lakin ora haqqında məlumatım var. Bu barədə mənə danışıblar”, – deyə cavab verdim.

Peyğəmbərimiz (s. a. v.): “Əgər sənin ömrün vəfa etsə (yaşasan), hövdəc ((Qadınların minməyi 3ün dəvənin belinə qoyulan kiçik kəcavə, təxti-rəvan.)) içində səfər edən qadının Hirədən yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan ta Kəbəni təvaf edəcəyini görəcəksən”, – dedi.

Mən buna təəccübləndim və öz-özümə: “Əyalətlərdə fitnə-fəsad atəşini yandırmış o Tayy qəbiləsinin yolkəsənləri harada qalacaq ki, (qadın tək başına səfərə çıxacaq?)”, – dedim.

Ədiyy sözlərinə belə davam etdi: “Mən Hirədən kəcavə içərisində yola çıxıb Allahdan başqa heç kəsdən qorxmadan nəhayət ki, Kəbəni təvaf edən qadını gördüm”. ((Buxari, Mənaqib, 25.))

Qeyd edək ki, Hirə şəhəri indiki İraqın Nəcəf əyalətində bir qəza-quberniya mərkəzi olub Kufə şəhərinin 5 km cənubunda və Kufə ilə Havernak arasında olan Kinidrə təpəsinin cənub-şərqində, Fərat çayı kənarında yerləşən geniş bir düzənlikdə qurulub. ((Hüseyin Ali Əd-Dəquqi, “Hire”, Diyanet İslam Ansiklopedisi, Türk dilində, XVIII cild, s. 122.))

Bütün bu deyilənləri birləşdikdə səfərdə əsas məsələnin təhlükəsizlik məsələsi olduğunu başa düşmək olur. Deməli, təhlükəsizlik təmin olunursa, problem yoxdur. Ancaq təhlükəsizlik olmasa, nə kişi, nə də qadın bir yerə gedə bilər. Bu məsələ çox vacibdir. Təhlükəsizliyin təmin olunmadiği bir şəraitdə bir küçədən digər bir küçəyə keçmək belə, mümkün olmur.

Qayıdaq 90 km məsələsinə. Hənəfi məzhəbinə mənsub olanlar 3 günlük yola çıxanların məstlərinə məsh çəkə biləcəklərini bildirən hədisə əsasən belə deyirlər: “Hədisdə deyildiyinə görə ancaq 3 günlük yola çıxanlar səfəri hesab olunurlar”. Onlar buna əlavə olaraq, 3 günlük məsafəni piyada getmək kimi qəbul edirlər. Təxminən hesablayırlar ki, insan bir gündə 30 km piyada gedə bilər. Elə isə 3 gündə 90 km gedə bilər. Deməli, 3 günü 90 km-lə məhdudlaşdırmaq lazımdır. Bunlar Hənəfilərin fikridir. Onlar fitvalarını bunlara əsasən verirlər. Odur ki, bu 90 km söhbəti buradan irəli gəlmişdir.

Bəzi insanlar da 3 günlük məsafəni belə anlayırlar: Hal-hazırda texniki imkanlar inkişaf edib. Heç kəs piyada səfərə çıxmır. Heç bir səfər də 3 gün çəkmir. Odur ki, heç kəsi səfəri hesab etmək olmaz.

Bizim fikrimizcə, bu fikirlərin heç birinin əsas və dəyəri yoxdur. Çünki burada əsas məsələ səfərdir. Əgər bir insan adət-ənənəyə əsasən yolçu (səfəri, səfər üstündə) hesab edilirsə, problem yoxdur.

Yeri gəlmişkən, sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/qadinin-seferi

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin