Müsəlmanlar
Zəkəriyya peyğəmbər 3 gün ərzində danışmadı, yoxsa danışa bilmədi?

Zəkəriyya peyğəmbər 3 gün ərzində danışmadı, yoxsa danışa bilmədi?

Sual: Ali-İmran surəsinin 41-ci ayəsinə əsasən həzrəti Zəkəriyyaya 3 gün ərzində heç kəslə danışmamaq əmri verilmişdi? Yoxsa İncildə deyildiyi kimi, nitq qabiliyyəti müvəqqəti olaraq əlindən alınmışdı? Əgər birinci versiya düzgündürsə, xahiş edirəm, Uca Allahın bu əmri verməyinin hikmətini mənə başa salın.

Cavab: Zəkəriyya peyğəmbərlə əlaqədar əhvalatda: “Sən 3 gün ərzində heç kəslə danışma”, – deyə, bir qadağadan söhbət gedə bilməz. Əsl məsələ belədir:

Zəkəriyya peyğəmbərə mələklər tərəfindən bir oğlan uşağı olacağına dair müjdə verildikdə o da eynilə İbrahim peyğəmbər kimi, istədi ki, ürəyi arxayın olsun. Bu məqsədlə də Allah Təaladan bir ayə (əlamət) istədi. Bunun üstündən Allah belə buyurdu:

“Sənin ayən (əlamət) 3 gün insanlarla işarələşmək (him-cim etmək) xaricində danışmamağındır. Rəbbinin adını çox yad et və səhər-axşam ibadət et!”. (Ali-İmran, 3/41)

Bu ayəyə dil nöqteyi nəzərindən baxdıqda məlum olur ki, əsl məsələ “danışa bilməmək”dir. Belə ki, “أَن لا تُكَلِّمَ” felinin axırı mənsubdur. Yəni, fəthə ilə qurtarır. Bu da öz növbəsində göstərir ki, felin əvvəlindəki “لا” qadağan edici “la” deyil; inkarı bildirən “la”dır. Buna görə də felin axırı “أَن” ilə fəthə olub.

Fəxrəddin Razinin təfsirində Zəkəriyya peyğəmbərin danışa bilməməyinin hikməti ilə əlaqədar olaraq belə bir izah var:

“Bil ki, Zəkəriyya peyğəmbər ona verilən muştuluğun hədsiz sevinci, eləcə də, Allahın ona ikram etməyi və verdiyi nemətə görə bu hamiləliyin həqiqi olduğuna dair bir əlamət göstərilməyini istədi. Çünki hamiləlik halı özünü elə o dəqiqə büruzə vermir. Elə buna görə də: “Ya Rəbbi, mənə bir işarə göstər”, – dediyi vaxt Allah: Sənin ayən (əlamət) 3 gün insanlarla işarələşmək (him-cim etmək) xaricində danışmamağındır”, – deyə, buyurdu.

Bunda aşağıdakı 2 xeyir var:

1) Bunun onun xanımının uşağa qaldığına bir əlamət olmağı;

2) Allah onun dilini həmin vaxt ərzində Onu zikr və Ona itaətlə məşğul olub bu böyük nemətə görə şükt etsin deyə, dünyəvi şeylərdən uzaq etmişdir. Allah bununla Zəkəriyya peyğəmbəri zikr, təsbeh (sübhanallah demək) və təhlil (la ilahə illəllah demək) etməyə həvəsləndirmişdir”. (MƏNBƏ: Fəxrəddin ər-Razi, Təfsiru-l-kəbir, Beyrut, 1999, 3-cü nəşr, 3-cü cild, s. 215)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.