Müsəlmanlar

Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır?

Sual: Ölülərin adına ehsan versək, ya da kiməsə əl tutub sədəqə versək, savabı onlara çatar? Bu barədə bir hədis var: “Aişə nəql edir ki, bir dəfə bir adam peyğəmbərin yanına gəlib belə dedi: “Mənim anam qəfildən öldü. Mənə elə gəlir ki, əgər axırıncı nəfəsində danışa bilsəydi, deyəcəkdi ki, sədəqə verim. İndi mən onun dalınca sədəqə versəm, savabı gedib ona çatar?”. Peyğəmbər bu suala: “Bəli”, - deyə, cavab verdi”. (Buxari, Cənaiz, 95, Vəsaya, 19; Müslim, Zəkat, 51). Bu məsələni hədislə birlikdə necə qiymətləndirmək lazımdır?

Cavab: Sualınızda qeyd etdiyiniz hədisdəki: “Əgər danışa bilsəydi, sədəqə verilməyini vəsiyyət edərdi” cümləsi əslində: “Əgər danışsaydı, sədəqə verəcəkdi: لَوْ تَكَلَّمَتْ تَصَدَّقَتْformasındadır. Belə başa düşülür ki, ölümün qəfildən gəlməyi həmin qadının sədəqə verməyinə mane olub. Oğlu isə anasının vaxtilə vermək istədiyi sədəqəni vermək istəyib. Peyğəmbərimiz (s. a. v.) də bunun savabının anasına çatacağını bildirib.

Muhəmməd peyğəmbərdən (s. a. v.) bu məsələ ilə əlaqədar olaraq aşağıdakı hədislər nəql olunub.

Əbu Həbibə ət-Tai (r. a.) demişdir:

“Bir nəfər ölüm ayağında Allah yolunda xərclənmək məqsədilə bir qədər pul vəsiyyət etdi. Əbu-d-Dərdadan (r. a.) bu məsələni soruşdular. O da peyğəmbərdən bu hədisi nəql etdi”:

“Ölüm ayağında sədəqə verən və ya bir əsiri azad edən insan doyandan sonra kimisə bir şeyə qonaq edənə oxşayır”. (Nəsai, Vəsaya, 1)

Əbu Hüreyrə (r. a.) nəql edir ki, bir gün bir adam peyğəmbərin hüzuruna gəlib savab baxımından daha böyük olan sədəqə barədə soruşdu.  Peyğəmbər əleyhissəlam bu suala belə cavab verdi:

“Bu, sənin sağlam, olduqca xəsis olduğun, kasıblıqdan qorxduğun və varlı olmağı arzuladığın bir halda verdiyin sədəqədir. Bu işi can boğaza gəlib çatdığı vaxta saxlama. Yəni, məndən sonra filan adama bu qədər, filankəsə də filan qədər verilsin demə. Diqqət yetir! Onsuz da o şey filankəsin olub”. (Buxari, Zəkat, 10; Müslim, Zəkat, 92 (1032) Yəni, sədəqəni ölüm ayağında olduğun vaxta saxlama, sən öldükdən sonra onsuz da sənin deyil. Elə isə vaxtında ver.

Sualınızda qeyd etdiyiniz hədisdəki qadın ölüm əlamətləri üzə çıxmamış, yəni, qəfildən öldüyü üçün bu qrupa daxil deyil. O qadın öz niyyət və qərarına görə savab qazanıb. Halbuki, bu vəziyyətdə olmayanların ardınca edilən yaxşılıqlar onlara çatmır.

Öləndən sonra xeyir və ehsanı davam edənlər ölməmişdən qabaq arxada nəsə qoyub gedənlərdir. Allah belə insanlarla əlaqədar olaraq belə buyurur:

“Ölüləri Biz dirildəcəyik. Gördükləri işləri də, qoyub getdiklərini də yazırıq”. (Yasin, 36/12)

Peyğəmbərimizin belə bir hədisi də var:

“İnsan öldüyü vaxt onun əməli kəsilir ancaq 3 şey istisnadır:

1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri;

2) Fayda əldə edilən elm;

3) Onun özünə xeyir-dua edən yaxşı övlad”. (Müslim, Vəsiyyət, 14 (1631).)

Əlavə olaraq baxın: Əbu Davud, Vəsaya, 14; Tirmizi, Əhkam, 36; Nəsai, Vəsaya, 8.

Ölən insanın arxasınca görülməli olan işlər haqqında buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3215.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.