Müsəlmanlar
Hənəfi bir nəfər Şafei bir pişnamaza iqtida edə bilər?

Hənəfi bir nəfər Şafei bir pişnamaza iqtida edə bilər?

Sual: Hənəfi məzhəbinə əsasən əməl edənlər Şafei məzhəbindən olan bir pişnamaza tabe olub Cümə namazı qıla bilərlər?

Cavab: Bir nəfər Hənəfinin Şafei bir imam-camaatın arxasında Cümə və yaxud o biri namazları qılması məsələsi Hənəfi fəqihlər tərəfindən müxtəlif cür qiymətlənidirilib. Misal üçün, imam Əbu Yusuf həcamat qoyduran və dəstəmaz almadan camaata pişnamazlıq edən və bu barədə İmam Malikdən fitva alan xəlifə Harun ər-Rəşidin arxasında namaza durub və sonra namazını təzədən qılmayıb. ((Əli ibn Muhəmməd ibn Əbi-l-İzz əd-Dəməşqi, Şərhu-l-əqidəti-t-Təhaviyyə, Beyrut, 1408/1988, 2-ci cild, s. 530.))

Lakin Hənəfilərin sonrakı alimləri belə bir namazın səhih olmağı üçün müəyyən şərtlər qoyublar. Buna bir misal verək:

“Şafei məzhəbindən olan bir pişnamaza tabe olmaq şübhəsiz ki, səhihdir. Ancaq arxasında Hənəfi məzhəbindən olan bir şəxsin namaz qılmaq ehtimalı varsa, bu halda Şafei pişnamaz ixtilaflı yerlərdən çəkinməlidir. Məsələn, bir yerindən qan çıxsa, dəstəmaz almalı, qiblə tərəfindən çox da dönməməli və bu kimi ixtilaflı məsələlərə diqqət yetirməlidir”. ((əl-Fətava əl-Hindiyyə, Daru Sadir, 1991, Beyrut, 1-ci cild, s. 84.))

Qısa desək, müasir Hənəfi alimlərinin fikrinə əsasən Cümə və digər namazlarda Hənəfi bir nəfər Şafei bir pişnamazın arxasında duracaqsa, pişnamaz Hənəfilər kimi dəstəmazı və namazı pozan şeylərdən uzaq durmalıdır. Camaatdan bir nəfər bilsə ki, pişnamazın dəstəmazı və ya namazı Hənəfiliyə əsasən pozulub, bu halda pişnamazın arxasında namaza durmağı düzgün deyil.

Onu da deyək ki, bu kimi fikirlərin Quran ayələri və peyğəmbər hədislərində heç bir yeri yoxdur. Hənəfi Şafeiyə, Şafei də Hənəfiyə (və ya digər məzhəblərdən olanlara) tabe olub namaz qıla bilər.

O kəslərin arxasında namaz qılmaq olmaz ki, onların əqidəsində qəti olaraq şirk elementləri var. Əsas odur ki, pişnamazlıq edən şəxsin əqidəsi düz olsun. Əksi sübuta yetirilənədək (fiqhdəki ixtilaflara baxmayaraq) hər bir pişnamazın arxasında namaz qılmaq olar.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.