Müsəlmanlar

Qeyri-müsəlmanların xeyirli əməlləri nə olacaq?

Sual: Mənim sualım qeyri-müsəlmanların əməllərinə görə cənnətlik və ya cəhənnəmlik olmaqları ilə əlaqədardır. Görəsən, yaxşı işlər görən qeyri-müsəlman və çoxlu günaha batan qeyri-müsəlman tərəzinin eyni gözündə olacaq? Yoxsa hər birinin öz yeri var?

Cavab: Cənnətlə mükafatlandırılmağın və ya cəhənnəmlə cəzalandırılmağın meyarı xalis iman və əməldir. Yəni, Allaha şəriksiz iman və Allah rizası üçün görülən əməllərdir. Allah qarşısında özünü görməməzliyə vuran, Ona şərik qoşan kim olursa, olsun, dünyadakı bütün əməlləri və yaxşı işləri puç olacaq və heç vaxt Cənnətə girə bilməyəcək. Bu məsələ ilə əlaqədar Quran ayələri var:

“Kim imanı qulaqardına vursa, şübhəsiz ki, əməlləri puç olar. O, o biri dünyada da ziyana uğrayanlardan olar”. (Maidə, 5/5)

Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.

Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar”. (Hud, 11/15-16)

“Ayələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məgər onlar yalnız etdikləri bu əməllərə görə cəzalandırılmayacaqlarmı?”. (Əraf, 7/147)

“Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar”. (Tövbə, 9/17)

“De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında  idilər.

Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik.

Kafir olduqlarına görə, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarının əvəzi Cəhənnəmdir”. (Kəhf, 18/103-106)

“Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.

Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”. (Zumər, 39/65-66)

“Qoy məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxardar. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı”. (Muhəmməd, 47/8-9)

“Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır”. (Muhəmməd, 47/32)

Ancaq adı nə olursa, olsun, peyğəmbərin təbliği gəlib çatmayan və şirk günahına batmadan Allaha və axirət gününə inanan və bundan sonra yaxşı işlər görənlər Cənnətə girməyə layiq olacaqlar. Bu barədə ətraflı məlumat üçün aşağıdakı yazını oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1918.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.