Müselmanlar
Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar?

Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar?

Sual: Son vaxtlarda bəzi insanlar: “İçkinin xeyirlərindən çox ziyanları var” ayəsini bəhanə edib sağlamlıq üçün içilməsinin mümkünlüyünü irəli sürürlər. Mən bir neçə gün bundan qabaq bir elmi yığıncaqda iştirak edirdim. Orada bir həkim dedi ki, içkinin insan orqanizminə heç bir xeyri yoxdur. Sualım budur: Spirtli içkilərdən bəzi xəstəliklərin müalicəsi zamanı istifadə etmək olar?

Cavab: Allah içki və qumar haqqında belə buyurur:

“Səndən xamr (sərxoşluq verən maddələr) barəsində soruşurlar. Onlara de: “Onların hər ikisində həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür!”. (Bəqərə, 2/219)

Həkim məsləhətinə əsasən qədərində qəbul edildiyi vaxt bir sıra içkilərin bəzi orqanizmlərin güclənməyini təmin etməsi, əhəmiyyətli dərəcədə ticari və iqtisadi gəlirlərin olması və içənə müvəqqəti bir kef verməsi, eləcə də, qumarda bəzilərinin heç bir çətinlik çəkmədən müftə-müsəlləh mal ələ keçirməyi, bu vaxt tədavülə böyük məbləğlərin daxil olması kimi məsələlər bu ayədə qeyd edilən bəzi mənfəətlərə daxildir. Ancaq günahları bu kimi xeyirlərindən böyük olduğu üçün bunların müsəlmanlar tərəfindən işlədilməsi heç cür caiz deyil. Yəni, qətiyyən olmaz.

Allah Təala başqa bir ayədə də belə deyir:

“Ey iman edənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız.

Şeytanın istədiyi yeganə şey sərxoşluq verən içkilər və qumar vasitəsilə sizin aranıza düşmənçilik və kin-küdurət salmaqdır. O, bir də Allahın zikri olan Qurandan və namazdan sizi uzaqlaşdırmaq istəyir. Artıq bundan üz döndərərsiniz, deyilmi?”. (Maidə, 5/90-91)

Bir dəfə Tariq ibn Suveyd adlı şəxs həzrəti peyğəmbərdən (s. a. v.) içki barədə sual soruşdu. O da bunu ona qadağan etdi. Tariq dedi ki, mən içkidən ancaq dərman vasitəsi kimi istifadə edəcəyəm. Peyğəmbər buyurdu:

“O, dərman deyil! Dərddir!”. ((Müslim, Əşribə, 12 (1984); Əbu Davud, Tibb, 11.))

Əbu-d-Dərdanın rəvayətinə görə peyğəmbərimiz (s. a. v.) belə demişdir:

“Şübhəsiz ki, Allah xəstəliyi də, şəfasını da və hərd dərdin dərmanını da yaratdı. Allahın yaratdığı bu şəfalı dərmanlarla müalicə olmağa çalışın. Ancaq haramla müalicə olmağa cəhd etməyin”. ((Əbu Davud, Tibb, 11.))

Bu hədisə əsasən içilməyi qəti surətdə qadağan olan içkilər müalicə vasitəsi ola bilməz. Bu kimi hallarda başqa müalicə yolları axtarmaq lazımdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin