Müsəlmanlar

Yel çıxarmaq dəstəmazı niyə batil edir?

Sual: Siz qeyd etmisiniz ki, yel çıxarmaq dəstəmazı pozub batil edir. Halbuki sizə də məlum olduğu kimi, Quranın Maidə surəsinin 6-cı ayəsində dəstəmazı pozan ünsürlərdən biri olaraq “ayaqyolundan gəlmək” göstərilir. Yəni, orada söhbət ayaqyolunda aradan qaldırılan kiçik və ya böyük təbii ehtiyacdan gedir. Ayədə yel çıxarmaqdan danışılmır. Ancaq siz elə cavab vermisiniz ki, sanki yel çıxarmaq ancaq ayaqolunda baş verən bir şeydir. İnsanın bədənindən 2 cür yel (hava, qaz) çıxır: Bağırsaqlarda yığılan hava anus dəliyindən, mədədəki artıqlıq isə ağızdan. Bunların hər ikisinin miqdarı müəyyən bir səviyyəyə çatdıqda insanı narahat edir və onları məcburən bədəndən kənar etmək – çıxarmaq lazım gəlir. Nəticə etibarilə hər ikisi də havadır. Elə isə bilmək istəyirəm: Bədəndəki hava ağızdan çıxdığı vaxt dəstəmaz pozulmadığı halda, anus dəliyindən çıxdıqda niyə pozulur?

Cavab: Quranın Maidə surəsinin 6-cı ayəsində belə deyilir:

“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.”

Ayədə dəstəmazı pozan bir hal kimi “ayaqyolundan gəlmək”dən danışılır. Bu ifadə məcazdır. Nəzərdə tutulan əsas məsələ “ayaqyolunda baş verənlər”dir. Daha açıq desək, kiçik və böyük ehtiyaclar… İnsanların öz təbii ehtiyaclarını ödəmək məqsədi ilə ayaqyoluna getməkləri ədəb-ərkan və əxlaqdan irəli gəlir. Halbuki o işləri ayaqyoluna girmədən də görmək olar. Burada belə bir sual yaranır: Məgər ifrazatını saxlaya bilməyən, yaxud da qəsdən qaçıran insanlar ayaqyoluna getmədiklərinə görə dəstəmazlarını pozmuş hesab edilmirlər? Yel çıxarmaq kiçik və böyük tualet ehtiyacı kimi bir qayda olaraq tualetdə aradan qaldırılır. Bu baxımdan onun tualetdə baş verənlərlə bir fərqi yoxdur.

Bunun əksini də nəzərə almaq lazımdır. Belə ki, ayədə qeyd olunan “tualetdən gəlmək”dir. İnsan tualetə girsə və orada heç bir şey etmədən çıxsa, sadəcə olaraq “tualetdən gəldiyi” üçün dəstəmazı pozular? Xeyr, pozulmaz. Deməli, əsas olan tualetə getmək və ya oradan gəlmək deyil, oraya girmək məqsədi və tualetdə görülən işlərdir. Yel çıxarmaq da bu işlərdən biridir. Bu halda, şübhə yoxdur ki, o da dəstəmazı batil edir.

İndi isə bu məsələyə dair bəzi hədisləri qeyd edək:

“Sizin aranızdan bir nəfər qarnında bir şey hiss etsə və ondan bir şeyin çıxıb çıxmadığını dəqiq başa düşə bilməsə, səs eşitmədikcə və iy hiss etmədikcə məsciddən (namazdan) çıxmasın”. (Mənbə: Müslim, Heyz, 99 (362); Buxari, Vüzu (dəstəmaz), 4, 36)

“Sizdən bir nəfər namaz qıldığı vaxt tam, yoxsa natamam qıldığına qərar verə bilməyib tərəddüd etsə, elə oturduğu yerdəcə 2 dəfə səcdə etsin. Şeytan gəlib ona: “Sənin dəstəmazın pozuldu”, – deyərək vəsvəsə versə, burnu ilə iy və ya qulağı ilə bir səs eşitmədikcə ürəyində: “Sən yalan dedin!”, – desin”. (Mənbə: Əbu Davud, Səlat (namaz), 191-192)

Burada burunun iy hiss etməyi və yaxud da qulağın bir səs eşitməyində məqsəd dəstəmazın pozulduğunu qəti surətdə bilməkdən ibarətdir. Yoxsa səs eşitmədiyi və ya iy hiss etmədiyi halda, yel çıxardığını bilən bir insanın dəstəmazı əlbəttə ki, pozulur. Çünki bədəndən çıxan hər bir yeldə mütləq iy, ya da səs olmağı bir şərt deyil.

Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını bir də oxumağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/2025.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.