Müsəlmanlar
Ərinin borcu olan qadın pal-paltar və ayın-oyun tələb edə bilər?

Ərinin borcu olan qadın pal-paltar və ayın-oyun tələb edə bilər?

Sual: Bir qadın ərinin borcu olduğu halda, ondan ayın-oyun, pal-paltar və bu kimi şeylər almağını tələb edə bilər? Bu məsələyə İslam baxımından necə qiymət vermək olar?

Cavab: Bu kimi şeylər həmin qadının ərinin maddi vəziyyətindən asılıdır. Qadın ərinə təzyiq göstərməməlidir. Bunlar maddi imkanlarla əlaqədardır. Əgər bir insanın imkanı varsa, bunları alar. Yoxdursa, almaz. Bu hallarda səbrli olmaq, borcu ödəmək, digər işlərə bu mərhələdən sonra baxmaq lazımdır.

Unutmamaq lazımdır ki, insan bu dünyada mütləq bir sınaqdan keçirilir. Dünya imtahan yeridir. İmtahan yerində də şərtləri imtahanı keçirən müəyyənləşdirir. Bu, Allahdır. İmtahanı keçirən Odur; insan deyil.

İnsan bəzən deyir ki, Allaha şükür, indi xoş günlərə çıxdıq. Və elə olur ki, həmin gün o insan üçün ən çətin günə çevrilir. Necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır” sözü özünü doğruldur. Bunlar hamısı ilahi imtahanın bir hissəsidir. İnsan ancaq səbr etməli və işlərində müvəffəq olmaq üçün işləməlidir.

İnsan: “Əşi, hamının var, mənim də olsun!”, – dediyi vaxt heç nə qazanmır, əksinə, itirir. İnsanın qazanacağı əsas şey o biri dünyadadır. Çünki bu dünya hər dəqiqə qurtarır. İnsanın bu dünyada malik olduğu şey “indi”dir, “sonra” insanın deyil. Çünki sonra nə baş verəcəyini bilmək mümkün deyil.

Bir sözlə, əgər insanın borcu varsa, onu ödəmək üçün bütün gücüylə çalışmalı, eyni zamanda səbrli və əzmli də olmalıdır. Əsas məqsəd imtahanda müvəffəq olmaqdır. Məsələyə bu baxımdan yanaşdıqda, nəticə olaraq deyə bilərik ki, ərinin borcu olan qadın ərindən pal-paltar istəmək əvəzinə, ona əlindən gəldiyi qədər dəstək olmalıdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.