Müsəlmanlar

Kəramət nə deməkdir?

Sual: Kəramətin mənası nə deməkdir? Sizin bu məsələyə münasibətiniz necədir?

Cavab: Kəramət sözünün mənası kərim olmaq, kərəm sahibi və qiymətli olmaq deməkdir. ((Baxın: Mütərcim Asim, Qamus tərcüməsi, 4-cü cild, s. 464-465.)) Allah Təala bildirir ki, insanı qiymətli bir varlıq kimi (kəramətli, mükərrəm) yaradıb və bir çox şeyi onun ixtiyarına verib:

“Biz Adəm oğullarını həqiqətən də, hörmətli etdik (çox kəramətli etdik), onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın bir çoxundan da üstün elədik”. (İsra, 17/70)

İnsan övladından (insan) başqa elə bir varlıq yoxdur ki, getdiyi yerə başqaları tərəfindən daşınsın. Elə isə bir insanın dənizdə balıq kimi üzməyi kəramətdir, yoxsa bir gəmiyə minib oturaraq və yaxud uzanaraq getməyi?

Havada uçan, uça bilən quşlardır. İnsanın quş kimi uçub istədiyi yerə getməyi kəramətdir, yoxsa bir təyyarənin içində harasa getməyi? Bir sözlə, bütün bunlara baxıb Allahın insana nə dərəcədə qiymət verdiyini dərk etmək lazımdır.

Allah Təalanın insana verdiyi ən böyük nemət şübhəsiz ki, şirk günahından uzaq olan bir imandır.

“İman gətirdikdən sonra imanlarına şirk ((Şirk kimi tərcümə etdiyimiz söz ayədə zülm kimi işlədilib. Bu mənanı həm bundan əvvəlki ayədən, həm də Loğman surəsinin 13-cü ayəsindəki: “Şirk həqiqətən də, böyük bir zülmdür”, – ifadəsindən çıxartmaq olur.)) qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır”. (Ənam, 6/82)

Allah insanların ən kərim olanını, yəni, ən kəramətli insanı da izah etmişdir:

“Ey insanlar, Biz sizi bir erkək və dişidən yaratdıq. Bir-birinizlə qaynayıb qarışın deyə, sizi millət və qəbilələrə böldük. Allah dərgahında ən kərim olanınız təqvası ən yaxşı olanınızdır”. (Hucurat, 49/13)

Kəramət deyildikdə yuxarıda sadalananlar deyil, fövqəltəbii şeylər nəzərdə tutulur. Bunlar bir peyğəmbərdə olduğu vaxt möcüzə adlanır. Vəlidə olduqda isə kəramət deyilir. Vəli Allaha zidd hərəkət etməkdən çəkinən hər bir müsəlman deməkdir.

“Şübhəsiz ki, Allahın vəlilərinin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

O kəslər ki, iman gətirmiş və təqva əhli olan kəslərdir.

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır”. (Yunus, 10/62-64)

Həmin müjdə elə bir şeydir ki, ən çətin vaxtlarda belə, möminləri rahatlığa qovuşdurur. Allah bu dostlarını tək qoymaz.

“Kim Allaha zidd düşməkdən çəkinsə, Allah ona bir çıxış yolu göstərər.

Ona heç gözləmədiyi yerdən ruzi verər. Kim Allaha arxalansa, Allah ona bəs edər. Çünki Allah işini bütöv görər. Allah hər şeyə bir ölçü qoyub”. (Talaq, 65/2-3)

İnsana kömək edən Allahdır. Ona görə də köməyi adi yollarla da edir, qeyri-adi vasitələrlə də. Odur ki, Allahın fövqəladə yollarla etdiyi köməyə kəramət deyilir.

Kəramət Allahın bir nemətidir. Bütün nemətlər kimi, ona da şükür etmək lazımdır. Mal-dövlət, mövqe və rütbə kimi, kəramət də insanı başdan çıxarda bilər. İnsan kəraməti deyil, Allahın razılığını arayıb axtarmalıdır.

Allah Təala çətin vaxtlarda mömin bəndələrinə bu və ya digər şəkildə mütləq surətdə kərəm edir, onların dadına çatır. Yuxarıdakı ayə də bunu göstərir. İnsan bu kərəmi özündən deyil, Allahdan bilməlidir. Mal-dövlətlə fəxr edib öyünmək nalayiq bir hərəkət olduğu kimi, kəramətlə fəxr eləmək də pis bir əməldir. Allah Bədr döyüşündə çətinliklə üz-üzə gələn müsəlmanlara kömək üçün mələkləri göndərib. Bununla yanaşı, qalibiyyətin mələklərin deyil, məhz Allahın köməyi ilə əldə olunduğunu bildirib. Bu hadisədən bəhs edən ayə həmişə yadımızda olmalıdır:

“Siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Budur, mən sizə bir-birinin ardınca gələn minlərlə mələklə kömək göndərirəm”, – deyib diləyinizi qəbul etmişdi.

Allah bunu sadəcə olaraq sizə müjdə olsun və ürəyiniz bununla arxayınlaşsın deyə, etmişdi. Əksinə, qələbə (mələklərdən yox) ancaq Allah dərgahındandır. Allah güclüdür və hər şeyi yerli yerində edir!”. (Ənfal, 8/9-10)

Özündə kəramətlər olan şəxs xilas olduğunu güman etməməlidir. Dünya həyatı dolambaclı bir qaçış yarışı kimidir. Hər dəqiqə bir şeyə ilişib yıxıla bilərik.

İnsan ölənə qədər ibadətə davam etməlidir. Quran da bunu xüsusi olaraq vurğulayır:

“Ölənə qədər Rəbbinə ibadət et!”. (Hicr, 15/99)

MƏNBƏ: Abdulaziz Bayındır, Quranın işığında təriqətçiliyə baxış, 6-cı nəşr, İstanbul, 2010, s. 116-119.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1723.html

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.