Müsəlmanlar

Cövşən nədir?

Sual: Cövşən, dua və bu kimi şeyləri boyuna asıb gəzdirmək olar? Dində yeri var?

Cavab: “Cövşən sözü Fars sözüdür. Mənası zirehdöyüş paltarı deməkdir. Bir istilah kimi Şiə mənbələrində Əhli-Beyt yolu ilə Muhəmməd peyğəmbərə (s. a. v.) məxsus olduğu irəli sürülən, cövşəni-kəbir və çövşəni-səğir kimi tanınan, mətn və məzmunları bir-birindən fərqlənən 2 dua haqqında işlədilir.” ((Mənbə: Mehmet Toprak, Türkiyə Diyanət Vəqfi-nin nəşr etdiyi İslam ensiklopediyası, “Cevşen” bəndi (Türk dilində), İstanbul, 1993,7-ci cild, s. 462.))

Çövşən mənşəyi baxımından Sünni deyil, Şiə mənbələrində özünə yer tutur. Belə bir fikir irəli sürülür ki, bu dua Muhəmməd peyğəmbər (s. a. v.) tərəfindən edilib; hətta peyğəmbər onu öz boynundan da asıb və əshabələrinə tapşırıq verib ki, onlar da assınlar. Qeyd edək ki, bütün bunlar barədə hədis kitablarının heç birində məlumat yoxdur. Yəni, bunların heç biri düz deyil. Şübhəsiz ki, bəzi insanlar bu duanı yazıb hazırladıqdan sonra sata bilmək üçün, qısa desək, alver məqsədilə özlərindən belə şeylər uydurublar.

“Cövşəni-kəbir bir hissəsi dini mətnlərdə mövcud olan, məna və məzmun (ehtiva) baxımından Allaha nisbət edilməyində bir problem olmayan söz və cümlələrdən, eləcə də münacat və nəzir-niyazlardan ibarət bir mətndir. Bu kimi mətnlərlə dua etmək dini həyat baxımından məsləhət görülən bir şey kimi qəbul olunur. Buna baxmayaraq cövşəni-kəbir kimi tanınan və imam Musa əl-Kazımdan etibarən imamların vasitəsilə həzrəti peyğəmbərə nisbət edimiş bir hədis kimi rəvayət olunan bu duanın – təqribən 15 səhifəlik bir mətnin səhih (düzgün, mötəbər) olmağı mümkün görünmür. Çünki bu mətn məlum bir hadisə, əhvalat və ya tarixi bir hadisədən bəhs edən, yaddaşda saxlanması asan mətnlərdən fərqli olan (hər söz və cümləsini böyük bir diqqətlə öyrənib təkrar etmək lazımdır) bir mətndir; bunun həzrəti peyğəmbərdən götürülüb rəvayət edilməsi qeyri-mümkün deyilə biləcək səviyyədə çətindir.

Əlavə olaraq qeyd edilməlidir ki, bu dua Sünni hədis külliyatlarında, eyni zamanda Şiə hədis məcmuələrinin əsas mənbəyi hesab olunan kütubi-ərbəədə (dörd kitab) qeyd olunmayıb. Sadəcə olaraq dua məcmuələri kimi ikinci dərəcəli bəzi kitablarda yazılıb. Bütün bunlar da yuxarıdakı fikri dəstəkləyir.” ((Mənbə: eyni əsər, s. 463.))

Dua boyundan asmaq üçün yox, o duayla Allaha yalvarıb-yaxarmaq üçün öyrənilməli, yaxud da yazılmalıdır. Cövşənin içində gözəl dua və zikrlər var. Amma xurafat və mövhumata inanaraq və heç bir əsası olmayan şeylərin həyata keçməsini umub onu oxumaq və üstündə gəzdirmək düzgün deyil.

İnsan duanı boynuna bir şey asmaqla deyil, daxilən, səmimi bir şəkildə Allaha yalvarıb etməlidir. Peyğəmbərimiz də belə edib. Bununla əlaqədar hədislər belədir:

Əbu Səiddən (r. a.) nəql olunduğuna görə o belə demişdir:

“Rəsulullah (s. a. v.) cinlərdən və insanın gözündən (göz dəyməsindən) (müxtəlif dualar oxuyaraq) Allaha sığınırdı. Muavvizəteyn (Fələq və Nas surələri) nazil olduqdan sonra da bu iki surəni əsas götürdü; digər duaları bir də oxumadı.” ((Tirmizi, Tibb, 16; İbn Macə, Tibb, 33.))

Həzrəti Aişə belə rəvayət edir:

“Peyğəmbər (s. a. v.) hər gecə yatağına girdiyi vaxt əllərini üfürüb muavvizəteyni (Fələq və Nas surələri) və İxlas surəsini oxuyur, əllərini üzünə və bədəninə sürtürdü. Bunu üç dəfə təkrar edirdi. Xəstələndiyi vaxtlarda məndən onun üçün eyni şeyi yerinə yetirməyimi tələb edirdi.” ((Buxari, Fəzailu-l-Quran, 14, Tibb, 39, Dəavat, 12; Müslim, Salam, 50; Tirmizi, Dəavat, 21; Əbu Davud, Tibb, 19.))

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.