Müsəlmanlar

Təsbeh namazının hökmü

Sual: Deyilənə görə hamı ya hər gün, ya ildə, ya da ömür boyu bir dəfə təsbeh namazı qılmalıdır. Bu düz söhbətdir? Əgər İslamda təsbeh namazı deyilən bir şey varsa, hökmü nədir?

Cavab: Bəzi mənbələrdə qeyd edilib ki, təsbeh namazı barədə peyğəmbərdən (s. a. v.) nəql olunan hədislər var. Ancaq alimlər həmin hədislərin səhihliyi (düzgün, mötəbər) barədə 3 qrupa ayrılıblar: Hədisə səhih deyənlər, onu zəif adlandıranlar və uydurma deyənlər. Bunların arasında zəif deyənlər çoxluq təşkil edir və onların dəlilləri digərlərinə nisbətən daha güclüdür.

Misal üçün, Əhməd ibn Hənbəl təsbeh namazı və rəvayətləri haqqında: “Bunlar mənim xoşuma gəlmir”, – deyib. Səbəbini soruşanlara cavab olaraq deyib ki, bu barədə düzgün olan heç bir şey yoxdur. Beləliklə, Əhməd ibn Hənbəl təsbeh namazı ilə əlaqədar hədisləri rədd edib. ((Ətraflı məlumat üçün baxın: İbn Qüdamə, Müvəffəqəddin Əbu Muhəmməd Abdulla ibn Əhməd, İbn Qüdamə əl-Məqdisi, Şəmsəddin Əbu-l-Fərəc Abdurrahman ibn Əbu Ömər Muhəmməd ibn Əhməd, əl-muğni və-ş-şərhu-l-kəbir alə mətni-l-muqni, Daru-l-fikr nəşriyyatı, Beyrut, 1984-cü il, 1-ci cild, s. 778.))

Yenə hədis alimlərindən olan əl-Acluni, əl-Uqeyli və Maliki alimlərindən Əbu Bəkr İbnu-l-Arabi təsbeh namazı barədə hər hansı bir mötəbər hədisin olmadığını qeyd edirlər. ((Baxın: İsmayıl ibn Muhəmməd əl-Acluni, kəşfu-l-xəfa, 3-cü nəşr, Beyrut, 1988-ci il, 2-ci cild, s. 421, Xatimə fəsli, səlati-t-təsbih babı; Molla Münavi, feyzu-l-qədir şərhu cami-i-s-sağir, 6-cı cild, s. 263, 8952-ci hədis.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.