Müsəlmanlar
Namazı qılıb yatan və kirlənən uşaq həmin namazı təzədən qılmalıdır?

Namazı qılıb yatan və kirlənən uşaq həmin namazı təzədən qılmalıdır?

Sual: Mən “Fətavayi-Hindiyyə” adlı kitabın qəza namazı ilə əlaqədar fəslində belə bir məlumatla tanış oldum: “Əgər bir oğlan uşağı gecə namazını (xüftən) qılıb yatsa, sonra da yuxuda ehtilam (pollusiya, kirlənmə, möhtəlim olmaq, cənabət, cünub olmaq) olsa və dan yeri ağarmamış yuxudan oyansa, həmin namazı təzədən qılmalıdır. Əgər bir nəfər bir vaxtın namazını qılsa, sonra da dindən çıxsa, dinə təkrarən daxil olduğu vaxt həmin namazın vaxtı başa çatmayıbsa, onu təzədən qılmalıdır”. Bu məlumat İslam dini baxımından nə dərəcədə düzdür?

Cavab: Burada uşağın ehtilam olmağı onun həddi-büluğa çatmağını bildirir. Həddi-büluğ dövründən etibarən namaz qılmaq fərzdir (vacib). Ona görə də əvvəlcə qıldığı namazla bu vacibi yerinə yetirmiş hesab olunmur. Həmin fitva da bu düşüncəyə əsasən verilib.

Dindən üz döndərən (çıxan) insanın etdiyi ibadətlər puç olub gedir. Allah Quranda belə deyir:

“Kim imanından üz döndərsə, əməlləri boşa çıxar”. (Maidə, 5/5.)

“(Ey Muhəmməd!) Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Xeyr! Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”. (Zumər, 39/65-66.)

“Ayələrimizi və axirətə qovuşmağı inkar edənlərin əməlləri puça çıxmışdır. Onlar gördükləri işlərin əvəzindən başqa bir şeyləmi cəzalanırlar?”. (Əraf, 7/147.)

Deməli, bir vaxt namazı qılıb dindən çıxan və eyni namazın vaxtı daxilində yenidən müsəlman olan insanın namazı yox hökmündədir. Elə isə namazını təzədən qılmalıdır. Bu fitva da bu düşüncəyə əsasən verilib.

Aşağıdakı ayələrə əsasən həmin şəxs tövbə etdiyi vaxt həm o günahdan azad olur, həm də günahı savab olur:

İfrata varıb, özünə qəsd edən qullarıma de ki, Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Onun bağışlaması çox, mərhəməti boldur. Siz Rəbbinizə yönəlin, əzab gəlmədən öncə ona təslim olun, sonra yardım görməzsiniz”. (Zumər, 39/53-54.)

“Rəhmanın qulları… Allah ilə bərabər başqa bir tanrını yardıma çağırmazlar. Haqlı bir səbəb yoxdursa, Allahın toxunulmaz qıldığı canı öldürməzlər, zina etməzlər. Kim bunları edərsə, günaha girər.

Qiyamət günü onun əzabı qatlanır və orada etibarsız olaraq daimi qalır.

Ancaq tövbə edən, inanan və yaxşı iş görən başqa. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayar, ikram edər”. (Furqan, 25/68-70.)