Müsəlmanlar
Ramazanda yeməkxanaların açıq olmağı düzdür?

Ramazanda yeməkxanaların açıq olmağı düzdür?

Sual: Ramazan ayında yeməkxana, restoran, kafe, çayxana və bu kimi yerlərin açıq olmağı düzdür? Bu yerlərdən qazanılan pul halaldır, yoxsa haram?

Cavab: Ramazan ayında gücü çatan hər bir müsəlmanın oruc tutmağı vacibdir. Lakin xəstə və ya yol üstündə olanlar oruc tutmaya bilərlər. Bununla yanaşı, oruc tutmaq vacib olmayan uşaqlar, oruc tuta bilməyən qocalar və müsəlman olmayan insanlar da var. Odur ki, onların istifadə edə bilməkləri üçün yeməkxana və kafe kimi yerlərin Ramazan ayında açıq olmağının bir eybi yoxdur. Çünki oruc vaxtı qadağan olan məsələ insanın məhz özünün yeyib içməyidir.

Heç kimə zorla oruc tutdurmaq olmaz. İnsanlardan oruc tutub tutmadıqlarını soruşmaq da olmaz. Eynilə bunun kimi, üzrsüz səbəbdən oruc tutmayanların bu kimi yerlərdə yemək yeməyinə görə o yerin sahibi cavabdeh olmur. Elə buna görə də onların qazancına da haram demək olmaz.

Burada başqa vacib bir məsələ də var: Müsəlman olduğu halda, xəstəlik və ya səfərdə olmaq kimi üzrlü bir səbəbi olmaya-olmaya oruc tutmayanların bu kimi ictimai yerlərdə, yəni, camaatın gözünün qabağında nəsə yeməyi hər şeydən əvvəl Allaha üsyandır. Çünki onlar bu hərəkətlərilə Allahın qəti surətdə əmr etdiyi bir şeyi yerinə yetirmirlər. Bununla yanaşı, oruc tutan insanlara hörmətsizlik edirlər. Bəzi qeyri-müsəlman ölkələrdə, hətta öz ölkəmizdə də müsəlman olmayanlar (yəhudi, xristian, buddist və sairə) Ramazan ayında müsəlmanlara hörmətsizlik etməmək üçün xüsusi cidd-cəhd göstərir və onların qabağında bir şey yeyib içmirlər. Bu gün kimi aydın olduğu üçün özü müsəlman ola-ola Ramazanda hamının gözünün qabağında yeyib içən insanlar da bir qədər hörmət qoymalıdırlar.

Nəticə olaraq onlara aşağıdakı hədisi xatırlatmaq istəyirik:

“İnsanların birinci peyğəmbərlikdən üzübəri eşitdikləri sözlərdən biri belədir: Əgər utanmırsansa, itədiyini et!”. ((Buxari, Ənbiya (Peyğəmbərlər), 54, Ədəb, 78; Əbu Davud, Ədəb, 6; İbn Macə, Zühd, 17; Muvatta, Səfə, 46; Əhməd ibn Hənbəl, 4/121-122, 5/273.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.