Müselmanlar

Talaq: kişinin boşamaq hüququ

TALAQ: BOŞAMA

(Kişinin evliliyə xitam vermək səlahiyyəti)

 

O talaq [boşama] iki dəfə mümkündür. Hər birindən sonra qadınla ya yaxşı dolanmaq, ya da xoşluqla ayrılmaq lazımdır.

Talaq Qurani-Kərimdə bildirildiyinə görə ərin haqqıdır. Çünki talaqla əlaqədar bütün fellərin faili ərlərdir. Qadının evliliyə xitam vermək hüququna iftida deyilir. İftida haqqında kitabın başqa bir fəslində bəhs ediləcəkdir. Yuxarıdakı ayədə Allah Təala belə buyurur:

O talaq iki dəfə mümkündürالطلاق مرتان

الطلاق sözünün əvvəlindəki ال müəyyənlik artiklıdır. Mənası o məlum talaqdır və onun nədən ibarət olması Ət-Talaq surəsində açıqlanmışdır:

Ey peyğəmbər! Qadınları boşadığınız zaman, onları iddə [gözləmə] müddətlərində boşayın və gözləmə müddətini sayın. Rəbbiniz Allahdan qorxun! Onları evlərindən çıxartmayın. Onlar özləri də çıxmasınlar. Açıq-aşkar bir fahişəlik ediblərsə, bu başqa. Bunlar Allahın hədləridir. Kim Allahın hədlərini aşsa, özünə zülm etmiş olar. Nə bilirsən, bəlkə də, Allah bundan sonra meydana yeni bir vəziyyət çıxardacaqdır.

Qadınlar gözləmə müddətlərinin axırına gəldikləri zaman, onları ya yaxşılıqla saxlayın, ya da xoşluqla ayırın. İçərinizdən iki etibarlı şahid tutun. Şahidliyi Allah üçün yerinə yetirin! Bu, sizin aranızda Allaha və axirət gününə inananlara verilən bir öyüd-nəsihətdir. Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu açar.

Ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah onu məqsədinə çatdırar. Allah hər şey üçün bir ölçü qoymuşdur (Ət-Talaq, 65/1-3).

Allah Təala hər şey üçün olduğu kimi, talaq üçün də bir ölçü təyin etmişdir. Ömərin oğlu Abdulla arvadını heyz halında ola-ola boşamışdı. Ömər bunu Məhəmməd əleyhissəlamdan soruşduğu vaxt o, belə cavab vermişdi:

Ona de ki, arvadının yanına qayıtsın; arvadı heyz görüb, təmizlənənə qədər ondan ayrılmasın. Sonra heyz görüb, ardınca yenə təmizlənərsə, bundan sonra əgər istəsə, onunla birlikdə olmağa davam etsin; əgər istəsə, cinsi əlaqəyə girmədən onu boşasın. Bu iddədir (qadınların gözləmə müddəti) və Allah qadınların ona müvafiq olaraq boşanmasını əmr buyurub. ((Əl-Buxari, Talaq, 1, 3, 44, 45; Təfsiru surətit-Talaq, 1; Müslüm, Talaq, 1, 14; Nəsai, Talaq 13, 15, 19; İbn Macə, Talaq, 1, 3; Darimi, Talaq, 1, 2; Əl-Muvatta, Talaq, 53; Əbu Davud, Talaq, 4; Tirmizi, Talaq (yuxarıdakı mətn Əl-Buxari, Talaq fəsli, I qismin tərcüməsidir).))

Abdulla ibn Ömər isə peyğəmbərin onun verdiyi talaqı naməqbul sayıb, bu ayəni oxuduğunu bildirir:

“Ey peyğəmbər! Qadınlarınızı onların gözləmə müddətinə müvafiq olaraq boşayın!”, yəni, onları iddə müddətlərinin əvvəlində boşayın. ((Əbu Davud, Talaq 4, 2185 nömrəli hədis.))

Deməli, gözləmə müddətinə müvafiq olaraq boşamaq üçün qadının heyz halında olmaması, əgər təmizdirsə, o təmizlik müddəti ərzində əri ilə əlaqəyə girməmiş olması lazımdır. Abdulla ibn Ömərin verdiyi talaq ölçüyə uyğun olmadığına görə, peyğəmbər əleyhissəlamın buna çox əsəbiləşdiyi rəvayət edilmişdir. ((Əl-Buxari, Əhkam, 13.)) Elə buna görə də ona əlavə olaraq bir təmizlik müddəti gözləmək cəzası vermişdir. Çünki arvadını o heyzdən təmizləndikdən sonra deyil, ikinci dəfə təmizlikdən sonra boşaya biləcəyini demişdir. Bunun mühüm hikmətləri vardır. Kişi heyz görən arvadıyla əlaqəyə girə bilmədiyinə görə narahat ola bilər. Qadın heyzdən təmizlənənə qədər kişinin ona qarşı olan arzusu ən yüksək dərəcəyə çatır. Əlaqəyə girdikdən sonra istəyi azalır. Beləliklə, kişinin öz arvadını cinsi əlaqəyə girmədiyi təmizlik müddəti ərzində boşaya bilməsi, boşamanın qarşısında təbii bir maneə təşkil edir.

Talaq verilən kimi qadın iddə müddətini gözləməyə başlamalıdır. Bu müddət heyz görən qadın üçün 3 dəfə heyz görüb, təmizlənənə qədər keçən müddətdir. Heyz görməyən qadın 3 ay, hamilə qadın isə doğuma qədər gözləməlidir. ((Əl-Bəqərə, 2/229; Ət-Talaq, 65/4.))

«Qadınları iddə müddətləri içində boşayın!» əmrindən sonra aşağıdakılar nəzərə alınmalıdır:

1-İddəni (gözləmə müddətini) saymaq;

2-Qadını evdən çıxartmamaq;

3-Qadının özünün evdən çıxmaması;

4-Müddət başa çatdıqdan sonra qərarı nəzərdən keçirib, qadını ya yaxşılıqla saxlamaq, ya da xoşluqla buraxmaq (ayırmaq, boşamaq);

5-İki nəfəri şahid tutmaq.

İddəni saymaq kişiyə verilmiş bir vəzifədir. Bu, onun arvadıyla maraqlanmasını məcburi hala gətirir. Əgər müddəti saymasa, geri qayıtmaq imkanı ola-ola vaxtını keçirib, haqqını itirə bilər. Qadın da öz gözləmə müddəti ilə əlaqədar olaraq ərinə düzgün məlumat verməlidir. Allah Təala belə buyurur:

Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal deyildir (Əl-Bəqərə, 2/228)! Əgər qadın heyz halında olduğu halda, heyz olmadığını desə, günah etmiş olar.

Ər-arvadın gözləmə müddəti bitənə qədər ayrılmamağı mühümdür. Qadın evdən çıxsa, yaxud çıxardılsa, ər-arvad bir başqasının yanında bir-birlərinin pis xasiyyətlərini açıb tökər və beləliklə, aralarındakı soyuqluğun artmasına səbəb olarlar. Buna görə də bəd niyyətli insanların maneələrinə ilişə bilər və bunun zərərini özləri çəkərlər. «Kim Allahın hədlərini aşsa, özünə zülm etmiş olar» ayəsi də bunu göstərir.

Kişi bu müddət ərzində vəziyyəti nəzərdən keçirib, daha yaxşı bir qərara gələ bilər. Qadın da öz ərini qane etmək imkanı tapar. Çünki kişi iddə qurtarana qədər arvadı ilə barışmaq qərarına gələ bilər. Bu müddət ərzində qadının öz ərinə qarşı davranışlarında bir məhdudiyyət yoxdur. Əslində onun diqqətini cəlb etməyə də cəhd göstərə bilər. Aralarında cinsi əlaqə baş versə, kişi arvadının yanına qayıtmış olar; yəni, onların evlilikləri davam edər.

Kişi arvadının yanına qayıtmaq istəsə, xoşluqla qayıtmalıdır. Ondan ayrılmaq istəsə, yenə xoşluqla ayrılmalıdır. ((Əl-Bəqərə, 2/231, Ət-Talaq, 65/2.)) Qadına zərər yetirmək və onun gözləmə müddətini uzatmaq üçün geri qayıda bilməz. Allah Təala belə buyurur:

Qadınlarınızı boşadığınız zaman, gözləmə müddətləri başa çatanda onları ya xoşluqla saxlayın, ya da xoşluqla azad buraxın. Onlara zərər verib, hüquqlarına təcavüz etmək məqsədilə saxlamayın! Bunu edən, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri [hökmləri] ilə istehza etməyin! Allahın sizin üzərinizdəki nemətini yada salın! Allah endirdiyi kitab və doğru elmlə [hikmətlə] sizə öyüd-nəsihət verir! Allahdan qorxun və bilin ki, O, hər şeyi bilir (Əl-Bəqərə, 2/231)!

Kişinin arvadı ilə barışmağı onun xoş niyyətli olmağından asılıdır. Hətta o, gözləmə müddətinin sona yetməsini gözləmədən də öz arvadı ilə barışa bilər. Quranda belə buyurulur:

Əgər ərləri barışmaq istərlərsə, onlara iddə müddəti içərisində geri qayıtmağa [barışmağa] daha çox haqlıdırlar (Əl-Bəqərə, 2/228). Yəni, iddənin başa çatmasından sonra qayıda bildiyinə görə, iddə müddətində da qayıda bilər. Qadın isə ərinin bəd niyyətli olduğunu sübut etsə, onun geri qayıdışını qəbul etməyə bilər; lakin bəd niyyəti sübut etmək xeyli çətindir.

Cahiliyyə dövründə ərəblər talaqın nə olduğunu bilirdilər. Lakin bunun müəyyən bir sayı yox idi. Ər arvadını boşayar, iddə müddəti ərzində onun yanına qayıdar və bu işi istədiyi qədər görə bilərdi. Beləliklə, arvadına nə ərlik edər, nə də onu başqa bir kişi ilə evlənməsi üçün azad buraxardı. Qadının gözləmə müddəti başa çatsa belə, onun evlənməyini qadağan edə bilərdi. ((Cəssas, Əhkamul-Quran, II cild, s. 73; M. Rəşid Rza, Təfsirul-mənar, Qahirə, III, 38.)) İslam dini isə qeyri-məhdud talaq haqqını üçə endirdi və ilk ikisində kişiyə qadının gözləmə müddəti ərzində onunla barışmaq hüququ verdi. Üçüncü boşamadan sonra ona bu hüququ vermədi. Beləliklə, arvadını heyzdən təmiz olduğu halda, yaxınlıq etmədən boşayan kişi bir boşama haqqından istifadə etmiş olur. Müddət başa çatdığı zaman, ayrılmaq qərarına gəlməyin bu məsələdə bir təsiri yoxdur. Evliliyi davam etdirmə qərarına gəlirlərsə, yenə bir boşama baş verir, lakin evlilik yenidən qurulur.

Buraya qədər bəhs edilənlər yalnız bir boşama ilə əlaqədardır. «O talaq iki dəfə mümkündür» ayəsi bunun iki dəfə mümkün olduğuna dair hökm vermişdir. Əks təqdirdə, cahiliyyə dövründə olduğu kimi, qadınlara bu yolla zülm edilə bilərdi. Allah isə zülmə izin verməz. O, belə buyurur:

Əgər arvadını üçüncü dəfə boşarsa, o zaman bu qadın ona halal olmaz (Çünki kişi üçüncü və axırıncı haqqından istifadə edir). Qadın başqa bir kişiylə evlənər, o da boşarsa, Allahın hökmlərinə riayət edəcəklərinə dair qənaət hasil olduğu təqdirdə, bir-birlərinə qayıtmaqlarında [qadının özünün birinci əri ilə yenidən evlənməyində] günah yoxdur (Əl-Bəqərə, 2/230).

Həm boşama əsnasında, həm də gözləmə müddətinin sonunda görülən işlərdə şahid tutmaq lazımdır. Bu yolla işlərin əvvəli və sonu müəyyən edilir. Quranın evlənmək üçün şahid şərti qoymayıb, boşanmaq üçün şahid şərtini irəli sürməsi onun bu mövzuya daha çox əhəmiyyət verdiyini göstərir.

Talaq haqqının üç dəfə ilə məhdudlaşdırılması fitrətə də uyğun gəlir. Çünki istənməyən bir işdən sonra ən çox iki dəfə üzr qəbul edilir, üçüncü dəfə qəbul edilmir. Bunu Musa əleyhissəlamla Xızır əhvalatında da görürük:

Musa Xızıra: “Sənə öyrədiləndən mənə də bir hikmət öyrətməyin üçün səninlə gələ bilərəmmi?”, – dediyi zaman, Xızır: “Gəl, ancaq sən mənimlə birlikdə olmağa tab gətirə bilməzsən, əsl üzünü bilmədiyin bir şeyə necə taqət gətirəcəksən? Əgər mənə tabe olacaqsansa, mən özüm hər şeyi sənə başa salana qədər məndən heç bir şey soruşma!”, – deyə cavab vermişdi. Musa əleyhissəlam isə Xızırdan iki dəfə sual soruşmuş və belə demişdi: “Əgər bundan sonra səndən bir şey soruşsam, artıq mənimlə yoldaşlıq etmə! Çünki sən artıq mənim tərəfimdən bəyan edilən sonuncu üzrxahlıq nöqtəsinə çatdın”. Bundan sonra üçüncü sualı da soruşduğu zaman, Xızır ona: “Bax bu bizim aramızı ayırır!”, – demişdi. ((Əl-Kəhf, 18/66-78.)) Çünki üçüncüdən sonra üzr qəbul edilmir. Eynilə bunun kimi, üçüncü boşamadan sonra ərin üzr istəmə imkanı başa çatır. Bu da fitrətə müvafiq gələn bir talaqdır.

Bir məclisdə (eyni anda, bir oturuşda, eyni məclisdə) üç talaq

Bütün bu açıq-aydın ayələrə baxmayaraq, İslam dünyasında Qurana və fitrətə zidd olaraq üç talaq haqqından eyni anda istifadə edilə biləcəyi, yəni, kişinin öz arvadına: “Səni üç talaqla boşadım”, – deməsi ilə üç boşama haqqının üçündən də istifadə etmiş hesab edilməsi məşhur dörd məzhəb və Zahiri məzhəbi tərəfindən qəbul edilmişdir. İndi isə gəlin, bu fikirlərin tutarsızlığını başqa bir nöqteyi-nəzərdən görməyə çalışaq:

الطلاق مرتان «O talaq iki dəfə mümkündür» (Əl-Bəqərə, 2/229) ayəsində dəfə olaraq tərcümə edilən مرة sözü zaman ( جزء من الزمان ) dilimi mənası verir. ((Rağib Əl-İsfahaninin Müfrədat lüğəti, Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992; Bəsair, IV cild, s. 490.)) Ət-Talaq surəsinin birinci ayəsi bunun iddə müddəti qədər olduğunu bildirmişdir. Ər öz arvadını bu müddət ərzində yalnız bir dəfə boşaya bilər. İkinci ayə isə belədir: Qadınlar öz gözləmə müddətlərini [iddələrini] başa vurduqları zaman, onları ya yaxşılıqla saxlayın, ya da xoşluqla ayırın [boşayın].

«O talaq iki dəfədir» ayəsi bu cür boşamanın iki dəfə mümkün olduğuna dair bir hökm vermişdir. Deməli, qadını bir dəfədə iki və ya üç talaqla boşamaq mümkün deyildir.

İbn Abbasın rəvayətinə görə, Əbdu Yezid arvadı Ümmü Rükanəni boşayıb, Müzeynə qəbiləsindən bir qadınla evlənmişdi. Qısa bir müddətdən sonra o qadın peyğəmbərin yanına gəlmiş, əri Əbdu Yezidin cinsi cəhətdən zəif (iqtidarsız, impotent) olduğunu üstüörtülü şəkildə peyğəmbərə bildirmək üçün öz saçından çəkdiyi bir tükü göstərərək belə demişdi: “Onun mənə ancaq bu tük qədər xeyri ola bilər, bizi ayır!”.

Peyğəmbər əleyhissəlam buna hirslənmişdi. Əbdu Yezidin oğlu Rükanəni və qardaşlarını çağırtdırdı. Sonra o iki uşağı orada olanlara göstərib: “Bunu bu baxımdan, digərini də o baxımdan Əbdu Yezidə oxşada bilirsiniz? Bunlar ona oxşayırlar?”, – deyə soruşdu.

Hamı: “Bəli!”, – dedi. Bu dəm Allahın elçisi Əbdu Yezidə: “Onu boşa!”, – deyə əmr verdi. O da bu əmri yerinə yetirdi.

Sonra peyğəmbər əleyhissəlam: “Əvvəlki arvadının – Rükanənin anasının yanına qayıt!”, – dedi.

Əbdu Yezid: “Ya peyğəmbər, mən onu üç talaqla boşadım”, – deyə cavab verdi.

Peyğəmbər əleyhissəlam: “Bilirəm, sən onun yanına qayıt!”, – dedi və bunun ardınca: “Ey peyğəmbər! Qadınları boşadığınız zaman onları iddə [gözləmə] müddətlərində boşayın və gözləmə müddətini sayın (Ət-Talaq, 65/1)!”, – ayəsini oxudu. ((Əbu Davud, Talaq, 10.))

İbn Abbasın bildirdiyinə görə, Əbdu Yezidin oğlu Rükanə də arvadını atası kimi üç talaqla boşadı, sonra bundan çox mütəəssir oldu. Peyğəmbər əleyhissəlam ondan arvadını necə boşadığını soruşdu. O da: “Üç talaqla boşadım”, – dedi.

Peyğəmbər əleyhissəlam: “Bir dəfədəmi?”, – deyə soruşdu. O: “Bəli”, – deyə cavab verdi. Peyğəmbər əleyhissəlam ona: “Bu bir talaqdır, əgər istəyirsənsə, onun yanına qayıt, onunla barış”, – dedikdə, o, dərhal qayıtdı. ((Əhməd ibn Hənbəl, Müsnəd, I, 265. Əhməd ibn Hənbəlin fikrincə, bu hədisi rəvayət edənlərin hamısı mötəbər şəxslərdir. Əhməd Abdurrəhman Əl-Bənna, Büluğul-əmani min əsraril-fəthir-rəbbani, Daruş-şihab, Qahirə, XVII cild, s. 7.))

İbn Abbasın bildirdiyinə görə, peyğəmbər əleyhissəlamla Əbu Bəkrin dövründə və Ömərin xəlifəliyinin ilk iki ilində üç talaq bir talaq sayılırdı. Xəttab oğlu Ömər isə: “İnsanlar ehtiyatlı davranmaları lazım gələn bir məsələdə tələm-tələsik davranırlar. Əcəba, o məsələni onların əleyhinə məqbul hesab edəkmi?!”, – dedi və bunu dediyi kimi məqbul saydı. ((Müslüm, Talaq, 2 (15, 16 və 17; 1472 nömrəli hədislər); Nəsai, Talaq, 8; Əbu Davud, Talaq, 10.))

Bu vaxtdan sonra fitvalar karıxdırıcı bir şəkildə dəyişdi. Yuxarıdakı hədisləri nəql edən Abdulla ibn Abbas da öz fikrini dəyişdirdi. Mücahid belə bir rəvayət edir: “Bir gün İbn Abbasın yanındaydım, bir kişi gəlib, arvadını üç talaqla boşadığını dedi. İbn Abbas bir müddət susdu. Mən də İbn Abbasın o adamı arvadı ilə barışdıracağını zənn etdim”. Elə bu dəm İbn Abbas danışmağa başladı: “Biriniz axmaqlıq edir, sonra İbn Abbas, İbn Abbas!… deməyə başlayır. Allah belə buyurub: Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu açar (Ət-Talaq, 65/1). Sən isə Allahdan qorxmadın. Mən də sənə bir çıxış yolu görmədim. Sən Rəbbinə qarşı üsyan etmisən. Arvadın səndən ayrılıb. Allah Təala belə buyurur: Ey peyğəmbər! Qadınları boşadığınız zaman onları iddə [gözləmə] müddətlərində boşayın (Ət-Talaq, 65/1)!”. ((Əbu Davud, Talaq, 1.))

Abdulla ibn Ömər, Abdulla ibn Məsud, Ömər ibn Abduləziz və Mərvan ibn Əl-Həkəmin də buna əsasən fitva verdiklərini bilirib. ((Əl-Muvatta, Talaq, 1.))

Hənəfi, Şafii, Maliki və Hənbəli məzhəbləri də bir sözlə verilən üç boşamanı üç talaq sayıblar. Yəni, bir şəxs əgər öz arvadına: “Səni üç talaqla boşadım”, – desə və arvadı istər heyzli, istərsə təmiz olsun, hətta istərsə, həmin təmizlik müddəti ərzində əri ilə yaxınlıq etmiş olsun, istərsə də heç zifafa belə girməmiş olsun, arvadının bununla (üç talaqla) artıq boşanmış olduğunu deyiblər.

Bunların bir qismi الطلاق مرتان – «O talaq iki dəfədir» ayəsindəki ال müəyyənlik artiklının burada cins üçün olduğunu iddia ediblər. Bunun mənası isə: “Kişi arvadını ən çox iki dəfə boşaya bilər”, – deməkdir. Boşamanın üç dəfə olması məsələsində ixtilaf yoxdur. Buna görə də ال artiklının cins üçün işlədildiyini müdafiə edənlər cümlənin quruluşunu köklü surətdə dəyişdirməyə məcbur olublar. Əs-Səraxsi belə deyir: “Mübah ((Allah Təalanın nəzərində edilməsi ilə edilməməsi eyni olan fel, hərəkət, davranış; yeyilməsi halal olan bir şeyi yemək, yaxud yeməmək kimi – tərcüməçinin qeydi.)) talaqların hamısı iki dəfədir və üçüncü dəfədir”. ((Şəmsəddin Əs-Səraxsi, Əl-Məbsut, Beyrut, 1409/1989, VI cild, s. 5.)) «Üçüncü dəfədir» əlavəsi Əl-Bəqərə surəsinin 230-cu ayəsindəki «Kişi arvadını yenidən boşasa…» hökmündən götürülmüşdür. Əgər bu hökmü əlavə etmək məcburiyyəti varsa, ال artiklının cins olma ehtimalı qalmaz. Çünki الطلاق مرتان isim cümləsidir; davamiyyət və sabitlik ifadə edir. Ərəb dilini bilən hər kəs burada yol verilən səhvi asanlıqla başa düşə bilər.

İbn Hümamın fikrincə, bu ayə Sünnəyə uyğun gələn boşamanın iki dəfə olduğunu göstərir. Çünki üç boşamanın bir oturuşda baş verəcəyinə dair həmrəylik vardır. ((Kamal ibn Əl-Hümam, Məhəmməd ibn Abdulvahid Əs-Sivasi (vəfat tarixi hicri 681), Şərhu fəthil-qadir, Beyrut, IV cild, s. 70.)) Bizcə, bu fikir də qəbul edilə bilməz. Çünki ayələrə zidd olan bir həmrəylik ayələrə təsir edə bilməz.

Bir çox fəqih (İslam hüququ fiqh, onunla məşğul olan şəxslər isə fəqih adlanır – tərcüməçinin qeydi.) الطلاق مرتان ayəsindəki مرة sözünün bir zaman dilimini göstərdiyini bildirib. Hənəfi məzhəbindən olan Əl-Kəsani də onlardan biridir. Onun bu barədə sözləri belədir:

Allah bu ayədə sanki: “Onları boşamaq istədiyiniz zaman, iki dəfədə boşayın!”, – deyə buyurub. Ayrı-ayrı boşamanın əmr edilməsi bunların eyni anda həyata keçirilməsinin qadağan edildiyini bildirir. Çünki arada təzad vardır. Elə isə talaqları birləşdirmək haram, yaxud məkruhdur. ((Ələddin Əl-Kəsani (vəfat tarixi hicri 587), Əl-Bədaius-sənai fi tərtibiş-şərai, Beyrut, 1982, ikinci nəşr.))

Əl-Kəsani bunu belə söyləmiş, lakin onun özü də talaqları birləşdirməyi qəbul etmişdir. Bir şeyi həm məqbul, həm də qadağan hesab etmək böyük bir ziddiyyətdir.

Təfsir alimləri də eyni yolu tutublar. Belə ki, onlar nə مرة (mərra) sözünün üzərində dayanıblar, nə də Əl-Bəqərə surəsinin 229-cu ayəsi ilə Ət-Talaq surəsi arasında əlaqə qurublar. ((Bu, böyük bir iddia kimi görünə bilər. Ancaq baxa bildiyim bütün təfsir kitablarını araşdırıb, tədqiq etdim və bunların hamısının demək olar ki, mahiyyət etibarilə bir-birinin təkrarı olduğunu gördüm. Qurtubi, İbn Kəsir, Qazı Beyzavi, Əbus-Suud və Fəthul-Qadir təfsirləri həmin təfsir kitabları arasında başlıca olanlardır.))

Əslində alimlərimiz hökm vermək əvəzinə, Qurani-Kərimi başa düşməyə çalışmalı idilər. Çünki hökm vermək arzusu yanlış nəticələrə gətirib çıxardır.

((Bu yazının hazırlanmasında əsas etibarilə ilahiyyat elmləri doktoru, professor (İstanbul Universiteti, Türkiyə) Abdulaziz Bayındırın Qurani-Kərimin İzahlı Tərcüməsi: Fatihə və Bəqərə Surələri, Şərhlər adlı əsərindən (Azərbaycan dilinə çevirib uyğunlaşdıran Dr. Fəqani Bəylərov, Bakı, Təknur nəşriyyatı, 2004-cü il) istifadə edilmişdir. Saytımızın materiallarından istifadə zamanı mənbə kimi http://www.muselmanlar.com və bütöv keçid (link) göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.))

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin