Müsəlmanlar
Altı həftəlik yay kursunda şagirdlərə nə öyrətmək olar?

Altı həftəlik yay kursunda şagirdlərə nə öyrətmək olar?

Sual: Bildiyiniz kimi, indi yay fəslindəyik. Məktəblər bağlanıb. Yəni, şagirdlər yay tətilindədirlər. Bizim bir Quran kursumuz var. Bir çox valideyn uşaqlarını kursa gətirir. Uşaqlara keçilən dərslər Quran, İslam tarixi, əxlaq və mənəviyyatla əlaqədardır. Digər yay kursları kimi bizim kursumuz da 6 həftə çəkir. Sizə sualım belədir: Cəmi-cümlətanı 6 həftə davam edən bir yay kursunda şagirdlərə nə öyrətmək olar? Nələrə üstünlük vermək lazımdır? Nə məsləhət görərdiniz?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, 6 həftə çox da uzun bir müddət deyil. Lakin bu qədər vaxt Qurani-Kərimi uşaqlara tanıtmaq və onlara bu barədə ibtidai məlumatları vermək üçün kifayətdir.

Siz bu kursda uşaqlara Quranın necə bir kitab olduğunu, o cümlədən onu oxuyub, başa düşməyin mümkün olduğunu birbaşa tərcümə-məaldan dərs keçməklə başa sala bilərsiniz. Yaşca kiçik olan uşaqlara hər gün bir peyğəmbərin qissəsini (əhvalat, hekayət) danışmaq və dərsi bu istiqamətdə aparmaq birinci məqsədiniz olsun. Oxuduğunuz qissələri, çıxarılmalı olan nəticə və ibrət dərsini onlara qısa formada izah edin. Uşaqların bunu başa düşüb düşmədiklərini sual-cavab yolu ilə yoxlayın.

Quranın bir növ xülasəsi hesab olunan Fatihəni və tövhid inancının (təkallahlılıq, monoteizm) xülasəsi kimi götürülən İxlas surəsini mənaları ilə birgə uşaqlara öyrədin. Çünki onların bunu dərk etməkləri dini bütövlükdə başa düşməkləri baxımından böyük bir əhəmiyyət kəsb edir. Çalışın ki, bu məsələyə xüsusi diqqət yetirəsiniz.

İbadət üçün məscidə gəlib gedən camaatla əlaqə saxlayın və hər uşağa bir Quran tərcüməsi verin. Əlbəttə ki, bunu hədiyyə kimi verməlisiniz. Quran tərcümə-məalı seçərkən oxunaqlı və asan başa düşülən, sadə dildə yazılmış bir tərcüməyə üstünlük verin. Uşaqlara bundan necə istifadə edəcəklərini, nə cür oxuyacaqlarını başa salın. Quran tərcümələrindəki indeks bölməsindən istifadə edin və onlara Quranın müxtəlif yerlərindəki ayələri axtarıb tapmağı öyrədin. Cəmi bir neçə ayəni tapmağı öyrətsəniz, ilk mərhələ üçün kifayət edər. 1-2 dərsi buna sərf edib, uşaqları həvəsləndirin. Çalışqan və müvəffəq olan şagirdləri mükafatlandırın.

İslam tarixi ilə əlaqədar dərsdə uşaqlara peyğəmbərimizdən (s. a. v.) nəsə danışdığınız vaxt onun şəxsiyyətindən çox risalət və peyğəmbərliyinin mühüm olduğunu izah etməyə çalışın. Çünki biz müsəlmanlar neçə-neçə əsrdir ki, peyğəmbərimizin peyğəmbərlik missiyası ilə, o cümlədən apardığı mübarizə ilə, onun əxlaqı və bizim üçün nümunə olması ilə deyil, dünyaya gəlməyi, dünyaya gəldiyi gün baş verən fövqəltəbii hadisələr və şəxsi həyatı ilə məşğul olmuşuq. Peyğəmbəri “heç vaxt səhvə yol verməyən”, “yanılmayan”, “fövqəlbəşər (uber-human, übermensch)” və “əlçatmaz” kimi qəbul edib, əslində öz həyatımızdan uzaqlaşdırmışıq. Siz Quranın müvafiq ayələrinin fonunda bu məsələyə xüsusi diqqət yetirin.

İbadətlərlə əlaqədar dərslərdə uşaqlara hər şeydən əvvəl ibadətin mənasını öyrədin. Onlara Allaha ibadət etməyin nə üçün lazım olduğunu, ibadət etməyin ancaq namaz qılmaq, oruc tutmaq və Həccə getməkdən ibarət olmadığını, əksinə, həyatın bütün sahələrində qüvvədə olduğunu başa salın. Bununla yanaşı, başda dəstəmaz almaq və namaz qılmaq olmaqla, dini məlumatları şəxsən özünüz tətbiq edərək öyrədin.

Dəstəmaz və namaz barədə nəzəri məlumatlar verməkdən xüsusilə uzaq durun. Uşaqlara bir-bir “dəstəmazın vacib və müstəhəbləri”, “namazın şərtləri”, “namazın xarici və daxili rüknləri” kimi şeyləri əzbərlətməyin bir mənası yoxdur. Çünki bunları kor-koranə əzbərləmək uşaqların zehnini məşğul edib, yorur və onlara narahatlıq verir. Odur ki, dəstəmaz almaq və namaz qılmaq qaydalarını gözləri ilə görüb öyrənməkləri və özlərinin də bunları tətbiq etməkləri kifayətdir.

Əxlaqla əlaqədar dərsdə peyğəmbərin əxlaqının Qurandan ibarət olduğunu izah edin. Quranın əxlaq prinsiplərini izah edən ayələrinin tərcüməsini (xüsusilə Hucurat surəsini və Loğman əleyhissəlamın öz oğluna öyüd-nəsihətlərini) oxudun. Uşaqlara valideynlərlə, böyük və kiçiklər və dost-tanışla necə rəftar etməli olduqlarını başa salın. Onlara özlərini cəmiyyətdə necə aparmalı olduqlarını yaxşı-yaxşı izah edib, öyrədin. Əgər ictimai əxlaq qaydalarını bu cür öyrədə bilsəniz, həqiqətən də, böyük bir iş görərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.