Müsəlmanlar

Bir qadın kişilərə pişnamazlıq edə bilər?

Sual: Bir qadın kişilərə pişnamazlıq (imam-camaat) edib, namaz qıldıra bilər?

Cavab: Namaz ibadətində xüşu məsələsi olduqca vacib bir amildir. Allah Təala bu barədə belə buyurur:

“Namazlarında xüşulu olan möminlər nicat tapmışlar”. (Muminun, 23/1-2)

Xüşu ifadəsi insanın Allahın hüzurunda olduğunu dərk edib, tövazökarlıq nümayiş etdirərək boyun əyməyini, yəni, Allaha tabe olduğunu və itaət etdiyini bildirir. Buna görə də istər namazın qiyam mərhələsində, istərsə də digər mərhələlərində xüşuya mane olan hal və hərəkətlərdən uzaq durmaq lazımdır. Bir qadının kişilərin qabağında pişnamazlıq etməyi həm onun özünə, həm də arxasında duran camaata xüşu barədə maneçilik törədər. Bu isə öz növbəsində şeytana axtarıb tapa bilmədiyi imkan və fürsətləri verir. Çünki şeytan olduğu yerdən qovulub, Qiyamətə qədər yaşamaq icazəsi aldığı vaxt Allah Təalaya belə demişdi:

“And olsun ki, mən də onlardan ötrü sənin haqq yolunun üstündə oturacağam.

Sonra onların qabaqlarından, arxalarından, sağ və sollarından dürtüləcəyəm. Görəcəksən ki, onların əksəriyyəti Sənə təşəkkür etmirlər”. (Əraf, 7/16-17)

Namaz qılan insan düzgün yolda olduğuna görə şeytan dərhal fəaliyyətə başlayır. Namaz qılanlar şeytanın onlara nə cür vəsvəsələr təlqin etdiyini lap yaxşı bilirlər. Qadının pişnamazlıq etməsi halında şeytan vəsvəsə vermək üçün təzə imkanlar qazanır. Nə qadında, nə də kişidə xüşu deyilən bir şey qalmır. Bu səbəbə görə peyğəmbərimiz Muhəmməd (s. a. v.) məsciddəki cərgələri qabaqda kişilər, onların arxasında oğlan uşaqları, sonra qadınlar və qız uşaqlarının olduğu formada tənzimləyib. ((Baxın: Buxari, Səlat (namaz), 20, Əzan, 78, 161, 164; Müslim, Məsacid (məscidlər), 266-268, (658-660); Muvatta, Qəsru-s-Səlat (namazın qısaldılması), 31; Əbu Davud, Səlat, 71; Tirmizi, Səlat, 173; Nəsai, Məsacid, 43.))

Başda Əbu Davud olmaqla bəzi hədis, təbəqat və təfisr mənbələrində Ümmü Vərəqə adlı əshabə bir xanımın kişilərə pişnamazlıq etdiyinə dair və ona bu icazəni şəxsən peyğəmbərin verdiyini bildirən bir rəvayət mövcuddur. Lakin bu hədis onunla əməl edilə bilməyəcək dərəcədə zəifdir. ((Baxın: Mustafa Ertürk, “Kadının Erkeklere Namaz Kıldırabileceğine Dair Bir Rivayet ve Referans Değeri”, Hadis Tetkikleri Dergisi, 3-cü cild, nömrə 1, il 2005, s. 91-106.))

Sırf bu mənbələrdə olduğuna baxıb, həmin zəif hədisə əsaslanmaq və qadının kişilərə imam-camaat olacağını demək mümkün deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.