Müselmanlar
İslam hüququnda borcunu ödəyə bilməyənin cəzası nədir?

İslam hüququnda borcunu ödəyə bilməyənin cəzası nədir?

Sual: İslam hüququna əsasən borcunu qaytara bilməyən şəxslərə həbs cəzası tətbiq olunur?

Cavab: Qaytarmağa gücü çatmadığına görə borcunu verə bilməyənlərə bir cəza verilmir. Bu barədə həmrəylik var. Çünki bu məsələ ilə əlaqədar ayə çox açıqdır. Allah Təala bu barədə belə buyurur:

“Borclu olan şəxs çətin vəziyyətdədirsə, ona vəziyyəti düzələnə [yaxşılaşana] qədər möhlət verin! [Borcu] ona bağışlamağınız sizin üçün daha xeyirlidir. Kaş ki, bunu biləydiniz!” (Bəqərə, 2/280)

Qaytarmağa gücü çatdığı halda, borcunu verməyi gecikdirənlərin həbs olunmağını Əbu Hənifə qəbul edib. Lakin o, bunu qaytarmağı gecikdirməyin cəzası kimi deyil, borclu şəxsi borcunu qaytarmağa məcbur etməyin və haqsızlığın qarşısını almağın bir yolu kimi qəbul edib. Çünki Əbu Hənifə borclunun mal-dövlətinin müsadirə olunub satılmağını qəbul etmir. Onun fikrincə, “əgər borclu adamın mal-mülkü varsa, hakim həmin mal-mülkün üzərində təsərrüf apara bilməz. Borclunu müddətsiz formada həbs edər ki, malını satsın və borcunu qaytarsın. Bunu alacağı olanlar haqlarını alsınlar və zülmün qarşısı alınsın deyə, həyata keçirər”. ((Əli ibn Əbu Bəkr Əl-Mərğinani, Əl-Hidayə Şərhu Bidayətil-Mübtədi, İstanbul, 1985, “Kitabul-Həcr, Babul-Həcr bi Səbəbid-Deyn”, 3-cü cild, s. 285.))

Borclu adam borcunu ödəyən kimi həbsdən azad edilir. Ona görə də məlum olur ki, bu, borcu gec qaytarmağın cəzası deyil. Həbs edilməmiş borcunu qaytaran adam həbsə düşməz.

Qeyd edək ki, belə hallarda həbs cəzası tətbiq etməyi lazım hesab edən başqa məzhəb yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin