- Müselmanlar - http://www.muselmanlar.com -

İslam dinində evlənməyə necə baxılır?

Cavab: İslam dini insanı evlənməyə təşviq edir. Bu din müsəlmanlara əmr edir ki, öz aralarında subay olanları evləndirsinlər.1 [1] Muhəmməd peyğəmbər (s. a. v.) özü də evlənmiş və bununla möminlərə nümunə olmuşdur.

İslam alimləri belə bir qənaətə gəliblər ki, evlənmədiyi vaxt zina günahına batmaq qorxusu olan və evlənmək imkanına malik olan müsəlmanların evlənməyi vacibdir.

Evlənməklə əlaqədar olaraq peyğəmbərdən (s. a. v.) aşağıdakı hədislər nəql olunur:

“Cavanlar! Kimin maddi imkanı varsa, dərhal evlənsin. Kim də maddi imkanı yoxdursa, (müstəhəb) oruc tutsun. Çünki oruc onun üçün şəhvətin qarşısını alır”.2 [2]

Ənəs ibn Malik (r. a.) nəql edir:

“3 nəfər peyğəmbərin arvadlarının evinə gəldilər və soruşdular ki, peyğəmbər necə ibadət edir? Qadınlar onlara peyğəmbərin ibadəti haqqında məlumat verdilər. Onlar bunu az hesab edib dedilər: “Biz hara, peyğəmbər hara? Şübhəsiz ki, Allah peyğəmbərin ötüb keçən və gələcəkdəki bütün günahlarını bağışlayıb (biz daha çox ibadət etməliyik)”. Bunun üstündən aralarından bir nəfər dedi ki, mən artıq gecələr daim namaz qılacağam. O biri isə: “Mən həmişə oruc tutacağam”, – dedi. Üçüncüsü də: “Mən də qadınlardan ayrı yaşayacağam, heç evlənməyəcəyəm”, – dedi. Elə bu dəm peyğəmbər onların yanına gəldi və dedi:

“Siz belə danışırsınız amma diqqətli olun! Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınız və ən təqvalı olanınızam. Bununla yanaşı, mən oruc da tuturam, orucsuz da gəzirəm. Namaz da qılıram amma gecənin bir hissəsində yatıram da.  Qadınlarla da evlənirəm (mənim sünnəm, həyat yolum budur). Kim mənim bu sünnəmdən üz döndərsə, məndən deyil”.3 [3]

Əbu Əyyubun (r. a.) nəql etdiyinə görə peyğəmbər belə deyib:

“Dörd şey bütün peyğəmbərlərin sünnələrindəndir. Utanmaq hissi (həya), gözəl ətir vurmaq, misvakdan istifadə etmək və evlənmək”.4 [4]

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar [5]© 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: Nur surəsinin 32-ci ayəsi. [ [6]]
  2. Buxari, Nikah, 3; Müslim, Nikah, 1. [ [7]]
  3. Buxari, Nikah, 1; Müslim, Nikah, 5 (1401). [ [8]]
  4. Tirmizi, Nikah, 1. [ [9]]