Müselmanlar
Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm?

Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm?

Sual: Mən bilirəm ki, bütün kainatı Allah yaradıb və O, hər şeyə qadirdir. Lakin buna ürəkdən inanmaqla əlaqədar bir problemim var. Mən belə hesab edirəm ki, Allah mənə kömək etmir. Hal-hazırda bir nəfərə yaxşılıq etdiyimə görə faizləri ilə birlikdə 50 min manatdan çox borcum var. Ətrafımdakı insanlardan bu barədə istər çox, istərsə az olsun, heç bir kömək və dəstək ala bilmirəm. Bir işə girib işləmək belə, borcumu ödəməyə çatmır. Odur ki, maya (sərmayə, kapital) əldə etməli, başqa sözlə desək, pul tapıb bir iş görməliyəm. İmkanlı adamların yanına gedir və onlardan görmək istədiyim iş üçün kömək tələb edirəm. Amma bundan müsbət bir nəticə hasil olmur. Əsas problem odur ki, hər şey üçün Allaha necə arxalanacağımı bilmirəm. Allaha etibar etməmək, yəni, Ona arxalanmamaq indi məni sanki bir boşluğa salıb; özümü dəyərsiz və artıq bir şey kimi hiss edirəm. Əgər həmin boşluqda qalan hissin içinə digər dünyəvi hisləri də qatsam, mənim axırım həm bu dünyada, həm də axirətdə həlakla üzləşmək olacaq. Xahiş edirəm, mənə bu məsələdə kömək edin.

Cavab: Siz hər şeydən əvvəl xatırlamalısınız ki, Allah Təala öz bəndələri arasında heç bir ayrı-seçkilik etmir və O, zalım deyil. Qurani-Kərimdə bizə deyilir ki, insanın başına gələn pis işlər insanın öz-özünə etdikləri şeylərin ucbatından baş verir. Başqa cür desək, yol verdiyiniz səhvləri Allaha yükləməyə cəhd etməyin. Bir haqq-hesab edin, özünüzü sorğu-suala çəkin. Harada səhv etdiyinizi müəyyənləşdirin və necə deyərlər, bundan sonrakı mərhələ üçün yeni bir yol xəritəsi hazırlamağa çalışın. Əlinizdən nə gəlirsə, onu edin. İbadətlərinizi səhlənkarlığa yol vermədən yerinə yetirin. Dua etməyi yaddan çıxarmayın. Həmişə Allaha arxalanın. Öhdənizə düşən işləri görmədən, ibadətlərinizi yerinə yetirib dua etmədən Allah sizə kömək etməz. Bunu da unutmayın.

Aşağıda verilən ayələr sizin vəziyyətinizlə yaxından əlaqəlidir. Hər bir ayəni düşünə-düşünə oxuyub mənimsəməyə çalışın. Səhvlərinizi və nə etməli olduğunuzu məhz özünüz görün. İnşallah bu ayələr sizi özünüzə gətirəcək. Sizə heç gözləmədiyiniz qədər güc və təpər verəcək. Beləcə, Allaha əvvəllər olduğundan da çox arxalanacaqsınız. Nəticədə həyatdan möhkəmcə tutacaq və Allahın izni və köməyi sayəsində bütün çətinliklərin öhdəsindən gələcəksiniz.

“Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər”. ((Nisa, 4/79.))

“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır”. ((Şura, 42/30.))

“Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir”. ((Luqman, 31/17.))

“o kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər”. ((Həcc, 22/35.))

“İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz, kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz, mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz”. ((Fəcr, 89/15-20.))

“Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər. Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır”. ((Hud, 11/9-11.))

“Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən”. ((Şura, 42/48.))

“İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər”. ((Fussilət, 41/49.))

“İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O şəxs dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.

O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur.

Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O nə pis köməkçi, nə pis yoldaşdır!

Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər.

Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi.

Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir”. ((Həcc, 22/11-16. Ayələr Ə. Musayevin tərcüməsindən götürülmüşdür. Mənbə: quran.az saytı.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin