Cavab: Kredit faizli borc deməkdir. Faiz isə İslam dininin ən ağır qadağalarından biridir. Çox çətin vəziyyətə düşən bir müsəlman acından ölməmək üçün donuz əti yeyə bildiyi kimi, faizdən də ancaq və ancaq bu qədər pis vəziyyətə qaldığı vaxt istifadə edə bilər. İnsanın başına gələn ilk maddi çətinlik vaxtı dərhal kredit və faizə üz tutmaq düzgün bir hərəkət ola bilməz. Haramları mübah1 hala gətirən zərurət faktoru hamının öz istədiyi kimi başa düşüb tətbiq edəcəyi bir şey deyil.
Bizə tez-tez belə bir sual gəlir: “Axı mən çox çətin vəziyyətdəyəm. Kredit götürə bilmərəm?”. Unutmamaq lazımdır ki, maddi cəhətdən yaxşı vəziyyətdə olanlar onsuz da faizli borc alıb özlərini səbəbsiz yerə pis vəziyyətə salmırlar! Əsas odur ki, çətin vəziyyətə düşdüyün vaxt faizdən uzaq durasan. Allahın imtahanı da elə buradadır. Bu barədə Quran ayəsi də var:
“Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can və məhsul qıtlığı ilə imtahana çəkərik. Səbr edənlərə müjdə ver!
O şəxslər ki, onlara bir müsibət üz verdiyi zaman: “Biz Allaha aidik və şübhəsiz ki, Ona dönəcəyik!”, – deyirlər.
Onların üzərində Allahın verdiyi kamilliklər və bərəkət vardır. Doğru yolda olanlar məhz onlardır!”. (Bəqərə, 2/155-157)
Başqa bir ayədə isə belə buyurulur:
“Ey iman gətirənlər! Səbr edərək və namaz qılaraq kömək diləyin. Allah səbr edənlərlədir!”. (Bəqərə, 2/153)
Buna görə də müsəlman insan bütün çətinliklərə baxmayaraq səbr etməli, daha çox işləməli və əsla harama iş görməməlidir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Allah səbr edənlərlədir, bankdan kredit almaq, çətinliyə dözmək, Faiz, faizli borc, haram, insanın başına gələn çətinliklər, kredit götürmək, mübah, səbr və namazla Allahdan kömək diləmək