Müsəlmanlar

İftida: qadının boşanmaq hüququ

İFTİDA  (Qadının boşanma hüququ)

Allah Təala belə buyurur:

“Onlara verdiklərinizdən bir şeyi almaq sizə halal olmaz. Bu, Allahın qoyduğu hədd-hüdüdda dura bilməyəcəklərindən qorxduqları vaxt mümkündür. Əgər onların Allahın hökmlərinə riayət etməyəcəklərindən (Allahın qoyduğu hədd-hüdüdda dura bilməyəcəklərindən) siz də qorxsanız, qadının fidyə verib, özünü xilas etməyində heç biri üçün bir günah yoxdur. Bunlar Allahın qoyduğu hədlərdir, onlardan kənara çıxmayın. Allahın qoyduğu hədləri aşanlar zalimlərdir!” (Bəqərə, 2/229)

Evliliyin davam etməyəcəyindən narahat olan qadın bu vəziyyəti səlahiyyətli şəxslərə bildirməlidir. Onlar da eyni narahatlığı hiss etsələr, qadına iftida səlahiyyəti verirlər. Əgər qadın ərindən boşanmaq qərarına gəlibsə, ondan aldıqlarını geri qaytarmalıdır. Ayədəki onlara verdiklərinizdən ifadəsi qadının ərindən aldığı mehrin hamısı olaraq başa düşüldüyü kimi, bir qismi kimi də başa düşülə bilər. Bunların nə qədərinin geri qaytarılacağını səlahiyyətli şəxslər müəyyənləşdirirlər. Ərin bir təqsiri yoxdursa, qadın ondan aldıqlarının hamısını geri qaytarmalıdır.

Səlahiyyətli orqan məhkəmədir. Məhkəmə olmayan yerdə hakimə müraciət edilməlidir. Məhkəmə də öz növbəsində işi hakimə həvalə edə bilər. Aşağıda misal kimi verilən hadisələrdə qadın peyğəmbərimizə müraciət etmişdir:

Ənsardan Səhlin qızı Həbibə Sabit ibn Qeys ilə evli idi. Peyğəmbərimiz bir gün sübh namazına getmişdi. Birdən gördü ki, Həbibə alaqaranlıqda qapının ağzında dayanıb. Ondan kim olduğunu soruşdu. Qadın: “Səhlin qızı Həbibəyəm”, – deyə cavab verdi. Peyğəmbər əleyhissəlam: “Sənə nə olub?”, – deyə soruşduqda, o: “Sabit ilə birlikdə ola bilməyəcəyəm!”, – dedi. Sonra Həbibənin əri Sabit gəldi və peyğəmbər əleyhissəlam ona belə dedi: “Budur Həbibə! Bayaqdan ağzına gələni dedi”. Həbibə isə: “Ey Allahın elçisi! Onun mənə verdiklərinin hamısı durur”, – dedi. Peyğəmbər əleyhissəlam Sabitə: “O malları ondan al!”, – deyə buyurdu. Sabit də peyğəmbərin dediyi kimi etdi və Həbibə artıq valideynlərinin yanında yaşamağa başladı. (Əl-Muvatta, Talaq, 11.)

Bununla əlaqədar başqa rəvayətlər belədir:

Sabit ibn Qeysin arvadı belə dedi: “Onu əxlaq və din baxımından təqsirləndirmirəm, lakin özüm də müsəlman olduqdan sonra nankorluq etmək istəmirəm. Bacarmıram. (Əl-Buxari, Talaq, 13.) Özümü saxlaya bilmirəm, ona nifrət edirəm. (İbn Macə, Talaq, 22.)) Əgər Allahdan qorxmasaydım, yanıma gələndə onun üzünə tüpürərdim”. ((Yenə orada.))

Həbibə peyğəmbərimizin qonşusu idi. Sabit onu döymüşdü. O, tündxasiyyət idi. ((Məhəmməd İbn Səd, Ət-Təbaqatul-Kübra, Beyrut, tarix göstərilmir; 8-ci cild, s. 445 (Arim ibn Fəzl Həmmad ibn Zeyd bunu Yəhya ibn Səd ibn Qeys ibn Əmr ibn Səhldən nəql etmişdir).) Həbibə ərinə dərindən nifrət edir, lakin əri onu çox sevirdi. ((Qurtubi, Əl-Cami li Əhkamil-Quran, 3-cü cild, s. 95.)

Peyğəmbər əleyhissəlam Həbibədən: “Ərinin sənə verdiyi bağı geri qaytararsan?”, – deyə soruşduğu vaxt, Həbibə lap artığını da verəcəyini bildirdi. Peyğəmbər əleyhissəlam: “Artığı olmaz. Ona öz bağını ver”, – deyə buyurdu. (Şövkani, Əbu Abdulla Məhəmməd ibn Əli ibn Məhəmməd Əl-Xəvlani, Fəthul-Qədir, Beyrut, tarix göstərilmir, 1-ci cild, s. 240.)

Səhabə dövründə də belə bir əhvalat baş verdi:

Ömər ibn Xəttabın yanına öz ərindən şikayət edən bir qadın gəldi. Qadın içərisində saman və çör-çöp olan bir evə salınıb həbs edildi və bütün gecəni orada keçirdi. Ertəsi gün Ömər ondan gecəni necə keçirdiyini soruşdu. Qadın: “İndiyə qədər bu cür gözəl bir gecə keçirmədim”, – deyə cavab verdi. Bundan sonra Ömər qadının əri haqqında nə fikirləşdiyini öyrənmək istədi. Qadın ərini təriflədi və: “Dad onun əlindən! Ancaq əlimdən başqa bir şey gəlmir!”, – dedi. Bundan sonra Ömər qadına iftida məsələsində icazə verdi. ((Malik ibn Ənəs, Əl-Mudəvvənətul-Kübra, Misir, tarix göstərilmir, 1-ci cild, 3. 341.))

Ömər bu məsələdə belə etməklə qadının əri ilə birlikdə yaşayıb-yaşaya bilməyəcəyini başa düşmək istəmişdi. Əslində isə istər peyğəmbərimiz, istərsə də Ömər qadından niyə nifrət etdiyinin səbəbini soruşmayıblar.

Aşağıdakı ayə iftida məsələsinə aydınlıq gətirir:

Ey möminlər! Mömin qadınlar sizin yanınıza mühacir olaraq gəldikləri zaman, onları imtahana çəkin! Onların imanlarını ən yaxşı Allah bilir. Əgər o qadınların mömin olduqlarını öyrənsəniz, onları kafirlərə geri qaytarmayın. Nə bunlar onlara, nə də onlar bunlara halal olar. Onların bu qadınlara xərclədiklərini geri qaytarın. Bu qadınların mehrlərini (özlərinə) verdiyiniz zaman, sizin onlarla evlənməyinizdə hər hansı bir maneə yoxdur. Kafir qadınların ismətlərindən tutmayın, onlara xərclədiklərinizi istəyin. Onlar da öz xərclədiklərini istəsinlər. Bu, Allahın sizə hökmüdür; sizin aranızda O hökm edir. Allah hər şeyi bilən və doğru qərar verəndir. (Mumtəhinə, 60/10)

Peyğəmbərimizin müşriklərlə bağladığı Hüdeybiyyə müqaviləsinin bəndlərindən biri belə idi: Sənin dinindən də olsa, bizdən sənin yanına kim gəlsə, onu bizə geri qaytarmalısan. Sonra Hüdeybiyyəyə bir dəstə məkkəli müsəlman qadın gəldi. Bununla əlaqədar olaraq yuxarıdakı ayə endi. (Buxari, Şürut, 15.) Müqavilənin şərtində adam, kişi olaraq tərcümə etdiyimiz رجل sözü var idi. Qadınlar adam və kişi sözlərinin əhatə dairəsinə daxil olmadıqlarına görə, peyğəmbər əleyhissəlam ayədəki şərtlərə uyğun gələn o qadınlarla biət etdi və onları geri qaytarmadı. (Səfiyyurrəhman Əl-Mübarəkfuri, ər-Rahiqul-məxtum, Beyrut, 1408/1988, s. 314.)

Yuxarıdakı ayənin mövzusu evli olduğu halda, inancları ucbatından qaçıb müsəlmanlara sığınan qadınlardır. Onların bu rəftarları öz ərlərindən ayrılmaq qərarına gəldiklərini göstərir. Halbuki, belə bir qərara gəlmədikləri üçün Məkkədə qalan müsəlman xanımlar da var idi. Allah Təala Hüdeybiyyə ilə əlaqədar olaraq belə buyurur:

Əgər onların arasında olan və hələ tanımadığınız mömin kişilərlə mömin qadınları əzməyiniz və bu səbəbdən sizə ləkə vurulması ehtimalı olmasaydı, Allah döyüşün qarşısını almazdı. Allah istəyəni öz mərhəmətinə qovuşdurmaq üçün belə etdi. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, onların kafir olanlarını şiddətli bir əzaba düçar edərdik (Əl-Fəth, 48/25)!

İndi isə gəlin Mumtəhinə surəsinin 10-cu ayəsini ayrı-ayrı hissələr halında tədqiq edək:

Ey möminlər! Mömin qadınlar sizin yanınıza mühacir olaraq gəldikləri zaman, onları imtahana çəkin! Onların imanlarını ən yaxşı Allah bilir. Əgər o qadınların mömin olduqlarını öyrənsəniz, onları kafirlərə geri qaytarmayın. Nə bunlar onlara, nə də onlar bunlara halal olar.

Qadının hicrət etməsi onun öz ərini, ailəsini və yurd-yuvasını tərk etdiyini bildirir. Onun hicrətinin səbəbini müəyyənləşdirməkdən ötrü imtahandan keçirilməsi əmr edilmişdir. Burada nəzərdə tutulan imtahan əslində o qadınların həqiqətən öz inancları ucbatından qaçıb-qaçmadıqlarını başa düşməkdən ötrüdür. Bunun müəyyən edilməsi müsəlmanlar üçün maddi bir çətinlik törədir. Çünki o qadının öz ərindən bu cür boşanması qərarının təsdiq edilməsi bir iftida işidir. Bundan sonra o qadın artıq ərinə halal deyildir. Lakin qərar verildiyi vaxt kişinin qadına xərclədiklərini də geri qaytarmaq lazımdır.

– Onların bu qadınlara xərclədiklərini geri qaytarın.

Bu, Həbibənin Sabit ibn Qeysə verdiyi ödəniş kimidir. Hicrət etmiş qadının mal-dövləti olmadığına görə xərcləri müsəlmanların ödəməsi əmr buyurulub. Qadın bundan sonra istədiyi kişi ilə evlənə bilər. Ayənin üçüncü hissəsi bunu göstərir.

– Bu qadınların mehrlərini (özlərinə) verdiyiniz zaman, sizin onlarla evlənməyinizdə hər hansı bir maneə yoxdur.

Ayə göstərir ki, o qadınların əvvəlki ərlərinə təqdim edilən ödəniş əslində müsəlmanların bu qadınlara verdikləri bəxşişdir. Əgər onlar yenidən evlənsələr, yeni ərlərindən aldıqları mehrlə o borcu ödəmələri lazım deyildir.

Burada mühüm olan başqa bir məsələ də vardır. Nə bu ayə, nə Əl-Bəqərə surəsinin 229-cu ayəsi, nə də Həbibə ilə bağlı hədis iftida edən qadına iddə müddətini gözləmək kimi bir məsuliyyət yükləyir. Boşanma məsələsindəki iddə gözləmək barədə əmr birinci və ikinci talaqdan sonra gəlir. Bu, ailənin yenidən qurulması üçün görülən bir tədbirdir; yəni, qadının bətnində uşaq olmadığını müəyyən etməkdən ibarət deyildir. Qadının bətnində uşaq olub-olmadığını müəyyənləşdirmək üçün sadəcə olaraq bir heyz və təmizlənmə müddəti kifayət edər. Buna istibra deyilir. İftidada lazım olan da budur.

Bu ayə beynəlxalq mülki hüquqla əlaqədar hökmlər də ehtiva edir. Ayədə müsəlman qadınlara verilən haqq və hüquq, eynilə müsəlmanlarla kəbinli olan müşrik qadınlara da verilib. Bunu ayənin digər hissələrindən öyrənirik.

– Kafir qadınların ismətlərindən tutmayın ( و لا تمسكوا بعصم الكوافر )!

Ayədəki isam ( عصم ) sözü ismət ( عصمة ) sözünün cəm formasıdır. İsmət kəlməsi Ərəb dilində mane olmaq və qorumaq mənaları verir. ((Firuzabadi, Əl-Bəsair.)) Qadın ərinin himayəsindədir. Buna görə də əri onun bəzi davranışlarına mane ola bilər. Burada müsəlman ərindən ayrılıb, Məkkəyə getmək istəyən kafir qadından bəhs olunur. «Kafir qadınların ismətlərindən yapışmayın!» əmri əslində «Bu qadınlara mane olmayın!» deməkdir. Bu məsələnin dövlətlə əlaqədar cəhəti də vardır. Belə ki, ayə «O qadınların ölkəni tərk etməyinə mane olmayın!» mənası da verə bilər. Ömər bu ayənin nazil olduğu gün iki müşrik arvadını azad buraxmışdı. O qadınlar Məkkəyə getmiş, biri Əbu Süfyan, digəri isə Səfvan ibn Ümeyyə ilə evlənmişdi. ((Əl-Buxari, Şürut, 15. Əl-Buxari Ömərin öz arvadını boşadığını yazır. Biz isə o sözü «azad buraxdı» kimi tərcümə etdik. Çünki hədis nəql edən şəxslər eşitdikləri sözü eyni kəlmələrlə deyil, o kəlmələrin öz zehnlərində yaratdığı məna ilə nəql edirlər. Əl-Buxari hədis öyrənməyə hicri 205-ci ildə başlamış və hicri 256-cı ildə vəfat etmişdir; yəni, onun özü ilə bu hadisə arasında ən azı 200 illik bir zaman məsafəsi vardır. Əvvəlcə də deyildiyi kimi, səhabə dövründən sonra iftida sözü unudulmuş, onun əvəzinə müxaliə işlədilmişdir. Beləliklə, bu cür şəraitdə hədis rəvayət edən şəxslərin ər-arvad arasındakı hər cür ayrılığı boşama-boşanma olaraq qəbul etmələri təbiidir. Bundan başqa, Əl-Bəqərə surəsinin 228-ci ayəsi arvadından talaq yolu ilə ayrılan kişinin arvadına verdiyi şeyləri almağını qadağan edir. Əl-Mumtəhinə surəsinin 10-cu ayəsində isə verilən şeyləri almaq barədə əmr var. Beləliklə, məlum olur ki, bu məsələ belə bir nöqteyi-nəzərdən də talaq deyildir.)) Əbu Süfyan Məkkənin ələ keçirilməsi əsnasında, Səfvan ibn Ümeyyə isə Hüneyn döyüşündən sonra müsəlman olmuşdu. ((Əl-Muvatta, Nikah, 20.))

Kafir qadının müsəlman kişi ilə yaşamaq istəməməsi bir iftida tələbidir. Bu tələbin nəticəsi onun ərindən aldığı şeyləri geri qaytarmağından asılıdır. Ayədə bununla əlaqədar hökm belədir:

– Onlara xərclədiklərinizi istəyin.

Bu qadınlar müsəlman ərlərinin onlara verdikləri mehri geri qaytardıqları vaxt, Həbibə kimi azad olurlar.

– Onlar da öz xərclədiklərini istəsinlər.

Müsəlmanlar çəkdikləri xərci istədikləri kimi, müşriklər də çəkdikləri xərci istəyə bilərlər. Yəni, onlara da belə bir haqq-hüquq verilir.

Müsəlmanların müşrik həyat yoldaşları qaçıb öz dindaşlarının yaşadıqları ölkəyə sığınsalar, ərlərinin onlara xərclədikləri nə olacaq? Aşağıdakı ayə bu barədə hökm vermişdir:

Əgər sizin arvadlarınızdan biri sizdən qaçıb, kafirlərə qoşulsa və sonra onlardan intiqamınızı alsanız, əldə edilən qənimətdən arvadları qaçıb getmiş kimsələrə onların xərclədikləri qədər verin .(Mumtəhinə, 60/11)

Beləliklə, ayələr qadına evliliyə xitam vermək hüququ vermiş, peyğəmbərimiz də bunu öz tətbiqatlarıyla izah etmişdir.

Kişilərin boşanma hüququ haqda məlumat əldə etmək istəyənlər isə aşağıdakı linki tuşlaya bilərlər:

Talaq: kişinin boşamaq hüququ

 

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.