Müsəlmanlar

Lə İlahə İlləllah

Lə İlahə İlləllah

“Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəlib çatdığı vaxt: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.” (Nisə 4/18.)

Quranın xaricinə çıxanlar, onu ölçü götürməyənlər, özlərinin görülməyən dəyərlərə sahib olduğunu ifadə edər və sözdə bəzi kəlimələrə sığınırlar. Məsələn; “mənim imanım var,” “mən müsəlmanam, Allaha da inanıram,” “mənim qəlbim təmizdir,”– kimi ifadələr və sairə. Bütün bu dəyərli kəlimələri hər kəs işlədir. İnsanlardan istənilən isə bunları həyata keçirmək, yaşamaqdır ki, belələrinə; “Allahın dediklərini yerinə yetirən,” ona “təslimiyət göstərən”– mənasında müsəlman deyilir. Axirətdə cəza və mükafatı da buna görə əldə edirik.

Bir adam, mən həkiməm deməsiylə həkim, aliməm deməsiylə alim, təmiz və dürüstəm deməsiylə təmiz və dürüst olmadığı kimi, müsəlmanam deməsiylə də müsəlman olmaz. Gərək şərtlərini yerinə yetirəsən. Bunun şərtlərini də Allah kitab, peyğəmbər göndərməklə bildirmişdir.

Dediyimiz kimi, öz kitablarını ölçü götürməyən hər hansı dinin mənsubları, dinlərinin xaricində görülməyən dəyərlərə və mücərrəd kəlimələrə sığınırlar. Məsələn: Yəhudilər yəhudi olmaqla, Xristianlar vəftiz olmaq və günahlarını İsa (ə.s.) a yükləməklə, Müsəlmanlar da “La ilahə illəllah” deməklə müsəlman və Allahın istəkli bəndələri olduqlarını düşünürlər.

Biz, mövzumuzla əlaqədar “La ilahə illəllah” deyənləri misal göstərəcəyik. Əslində bu kəlimə Quranın ən çox işarət etdiyi , onda olan kəlimədir. Ancaq insanlar pratikdə bu kəliməni Qurandan qoparmışlar. Buna səbəb, təqlid etdiyimiz məzhəbin görüşləri, bir çox siyasətçilərin məqsədyönlü fəaliyyətləri və xatalı din anlayışı olmuşdur. Bu cür anlayışların təsiri ilə insanlar Allahın kitabı olan Qurandan uzaqlaşıblar. “La ilahə illəllah”,- dedin bitdi, o qurtarırsa, Quranın əmrlərini yerinə yetirməyə nə ehtiyac var? Kim “la ilahə illəllah”– dedi, cənnətə girər. Hələ yaşadığı vaxt deyil, ölüm ayağında desə bəsdi. Bu halda da deyə bilməsə, öldükdən sonra molla təlqinlə çatdırır və ya xatırladır. Pəh nə gözəl! Belə məsuliyyətsizliyi, belə dini kim istəməz. Çox təəssüf ki, bu cür din anlayışını sıradan cahil xalqın insanları deyil, bu dinin bir çox qabaqda gedən alimləri, müəllimləri mənimsəmişlər. Bir neçə hədis də rəvayət etdinmi bitdi… Artıq Quran nə deyir? bunun mənası nədir? şərtlərinə uyarmı, uymazmı? əhəmiyyəti yoxdur. Bu hədislərdən bir neçəsi: “Kim La ilahə illəllah deyərsə, cənnətdən çıxacaqdır,” “Kim la ilahə illəllah deyib, başqa əməl işləməsə cənnətə girəcəkdir,” “Əməl imandan deyildir.” Bu kimi hədislərə əsaslananlar, eyni zamanda Quranı Kərimin Nisə surəsinin 48-ci ayəsini də dəlil gətirirlər: “Şübhəsiz ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbətdə, böyük günah etmiş olur.” (Nisə 116)

Əvvəlcə hər kəs bunu yaxşı bilməlidir ki, hər “La ilahə illəllah” deyən şəxs şirkdən xilas olmur. Sonra da bu ayədə, Allah hər şərik qoşmayanı əfv edəcəyini də ifadə etmir. Ayədə “istədiyi şəxsin” günahlarını bağışlayacaqdır. Bir də bu kəlimənin nə mənaya gəldiyini də hər kəs bilmir. İrəli sürdükləri hədislərə bir hadisəni də misal verirlər: “Uhud döyüşündə gənc bir səhabinin peygəmbərə: “Əvvəlcə imana gəlib sonra döyüşümmü?, yoxsa, “döyüşüb sonra iman edimmi?”-sualına, Peyğəmbər: “iman et sonra döyüş,”– deyə cavab verdiyini nəql edərlər. Bu hadisədəki hədis, əslində imanı əməldən ayıranların əksinə dəlildir. Çünki bu gənc səhabi imanının əlaməti olan əməllərin ən böyüyünü yerinə yetirdi, yəni imanın gərəyini yerinə yetirmək surətilə cihad etdi.

Təəssüflə qeyd edim ki, Peyğəmbərimiz və səhabə dövründən sonra yavaş-yavaş müsəlmanların din anlayışı, kitab əhlinin din anlayışına bənzəmişdir. Necəki, yəhudilər özlərinin Allahın seçkin bəndələri olduqları üçün cənnətə girəcəklərini, xristiyanlar da vəftiz olmaqla, günahlarını İsa (a.s.) ya yükləyib cənnətə girəcəklərini, özləri kimi düşünməyənlərin də cəhənnəmə gedəcəklərini düşünürlərsə, müsəlmanlar da “la ilahə illəllah” kəliməsini sözlə ifadə etməklə cənnətə girəcəklərini və özləri kimi düşünməyənlərin də cəhənnəmə gedəcəklərini düşünürlər.

Bu baxış tərzi, Allahın imtahanından boyun qaçıranların baxış tərzidir. Necəki yəhudi və xristianlar dini boyunduruqdan özlərini kənarlaşdırmaq üçün batıl əqidələrə sarıldılarsa, Quranın mühakəməsindən qaçan müsəlmanlar da onların əqidələrinə bənzər iddialara sarıldılar. Məsələn, “ölüm anında la ilahə illəllah”– demək, “müəyyən günlərdə bəzi ibadət və ritualları yerinə yetirmək,” “ziyarətlərə,” “şəfaətlərə” yönəlmək və sairə. Xalqın əksəriyyəti müsəlman olmağı iki şeydə görürlər: 1 Sünnətdə. 2. Şəhadətdə.

Sünnət, körpə yaşlarında müsəlmanlığının başlanğıcı, Şəhadət də ölüm ayağında müsəlmanlığının son vəfası olmuş olur. Bu anlayışda olanlar üçün; Quran nazil olmuş, baxıb-baxmamaq mühüm deyil… İman son nəfəsdə ya gəlirmiş ya gedərmiş… İş bundan ibarətmiş…

Rəbbini ölüm ayağına həps edənlər, Onu həyatlarına qoya bilməzlər. Bir ümmət ağlı istehfaya göndərərsə, təqlidə sarılır. Artıq Allahın kitabına, Peyğəmbərinə görə deyil, özlərinə görə bir baxış tərzi formalaşdırırlar.

”La ilahə illəllah” dinini, sadəcə la ilahə illəllah deməyə çevirdilər. Bu kəliməni Qurandan ayırdılar, sonra onu öldürdülər, məzarı insanların qəlblərindədir.

“La ilahə illəllah”– İslama girişdir. Bunu deyən məsuliyyət alır. Əgər bu kəliməni dedikdən sonra da əqidə və əməldə eyni şeyləri təkrarlayırsa, dediyi söz keçici bir kəlimədən ibarət olur.

Vaxtı ilə biri gəlib “mənim atam müsəlman oldu, çünki can üstündə ikən bülbül kimi “lə ilahə illəllah”- deyirdi… öldü,”- dedi. Məncə belə birindən müsəlman deyil, bülbül olsaydı daha yaxşı olardı. Muhakiməsi zəif insanlar, kütləvi şəkildə Allaha kəf gəlməyə çalışırlar. Ancaq bu gediş, belə insanları kütləvi cəhənnəmə aparır.

Bir vaizin dediyi kimi, “Siz Allahın dinini, Quranı ailənizə qoymayacaqsınız, işinizə, aşınıza, içinizə qoymayacaqsınız, ancaq meyyitinizə qoyacaqsınız.” Heç kim yaradanını qandıra bilməz. İslam aləmi kitabını həyatına yerləşdirmədən, rəsulunu nümunə almadan, çalışıb-çabalamadan, imtahan olunmadan, rahat, uydurma yollarla dünyanı, cənnəti qazanmaq üçün boş ümidlər bəsləməsin.

Müəllif: Aydın Mülayim.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidirMüsəlmanlar © 2004 Bütün hüquqları qorunur.